Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9177/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3256/2021 saylı 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 03.07.2019-cu il tarixli müqavilə üzrə, GoPro Hero fotoaparat üçün 920 manat ödənilməmiş hissə, 92 manat cərimə borcu, ümumilikdə 1012 manat borc, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3256/2021 saylı 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh 12 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materillarından göründüyü kimi Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci tarixli qətnaməsi poçt vasitəsilə Cavabdeh (qeydiyyatda olduğu) ünvanına 25.05.2021-ci il tarixdə göndərilmiş və 07 iyun 2021-ci il tarixdə həmin ünvanda qəbul olunmuşdur. Sonradan Cavabdeh ərizəsi əsasında 27 iyul 2021-ci il tarixdə qətnamə təkrarən təhvil alınmışdır. MPM-ə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.3). Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər (396.1.). Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan mülki prosessual qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Yasamal Rayon Məhkəməsinin 24 may 2021-ci tarixli qətnaməsi Cavabdeh 07 iyun 2021-ci il tarixdə rəsmi qaydada verildiyindən həmin qətnamədən tərəfin şikayət vermə müddəti də həmin tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Qeyd olunanlara baxmayaraq Cavabdeh 12.08.2021-ci il tarixdə qətnamədən verdiyi şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Ona görə də qərardaddan apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3256/2021 saylı 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9177/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9177/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver