Məhkəmə qərarları › İş №2(103)-9179/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9179/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9179/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1565/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı – cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 1787,7 manatın və 235,88 manat sayğacın dəyərinə görə tələb olunan borc məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə ünvanında fərdi yaşayış evində yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə ünvanında fərdi yaşayış evinə dair “Azəriqaz” İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilinə Smart tipli “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçının evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya bildiriblər ki, sayğacı işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 1787,7 manat borc yazılıb və iddiaçı bu pulu ödəməlidir. Bundan əlavə sayğacın dəyəri 235,88 manatı da ödəməli olduğunu bildirmişlər. İddiaçının evində quraşdrılan qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac evin hasarından çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. “Azəriqaz” İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır.. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1565/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə ünvanı (Abonent kodu: **********00012) üzrə İddiaçı itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1787,7 (min yeddi yüz səksən yeddi manat yetmiş qəpik) manat, sayğacın dəyərinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi, 300 (üç yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin “Azəriqaz” İstehsalat Birliyindən alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq ümumilikdə 1787.70 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1565/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan itirilmiş qazın hesablanması barədə 01.04.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı 01.04.2020-ci tarixli akta əsasən cəmi 98 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə 30.01.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı 30.01.2020-ci tarixli akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə 01.04.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı, 01.04.2020-ci tarixli akta əsasən təbii qazdan sayğacdan kənar və qeyri qanunu istifadə olunur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə 30.01.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı, 30.01.2020-ci tarixli akta əsasən təbii qazdan sayğacdan kənar və qeyri qanunu istifadə olunur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00240 saylı abonent İddiaçı 1787,7 manat məbləğində qazdan istifadəyə görə cərimə borcu yazılmışdır. İş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin edilmiş və 04.05.2021-ci il tarixli 229 saylı rəydən görünür ki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə ünvanında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinə evin təmiri zamanı əvvəllər cəlb olunmuş ustalar tərəfindən müdaxilə faktı olub. Lakin əsas qaz xəttinin hansı hissəsindən olması barədə hər hansı bir məlumatın olmadığını bildirdi. Faktiki olaraq tədqiq olunan fərdi yaşayış evinə əsas qaz xəttindən yalnız qaz sayğacına 20 mm diametirdə metal borudan başqa hər hansı bir əlavə qaz xətti aşkar olunmadı. Əsas qaz xəttindən müdaxilə qaz xəttinin çəkilməsinə dair ekspertə təqdim edilmiş sənədlərdə həmin xəttin hansı dövrdə olmasına, hansı diametrdə xəttin çəkilməsinə, çəkilmiş qaz xəttində hansı təzyiqdə qazın keçməsinə, eləcə də fərdi yaşayış evində hansı istilik və ya digər qazla işləyən avadanlıqların istifadəsinə dair məlumat olmadığından “Azəriqaz” İB-nə vurulmuş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 3.1.4, 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.5 və 5.6-cı bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1565/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1565/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar