Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9181/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona hesablanmış 464 manat məbləğində borcun silinməsi, habelə onun abonent hesabından Birlik tərəfindən tutulmuş 22 manat məbləğində pulun Birlikdən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar yaşayış sahəsində (“Aqropromun bağları”) yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı həmin ünvanda “G4” markalı, 1302AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2019-cu ilin yanvar ayında Birliyin əməkdaşları əvvəlki sayğacı yenisi ilə əvəz etmiş və yoxlanılması məqsədi ilə əvvəlki sayğacı laboratoriyaya göndərmişlər. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh birlik tərəfindən onun abonent hesabından 22 manat məbləğində pul tutulmuşdur. Bununla bağlı iddiaçı cavabdeh Birliyə müraciət etdikdə Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, əvvəlki sayğaca müdaxilə olunduğu üçün o, ona itirilmiş qazın dəyəri olaraq 464 manat məbləğində hesablanmış borcu Birliyə ödəməlidir. İddiaçı hesab edir ki, Birliyin ondan qeyd edilən məbləğlərin ödənilməsini tələb etməsi əsassızdır. Çünki sayğac küçədə yerləşir və sayğaca kim tərəfindən müdaxilə olunması və müdaxilənin hansı formada baş verməsi iddiaçıya bəlli deyildir. İddiaçının özü və ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman məlum olmuşdur ki, sayğaca müdaxilə olunmuş, sayğacın çıxış plastmas borusu deşilmişdir. Belə olan halda qaz sayğacına istehlakçı (iddiaçı) tərəfindən bilərəkdən müdaxilə olunduğu öz təsdiqini tapmışdır. Bu növ müdaxilə nəticəsində istehlakçı tərəfindən dəyəri ödənilmədən təbii qazdan istifadə olunur. Bu səbəbdən də akt tərtib olunaraq itirilmiş qazın dəyəri müəyyən olunmuş və istehlakçının qaz hesabına 464 manat məbləğində borc yüklənmiş, bu səbəbdən iddiaçının hesabından 22 manat məbləğində pul da, tutulmuşdur. İstehlakçı qazdan istifadə qaydalarına zidd şəkildə təbii qazdan istifadə etdiyi üçün istifadə edilmiş təbii qazın və sayğacın dəyərini tam olaraq ödəməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının Departamentə etdiyi yazılı müraciət araşdırılmışdır. Araşdırma zamanı istifadədə olmuş əvvəlcədən ödənişli G-4 markalı 1302AQ**********2 nömrəli qaz sayğacının yeni G-4 markalı **********2 nömrəli qaz sayğacı ilə əvəzlənərək 12.02.2019-cu il tarixli 562855 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. Birliyin Qaz sayğacına nəzarət Komissiyasının 21.02.2019-cu il tarixli QSN 29/1710-00654/68 saylı aktından görünür ki, iddiaçıya məxsus ünvandan götürülmüş və laboratoriyaya göndərilmiş əvvəlki sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Birlik tərəfindən qəbul edilmiş qərardan və digər sənədlərdən görünür ki, aşkar edilmiş və yuxarıda qeyd edilən aktda əks olunmuş fakta görə iddiaçıya əlavə sərfiyyat olaraq 464 manat məbləğində borc hesablanmışdır. İddiaçının abonent hesabından 22 manat məbləğində pul tutulmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9181/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9181/2021
01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver