Məhkəmə qərarları › İş №2(103)-9188/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9188/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9188/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3245/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000 ABŞ dolları məbləğində pulun həmin dövrün 0.78 aze kursuna uyğun 27.300 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəldən tanıdığı Cavabdeh 2010-cu ilin aprel ayında iddiaçıya məxsus Nərimanov rayonu ərazisində yerləşən qeyriyaşayış sahəsini (mağaza) təmir edərək baha qiymətə satmasını təklif etmişdir. Cavabdeh Vaqif adlı tanışının vasitəsilə mağaza təmir olunaraq iddiaçı ilə Vaqif arasında həmin mağazanı 50.000 manata satmaq müqabilində Nərimanov rayonu ərazisində notariat qaydada alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı zamanı Cavabdeh Vaqifə borcu olduğu və mağazanın təmirinə xərclənən puldan 50.000 manatın çıxılacağı və qalan hissəsinin iddiaçıya veriləcəyi bildirilmişdir. İddiaçı Cavabdeh etibar etdiyi üçün bütün hesablamanı Hikmət aparmışdır və yekun olaraq Hikmətin iddiaçıya 40.000 ABŞ dolları borcu qalmışdır və o pulu hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Bir müddət sonra Hikmət iddiaçıya 5000 ABŞ dolları (o dövrün kursuna uyğun) 3900 manat verərək qalan qalan pulu da ara ara ödəyəciyini bildirmişdir. O, hər dəfə görüşərkən iddiaçıdan vaxt istəmiş, iddiaçı ona əlavə vaxt vermişdir. İddiaçı 2019-cu ildə rəsmi ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Onun şikayət ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3245/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3245/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən Bağırov Səttar Gülalı oğlu öz izahatında bildirdi ki, o, Sürəyya xanımın köhnə evində usta işləmişdir. O, həmin evdə işləyərkən Cavabdeh iddiaçının evinə gəlmiş, onlar arasında mağaza ilə bağlı mübahisə yaranmışdır. Onlar mağazanın satış qiymətini 80.000 ABŞ dolları məbləğində müəyyən etmişlər. İddiaçının cavabdehə 40.000 manat məbləğində borcu olmuşdur. Həmin puldan iddiaçı 40.000 ABŞ dolları borcunu cavabdehə ödəməli, qalan hissəsi isə iddiaçıya geri qaytarılmalı idi. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən Məhərrəmova Dostu Əmiraslan qızı öz izahatında bildirdi ki, onların iddiaçı ilə uşaqlıqları bir yerdə keçmişdir. Sürəyya xanımın cavabdehə borcu olmuşdur. Mağazanı Hikmət 80.000 dollara satmış, iddiaçının pulunu isə qaytarmamışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 40.000 ABŞ dolları məbləğində borcunun olmasına, ona məxsus mağazanı satılması üçün cavabdehə verməsinə, mağazanın satış qiymətinin 80.000 ABŞ dolları məbləğində müəyyən edilməsinə, həmin puldan iddiaçının borcu olan 40.000 ABŞ dollarının cavabdeh tərəfindən götürülməsinə, qalan hissəsinin isə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı olmasına istinad etmiş, cavabdeh tərəfindən pulun 5.000 ABŞ dollarını verdiyini, qalan 35.000 dolları isə qaytarmadığını bildirmişdir və cavabdehdən mağazanın satılması ilə bağlı ona çatmalı olan məbləğin ödənilməsini tələb etmişdir. İddiaçı eyni zamanda istinad etdiyi halların cavabdeh tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilmiş izahatlarla da təsdiq edildiyini bildirmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular göndərilərək həmin hallar araşdırılmış, lakin iddiaçının istinad etdiyi halın mövcudluğu aşkarlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. İddiaçı cavabdehin onun qarşısında 35.000 ABŞ dolları (27.300 manat) məbləğində pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı məhkəməyə şahidləri gətirmiş, şahidlərin ifadələri dinlənilmişdir. Lakin məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3245/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3245/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar