Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9191/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab olunması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin 84 saylı mənzili və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin, 63 saylı mənzili barəsində Cavabdeh1 tərəfindən bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab olunması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdehdən 27218.41 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməsi, mağaza avadanlıqları və onların hissələrinin isə cavabdehlə iddiaçı arasında bərabər şəkildə naturada bölünməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası məhkəmə qətnaməsinin icra olunması üçün 140207/9 saylı icra vərəqəsini Xətai rayon icra şöbəsinə göndərmişdir. 10 sentyabr 2020-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuşdur və tələbin könüllü icrası haqqında 10.09.2020-ci il tarixli, 140207/2020-1-35-9 saylı bildiriş cavabdehin və iddiaçının qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Qərar və tələbin könüllü icrası haqqında bildiriş əlavə olaraq 06.10.2020-ci il tarixində icra şöbəsinə çağırılaraq imza etdirilməklə, cavabdehə təqdim edilmişdir. Cavabdeh 16.10.2020-ci il tarixində icra tələbinin mağaza avadanlıqları və onların hissələrinə bütünlükdə yönəldilməsi, yerdə qalan hissəsi isə əmək haqqına yönəldilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-425/2020 saylı, 20.11.2020-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi rədd edilmişdir. Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli icra sənədi üzrə cavabdehin əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata baxılması 02.12.2020-ci il tarixində № 140207/2020-1- 35-9 saylı təqdimatla Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Təqdimatda “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 34, mənzil 84 və Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 310 saylı mənzillər müəyyən edilmişdir. Məhkəmə “Elektron icra” informasiya sistemindən çıxarışda cavabdehin adına müəyyən olunan Xətai rayon, Cavanşir küçəsi, ev 34, mənzil 84 saylı mənzili müəyyən etməmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışla cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, 310 saylı mənzil müəyyən edilmişdir və bu mənzil "xxxx" ASC-də girov qismində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-49/2021 saylı, 10.02.2021-ci il tarixli qərardadı ilə cavabdehə məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı təmin etməmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi 10.02.2021-ci il tarixində № 17/71-140207/9 saylı məktubla Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli 16.12.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar cavabdehin mülkiyyətində daşınmaz əmlakın olubolmaması barədə sorğu vermiş, Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə verdiyi 26.02.2021-ci il tarixli, **********82 saylı arayışında qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, ev 34, 84 saylı mənzilin 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 07.10.2020-ci il tarixli, 4Ə-593 reyestr nömrəli cavabdehlə Cavabdeh3 arasında imzalanmış əmlakın bağışlanması müqaviləsinə əsasən daşınmaz 09.10.2020-ci il tarixində sonuncunun adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 34, 63 saylı mənzilin 1/4 hissəsi Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 05.10.2020-ci il tarixli, 2V-176 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməyə əsasən 29.12.2020-ci il tarixində cavabdehin adına qeydiyyatdan keçmiş, lakin sözügedən mənzil Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 22.01.2021-ci il tarixli, 4Ə-66 reyestr nömrəli cavabdehlə X1 arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sonuncunun adına özgəninkiləşdirilmişdir. Yuxarıda göstərilən sənədləşmələrin tarixinə baxıldıqda cavabdehin Xətai rayon icra şöbəsində bildirişi 06.10.2020-ci il tarixində imza edərək götürdükdən sonra məhkəmə qərarını könüllü surətdə icra etməkdən yayınaraq, bilərəkdən adına olan Xətai rayonu, Cavanşir küçəsi, ev 34, mənzil 84 saylı daşınmaz əmlakını 09.10.2020-ci il tarixində Cavabdeh3 adına özgəninkiləşdirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və məhkəmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 27218,41 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməlidir. İcra vərəqinin icra edilməsinin təmin olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin 84 saylı mənzili və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin, 63 saylı mənzili barəsində bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab olunması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, Cavabdeh1 məhz icra sənədinin icrasından yayınmaq üçün həmin mənzilləri yaxın qohumlarına bağışlamışdır. Məhkəmə iclaslarında Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil bildirdilər ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 27218,41 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh həmin pul vəsaitinin ödənilməsindən imtina etmir, əksinə o, özünə məxsus olan bağ evində saxlanılan 40.000 manat dəyərində uşaq geyimləri və uşaq mebellərinin hərraca çıxarılaraq satılması və əldə olunmuş vəsaitdən iddiaçının borcunun ödənilməsini icra məmurlarına təklif etmişdir. İddiaçının təkidi ilə icra məmurları bu təklifdən imtina etdikdə, o Xətai rayon məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 573/2021 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2021-ci il tarixli qərardadı ilə Borclu Cavabdeh1 şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri və uşaq mebel avadanlıqlarının qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilmişdir. Onlar hesab edirlər ki, uşaq geyimləri və mebellərin satışı nəticəsində əldə olunan pul vəsaiti İddiaçı olan 27.218 manat borcun ödənilməsi üçün kifayət edəcəkdir. Ona görə də Cavabdeh1 iradə ifadəsi əsasında bağışladığı mənzillərlə bağlı bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə heç bir ehtiyac yoxdur. Həm də həmin müqavilələr sərbəst iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır və qanunvericilikdə bu cür müqavilələrin ləğv olunmasının etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin 84 saylı mənzili və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 34 saylı evin, 63 saylı mənzilləri Cavabdeh3 və Cavabdeh2 Şəmil qızına bağışlanması barədə müqavilələrin tarixlərinə nəzər saldıqda müəyyən edilir ki, həmin mənzillər məhz icra işi üzrə icraata başlanıldıqdan və Cavabdeh1 bu barədə məlumat verildikdən sonra həyata keçirilmişdir. Bu da onun özünə olan borcunun daşınmaz əmlaklara yönəldilməsinin qarşısını almaq məqsədi daşımışdır. Qeyd olunanlar isə onun mənafeyini əhəmiyyətli dərəcədə pozur. İddiaçı apellyasiya şikayətində həmçinin məhkəmə qətnaməsinin icrası zəruriliyi ilə maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarında qeyd olunanlara istinad etmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətində istinad etdiyi maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrası zəruriliyi ilə bağlı qeyd olunanları vacib hesab edir və qeyd edir ki, hər bir məhkəmə aktı icra edilməli, həm də vaxtında icra edilməlidir. Məhkəmə aktlarının icrası özündə hər kəsin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil etdiyinə görə məhkəmə qətnaməsinin icra olunmaması eyni zamanda həmin hüququn pozulmasına dəlalət edir. Bununla belə məhkəmə qətnamələrinin icrası zamanı borclunun borc əvəzinə ödəmək niyyətində olan əmlaklarına borcun yönəldilməsi də nəzərə alınmalı və əgər borclunun könüllü şəkildə təqdim etdiyi əmlak borcun ödənilməsini təmin edirsə, borc ilk növbədə həmin əmlakların hesabına ödənilməlidir. Mülki işin materialları ilə müəyyən ediılir ki, borclu Cavabdeh1 icra məmurunun hərəkətsizliyindən şikayətlə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli icra sənədi əsasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icraatında olan icraişi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri, uşaq mebel avadanlıqları və digər əşyaların qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, onun ərizəsi təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-573/2021 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2021-ci il tarixli qərardadı ilə Borclu Cavabdeh1 şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13189/2019 nömrəli, 16.12.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən bağ evində saxlanılan uşaq geyimləri və uşaq mebel avadanlıqlarının qiymətləndirilərək hərraca çıxarılması və satılaraq icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan borca yönəldilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 8(103)-524/21 saylı, 11 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-573/2021 saylı mülki iş üzrə qəbul etdiyi 11 avqust 2021-ci il tarixli qərardad dəyiişdirilmədən saxlanılmışdır. Həmin qərardad ilə Cavabdeh1 mülkiyyətində olan təxminən 40.000 manat dəyərində əmlakını hərraca çıxararaq borcun ödənilməsinə yönəldilməsi öz təsdiqini tapmışdır. Qeyd olunanlardan əlavə birinci instansiya məhkəməsi həmin iş üzrə İddiaçı Safalan oğlunun iddia tələbini rədd edərkən maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, “cavabdeh özgənikiləşrilən əmlakların mülkiyyətçisidir və mülkiyyətçi olaraq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi konstitusiyon hüququ vardır (AR Konstitusiyasının 29cu maddəsinin İİİ hissəsi). Həmçinin, Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmişdi ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin faktiki hallarından da, göründüyü kimi, cavabdeh ona məxsus daşınmaz əmlakları qanunvericiliyə uyğun olaraq özgəninkiləşdirməklə konstitusiyon hüququndan istifadə etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, cavabdehin özünə məxsus daşınmaz əmlaklarını özgəninkiləşdirilməsinin onun hansı hüquqlarını pozmasını iddia ərizəsində əsaslandıra bilməmişdir”. Məhkəmə kolegiyası mübahisəli hüquq münasibətinə tətbiq olunan maddi hüquq normaları ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3690/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9191/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9191/2021
11.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver