Məhkəmə qərarları › İş №2(103)-92/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-92/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-92/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair 2(001)-237/2018 saylı mülki iş üzrə ünvan 1əsinin 29 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 14 noyabr 2007-ci il tarixli 2362/1 saylı sərəncamı ilə X6 Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində 250 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır.

2. X8 həmin torpaq sahəsinə dair sərəncam verməyə Cavabdeh 05 fevral 2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir.

3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2012-ci il tarixli 2inz(81)- 2643/2012 saylı qərarı ilə Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılması haqqında 14 noyabr 2004-cü il tarixli 2632 saylı sərəncamı etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "X10” Şirkəti Cavabdeh qarşı 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılaraq cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq "X10” Şirkətinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililər inşa edilmişdir. Həmin tikililər neft quyularının təhlükəsizliyinə dair tələbləri pozduğuna görə sökülməlidir.

6. ünvan 1əsinin 2(001)-237/2018 saylı mülki iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Şeyda Məhərrəmova)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililər inşa olunduğundan, həmin tikililər cavabdehin hesabına sökülməli, ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həmin ərazini etibarnamə ilə almış, torpaq sahəsinin neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşdiyini bildikdən sonra torpaq sahəsini geri qaytarmışdır. O həmin torpaq sahəsində heç bir tikili inşa etməmiş və orada yaşamamışdır. Məhkəmə işin hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı "X10” Şirkəti apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(103)-11379/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə ünvan 1əsi tərəfindən qəbul edilmiş 29 may 2018-ci il tarixli qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. (hakimlər Məmməd Məmmədov, Xəyal Sarıyev, Elşad Şamayev)

Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. İddiaçı Şirkəti iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(102)-3772/2019 saylı qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(103)-11379/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(103)-10304/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə ünvan 1əsi tərəfindən qəbul edilmiş 29 may 2018-ci il tarixli qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. (hakimlər Azad İmanov, İsmayıl Xəlilov, Vahid Sadıqov)

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli 2(102)-800/2020 saylı qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(103)- 10304/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər Elşanə Vəliyeva, Qürbət Əsgərov, Ələsgər Əliyev)

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Kamil Hacıyev birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kamil Hacıyev izahatında bildirdi ki, hal-hazırda həmin evdə Cavabdeh yaşayır. Bu iş üzrə əvvəllər məhkəmə baxışı zamanı Cavabdeh iddia tələbindən yayınmaq məqsədilə həmin evin qohumu X3 məxsus olduğunu bildirdiyinə görə İddiaçı Şirkəti Məlik Şahnəzərova qarşı eyni iddianı qaldırmış və iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, lakin həmin evdə hal-hazırda Cavabdeh yaşaması müəyyən edildiyindən, Şirkət 15 dekabr 2022-ci il tarixdə ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək icra vərəqəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə də xahiş edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılsın.

18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda sökülməsi tələb olunan evdə o yaşayır. Şirkət ondan başqa həmin evin sökülməsi və evin boşaldılması barədə X3 qarşı məhkəmədə iddia qaldırmış, Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Buna görə də şikayətin təmin olunub qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2 Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab olunur.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

22. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 10/5840 saylı rəyinə əsasən, sökülməsi tələb olunan tikili 1 saylı mədənin 3-cü sahəsində yerləşən 130259 və 130284 saylı neft quyularının mühafizə zolağında yerləşir.

23. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, göstərilən ünvanda Cavabdeh yaşayır.

24. ünvan 1əsinin 02 mart 2021-ci il tarixli 2(001)778/2021 saylı qətnaməsinə əsasən, iddiaçı "X10” Şirkətinin cavabdeh X3 qarşı iddiası təmin olunaraq cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq "X10” Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir.

25. Tələbkar "X10” Şirkəti 15 dekabr 2022-ci il tarixdə ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək X2 qanunsuz tikilidən çıxarılması və tikilinin sökülməsi barədə icra vərəqəsinin geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun 15 dekabr 2022-ci il tarixli qərarı ilə icra sənədi Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır.

26. İddiaçının nümayəndəsinin izahatından görünür ki, "X10” Şirkətinin X3 və Cavabdeh qarşı qaldırdığı iddialar üzrə sökülməsi tələb olunan tikili eyni evdir.

27. Hal-hazırda "X10” Şirkətinin X3 qarşı qanunsuz tikilinin sökülməsi və tikilidən çıxarılma tələbinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

28. Beləliklə, "X10” Şirkəti həmin evin sökülməsi barədə Cavabdeh qarşı qaldırdığı iddiadan faktiki olaraq imtina etmiş və hazırkı iş üzrə məhkəmə araşdırmasının tamamlanmasını gözləmədən iddianı Məlik Şahnəzərova qarşı yönəltmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. ünvan 1əsinin 2(001)-237/2018 saylı mülki iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin neft xəttinin təhlükəsizlik zolağı və şirkətin ərazi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar