Məhkəmə qərarları › İş №2(103)-92/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-92/2025

17.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-92/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Celt Colleges ingilis dili hazırlıq Mərkəzi, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı mənzilin ilkin vəziyyətinə qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsinin ilkin vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı mənzilin ilkin vəziyyətinə qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2(005)-109/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 18 fevral 2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı nümayəndəsi vəkili Vəkil tərəfindən ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, M.K.Atatürk prospekti 5 nömrəli binanın mənzillərin yenidənqurulmasına və yenidən planlaşdırılmasına dair Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam verilməmişdir.

2. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 28 dekabr 2018-ci il tarixli məktubundan görünür ki, araşdırma nəticəsində müraciətin qismən öz təsdiqini tapmasını, binanın 1-ci mərtəbəsindəki 32 nömrəli mənzildə və binaya bitişik irihəcimli artırma tikilisinin daxilində rekonstruksiya işlərinin aparıldığını, çoxsaylı arakəsmələrin quraşdırıldığını, individual tərzdə şagirdlərin məşğul olması üçün kabinaların təşkil olunduğunu, obyekt rəhbərliyinə şifahi xəbərdar edilməyinə baxmayaraq aparılmış əlavə inşaat işlərinə və təşkil olunmuş fəaliyytə dair icazə verici sənədlərin təqdim olunmamasını, ikinci mərtəbədə onunla üzbə-üz yerləşən digər mənzildə də həmin kursların istirahət və köməkçi otaqlarının təşkil olunduğunu, artırma işlərinin aparıldığını və dövlət layihəsi üzrə nəzərdə tutulan eyvanın məhəccərlərinin söküldüyü qeyd edilmişdir.

3. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov Rayon MKTB tərəfindən verilmiş arayışdan görünür ki, M.K.Atatürk prospekti 5 nömrəli evin 32 nömrəli mənzilində Cavabdeh3 qeydiyyatdadır.

4. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov Rayon MKTB tərəfindən verilmiş arayışdan görünür ki, M.K.Atatürk prospekti, 5 nömrəli evin, 35 nömrəli mənzilində Cavabdeh2 qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh2 mülkiyyətindədir

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən əmlak Cavabdeh3 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında cavabdeh tərəfindən istifadə edilən mənzillərin əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 ünvanında 32 nömrəli mənzilə əlavə edilmiş 100 kv.metr qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmşdır ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Cavabdeh1 “Gənclik” filiallını yaratmaq üçün, yaşadığları binanın birinci mərtəbəsində iki otaqlı mənzili və ona əlavə edilmiş 100 kv.m-dən ibarət tikilini, ikinci mərtəbədə ona məxsus olan mənzillə üzbəüz olan iki otaqlı mənzili almışdır. Cavabdeh aldığı mənzillərin arakəsmə divarlarını sökdürmüş, mənzillərdə şüşə materiallar quraşdırılaraq arakəsmə kimi istifadə edilmiş və ikinci mərtəbədə ona məxsus olan eyvana bitişik qanunsuz tikilinin üzərində taxta məhəccərlərdən istifadə etmişdir. Yaşadıqları bina istismar müddəti başa çatmış “xruşovka” layihəli mənzillərdir. Üst-üstə iki otaqlı mənzillərin daxili divarlarının sökülərək əsas divarlarına təsir edərək, binanın daha da yararsız vəziyyətə düşməməsinə səbəb olmaya bilməz. Bu günə qədər o və digər qonşular demək olar ki, təhlükə altında yaşamaqdadır. Dəfələrlə o və digər qonşular tərəfindən cavabdehə mənzilləri əvvəlki vəziyyətinə gətirməsini, birinci mərtəbə olan mənzilə əlavə edilmiş qanunsuz tikilinin sökülməsini və ümumi istifadədə olan girişdən tədris üçün istifadə etməməsini bildirsə də, cavabdeh təkliflərinə məhəl qoymadan arakəsmələri bərpa etməmiş, qanunsuz tikilini sökməmiş və ümumi girişdən istifadə etməyə davam etmişdir. Ümumi istifadədə olan giriş yaşayış sahəsində yaşayan şəxslərin istifadəsi üçün nəzərdə tutulub, lakin cavabdeh isə həmin girişdən qeyri-yaşayış sahəsinə şagirdlərin girişi üçün istifadə edir. Bu da onların qanunla qorunan mənzil hüququnu pozur. Çünki təhsil alan şagirdlər həm blokda, həm də ki, birinci və ikinci mərtəbənin dəhlizinə yığışırlar. Bu da sakinlərin hərəkətinə maneəçilik törədir. Artıq yaşadığı mənzildə çatlar əmələ gəlmişdir. Bundan başqa cavabdeh tərəfindən mənzilinin eyvanına bitişik qanunsuz tikilinin üst tərəfində cavabdeh tərəfindən bir metr hündürlüyündə inşa edilmiş taxta məhəccərlə yanğın olduğu halda mənzilin yanması qaçınılmazdır. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış 28 dekabr 2018-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində müraciətin qismən öz təsdiqini tapmasını, binanın 1-ci mərtəbəsindəki 32 saylı mənzildə və binaya bitişik irihəcimli artırma tikilisinin daxilində rekanstruksiya işlərinin aparıldığını, çoxsaylı arakəsmələrin quraşdırıldığını, individual tərzdə şagirdlərin məşğul olması üçün kabinaların təşkil olunduğunu, obyekt rəhbərliyinə şifahi xəbərdar edilməyinə baxmayaraq aparılmış əlavə inşaat işlərinə və təşkil olunmuş fəaliyyətə dair icazə verici sənədlərin təqdim olunmamasını, ikinci mərtəbədə onunla üzbəüz yerləşən digər mənzildə də həmin kursların istirahət və köməkçi otaqlarının təşkil olunduğunu, artırma işlərinin aparıldığını və dölət layihəsi üzrə nəzərdə tutlan eyvanın məhəccərlərinin söküldüyü qeyd edilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti 2018-ci ildə ona ünvanladığı məktubda cavabdeh tərəfindən aşkar edilmiş qanunsuzluqları qeyd etməsinə və özü tərəfindən həmin halların şahidi olmasına baxmayaraq, bu günə qədər həmin halların aradan qaldırılmasına dair hər-hansı bir tədbir görülməmişdir.

9. Cavabdeh3 Məhəmməd oğlu və Cavabdeh2 ayrıayrılıqda məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, əvvəla iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mülkiyyətində olan mənzilin daxilində və xaricində apardığı müvafiq işlər, həmçinin mülkiyyətində olan mənzil üzərində istədiyi kimi sərəncam verməsi nə iddiaçı, nə də digər sakinlər üçün heç bir təhlükə yaratmır və iddiaçının heç bir hüququnu pozmur. Bu iş materiallarında olan ekspert rəyi ilə də öz təsdiqini tapır. Buna görə də iddiaçının ümumiyyətlə belə bir iddia qaldıraraq üzərinə hər hansı bir vəzifənin qoyulmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8109 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ mühəndisinin 30 sentyabr 2022-ci il tarixli, mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ev 5-də 32 və 35 nömrəli mənzillərin qeydə alınmış texniki ölçüləri hazırkı faktiki ölçülərindən cüzi surətdə fərqlənir. 35 nömrəli mənzil üzrə: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 40,6 kv.m., faktiki isə 40,99 kv.metrdir. 32 nömrəli mənzil üzrə: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 113,0 kv.metrdir 2-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti ev 5-də 32 və 35 nömrəli mənzillərdə rəsmi dövlət qeydiyyatına alınmış tikilidən başqa tikili inşa edilmişdir. Bu səbəbdən də qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır. 3-ci sual üzrə: Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti ev 5-də 32 və 35 nömrəli mənzillər üzrə rəsmi sənədlər üzrə adına dövlət qeydiyyatından keçmiş sahənin plan və ölçülərdə (cizgilərdə) əks olunmuş sərhədlərdən kənara çıxmalar mövcud deyil, lakin sərhədlər daxilində dəyişikliklər aparılmışdır. 35 nömrəli mənzil üzrə: Sanitar qovşağı, əl-üz yuyan, vanna, qaz plitəsi, qab yuyan sökülmüş və mənzilin təyinatının dəyişdirilməsi ehtimal olunur. Arakəsmə divarlar sökülmüş və şüşə materialından olan arakəsmələrlə əvəz edilmişdir. 32 nömrəli mənzil üzrə: Texniki Pasportda 3 nömrəli otağın dəhlizə bitişik arakəsmə divarında 0,9 + 2,0 m ölçüdə əlavə olaraq qapı boşluğu açılmışdır. 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə" DBLKTİ mühəndisinin 30 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Tədqiq olunan mənzillərin ölçülər daxilində kənara çıxma (müdaxilə) mövcud olmadığı üçün Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk prospekti ev 5-də 34 nömrəli mənzil üçün heç bir real təhlükə mənbəyi yoxdur. 11.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2(005)- 109/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, iş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçının mənafelərinə toxunub-toxunmadığıdır. Məhkəmə hesab edir ki, verilmiş hər iddia üzrə iddiaçının «cavabdeh tərəfindən birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyriyaşayış kimi istifadə edilməsinə qadağa qoyulması» barədə tələbi isə subyektiv hüquqa malik olmadığından rədd olunmalıdır. İlk öncə, bu barədə tələb irəli sürmək hüququ müvafiq dövlət orqanlarına məxsusdur. Digər tərəfdən isə, mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinin iddiaçının hansı hüquq və mənafelərinə toxunmasını sübut edə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 165-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

15. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən ekspertiza təyin edilimiş və ekspertiza Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəsisi ilə birgə aparılmışdır. Ekspertiza zamanı Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ mühəndisinin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyində qeyd etmişdir ki, 32 saylı mənzilin binaya bitişik əlavə artırma hissəsindəki sahə yığma dəmirbeton panellərlə örtülmüş, örtük konstruksiya yükdaşıyan elementi olan monolit dəmirbeton rigellər inşa olunarkən vibrasiya işlərinin keyfiyyətsiz yerinə yetirilməsini, rigerlərin səthində boşluqların yaranmasını, bəzi yerlərdə mühafizə qatlarının qalınlığının normadan az və ya tamamilə olmamağını, işlək armaturların korroziyaya məruz qalmasını və bu halların gələcəkdə binanın dayanıqlığının zəifləməsi nəticəsində arzuolunmaz halların baş verməsini qeyd etmişdir. Bundan başqa iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlarda da cavabdehlərə məxsus olan mənzillərin daxilində aparılmış dəyişikliklər və arakəsmələrin sökülməsi öz təsdiqini tapmışdır. Baş verəcək zəlzələ və ya başqa hal nəticəsində binanın uçması maddi ziyan dəyməsindən başqa mənəvi ziyan da vurması ilə nəticələnəcək. Bundan başqa mənzillərin əvvəlki vəziyyətinə gətirilməsi tələbimdə, yəni cavabdehlərə məxsus olan mənzillərdə tədris işlərinin aparılması, həmin mənzillərə kütləvi olaraq hər an şagirdlərin mərtəbələrdə və otaqlarda səs küyləri bir yaşlı insan olaraq mənim narahatçılıqlarıma səbəb olur. Məhkəmə isə bu halları nəzərə almayara qanunsuz olaraq mənim subyektiv hüququmun olmaması qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmə işin tam və obyektiv araşdırılması üçün ekspertin verdiyi rəylə kifayətlənməməli, özü tərəfindən yerli baxış təyin etməli idi və real mənzrəni görməli idi. Lakin məhkəmə işin real vəziyyətini nəzərdən qaçırmaq niyyətində olmuş və ekspertin verdiyi rəylə kifayətlənmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mülkiyyətimdə olan mənzilin daxilində və ona bitişik sahədə apardığım müvafiq işlər və göstərdiyim xidmət nə iddiaçı nə də digər sakinlər üçün heç bir təhlükə yaratmır və iddiaçının heç bir hüququnu pozmur. Bu iş materiallarında olan mütəxəsis və ekspert rəyi ilə də öz təsdiqini tapır. İddiaçının apellyasiya şikayətində mülkiyyətində olan mənzilin daxilində apardığı müvafiq işlər və göstərdiyim xidmətin iddiaçı nə də digər sakinlər üçün təhlükə yaratması və onun hüquqlarını pozmasına istinad etməsi də tamamilə əsassızdır. Belə ki, məhkəmənin təşəbbüsü əsasında keçirilmiş ekspertiza nəticəsində verilmiş mütəxəsis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənim mülkiyyətimdə olan mənzilin daxilində apardığım müvafiq işlər iddiaçının mənzili üçün heç bir real təhlükə törətmir. İddiaçı apellyasiya şikayətində bir neçə bölmədə mülkiyyətimdə olan mənzildə olan əlavə tikiliyə dair mütəxəsis və ekspert rəyində göstərilmiş məsələlər və buna dair verilmiş məsləhətə toxunsa da bu halın onun hansı hüquqlarına toxunması barədə məlumat verməmişdir. Ümumiyyətlə göründüyü kimi apellyasiya şikayəti tam formal xarakter daşıyıb sadəcə şikayət vermək xatirinə tərtib edilmişdir. Belə ki, apellyasiya şikayəti əsaslandırılmamışdır və heç bir hüquqi əsası olmayan söz yığınından ibarətdir. Apellyasiya şikayətinin bir çox bölmələri həmin bölməyə aidiyyatı olmayan eyni cümlələrlə doldurulmuşdur və əsaslandırılmamışdır. Apellyasiya şikayətində məhkəmənin konkret olaraq hansı maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməməsi və ya pozmasını müəyyən etmək mümkün deyil. Appelyasiya şikayətindən də iddiaçının qanunla qorunan hansı hüquqlarının və azadlıqlarının pozulması aydın deyil. Ümumiyyətlə iddiaçı hansı hüquqlarının və azadlıqlarının pozulmasını heç özü də bilmir. Çünki iddiaçının heç bir hüququ pozulmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

18. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 3-16-16/2-10/1739 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5 saylı evin 32 saylı mənzilin faktiki ümumi sahəsinin həmin mənzilə dair Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012ci il tarixli, RX-0082723 saylı Çıxarışda göstərilən 113.0 kv.metr sahəyə uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayon 5, 32 və 35 saylı mənzillərində arakəsmə divarların sökülməsi və şüşə materialdan olan arakəsmələrlə əvəz olunmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5, 32 və 35 saylı mənzillərində arakəsmə divarların sökülməsi və şüşə materialdan olan arakəsmələrlə əvəz olunmasının yuxarı mərtəbələrdə yerləşən mənzillər və ümumilikdə binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından təhlükə yaradıb-yaratmaması, konstruksiya sahəsi üzrə mütəxəssislər (konstruktor) tərəfindən müayinə və xüsusi hesablamalar aparıldıqdan sonra müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyİ Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə" DBLKTİ mühəndisinin 30 sentyabr 2022-cİ il tarixli, mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Bütün bunlarla yanaşı qeyd etmək istəyirəm ki, 32 nömrəli mənzilin binaya bitişik əlavə artırma hissəsindəki sahə yığma dəmir-beton boşluqlu panellərlə örtülmüşdür. Örtük konstruksiyasının yükdaşıyan elementi olan monolit dəmir-beton rigellər inşa olunarkən, vibrasiya işləri keyfiyyətsiz yerinə yetirildiyindən, rigellərin səthində boşluqlar yaranmış, bəzi yerlərdə mühafizə qatının qalınlığı normadan az və ya tamamilə olmadığından, işlək aramaturlar korroziyaya məruz qalmışdır ki, bu da gələcəkdə binanın dayanıqlığının zəifləməsi nəticəsində arzuolunmaz halların baş verməsinə səbəb ola bilər. Binaya bitişik əlavə artırılmış sahənin örtük konstruksiyasında instrumental müayinə işləri aparmaqla, bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə ehtiyac vardır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5, 32 saylı mənzilin binaya bitişik əlavə artırma hissəsindəki sahənin binanın arxa hissəsində yerləşdiyindən, həmin hissənin mövcudluğunun binanın ümumi istifadəsində olan giriş hissəsindən giriş - çıxışı məhdudlaşdırmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 5 saylı evin 34 saylı mənzilin konstruktiv edlementləri üzərində hər hansı çat aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir: - mənzillərin əvvəlki vəziyyətinə qaytarılması, - 32 nömrəli mənzilə əlavə edilmiş 100 kv.metr qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, - cavabdeh tərəfindən birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyriyaşayış kimi istifadə edilməsinə qadağa qoyulması.

26. Məhkəmə kollegiyası tələbin 2 və 3-cü hissələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyə əsasən hazırkı vəziyyətdə ilkin olaraq araşdırılmalı məsələ iddiaçının subyektiv hüququnun olub – olmaması, mövcuddursa, bu hüququn cavabdeh tərəfindən pozulub – pozulmamasıdır.

27. 32 nömrəli mənzilə əlavə edilmiş 100 kv.metr qanunsuz tikilinin inşa edilməsi, birinci və ikinci mərtəbədə yerləşən mənzillərdən qeyri-yaşayış kimi istifadə edilməsinin iddiaçının hüquqlarını hər hansı formada məhdudlaşdırması işin halları ilə təsdiqini tapmır.

28. Tələbin 1-ci hissəsi - mənzillərin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsaslandığı hallardan biri mənzillərin daxili divarlarının sökülərək şüşə arakəsmələrlə əvəz olunmasıdır. Qeyd olunan xüsusat işin mübahisələndirilməyən halıdır. Belə ki, bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələnlirilmir, məhkəmə tərəfindən daşınmaz əmlakın yerində müayinəsi aparılarkən bu halın mövcudluğu təsdiqini tapmışdır. İddiaçı üst mərtəbədə yaşayır və ona istinad edir ki, istinad divarlarının sökülərək şüşə arakəsmələrlə əvəz olunması ümumilikdə binanın dayanıqlığını zəiflədir. İstnad olunan fakt təsdiqini tapdığı təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququ dfhlsh.

29. Həmin halla bağlı apellyasiya instansiyası məhkəməsində təyin olunmuş ekspertizanın rəyində qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayon 5, 32 və 35 saylı mənzillərində arakəsmə divarların sökülməsi və şüşə materialdan olan arakəsmələrlə əvəz olunmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5, 32 və 35 saylı mənzillərində arakəsmə divarların sökülməsi və şüşə materialdan olan arakəsmələrlə əvəz olunmasının yuxarı mərtəbələrdə yerləşən mənzillər və ümumilikdə binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından təhlükə yaradıb-yaratmaması, konstruksiya sahəsi üzrə mütəxəssislər (konstruktor) tərəfindən müayinə və xüsusi hesablamalar aparıldıqdan sonra müəyyənləşdirilə bilər.

30. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Ekspert rəyində arakəsmə divarların sökülməsi və şüşə materialdan olan arakəsmələrlə əvəz olunmasının yuxarı mərtəbələrdə yerləşən mənzillər və ümumilikdə binanın dayanıqlığı (binanın dayanıqlığının zəifləməsi) baxımından təhlükə yaradıbyaratmaması, konstruksiya sahəsi üzrə mütəxəssislər (konstruktor) tərəfindən müayinə və xüsusi hesablamalar aparıldıqdan sonra müəyyənləşdirilə bilməsi qeyd olunsa da, rəyin nəticəvi hissəsinin sonrakı cümləsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazurliyİ Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə" DBLKTİ mühəndisinin 30 sentyabr 2022-cİ il tarixli, mütəxəssis rəyinə istinad olunur. Həmin rəydə isə qeyd olunur ki, 32 nömrəli mənzilin binaya bitişik əlavə artırma hissəsindəki sahə yığma dəmir-beton boşluqlu panellərlə örtülmüşdür. Örtük konstruksiyasının yükdaşıyan elementi olan monolit dəmir-beton rigellər inşa olunarkən, vibrasiya işləri keyfiyyətsiz yerinə yetirildiyindən, rigellərin səthində boşluqlar yaranmış, bəzi yerlərdə mühafizə qatının qalınlığı normadan az və ya tamamilə olmadığından, işlək aramaturlar korroziyaya məruz qalmışdır ki, bu da gələcəkdə binanın dayanıqlığının zəifləməsi nəticəsində arzuolunmaz halların baş verməsinə səbəb ola bilər.

32. Apellyasiya instansiyası məhkəməsində bu xüsusatın araşdırılması məqsədilə araşdırma aparılsa da uzun müddət ərzində nə mütəxəssis, nə də ekspert tərəfindən bu sual cavablandırılmamışdır.

33. Lakin məhz ekspert və mütəxəssis rəyində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın “Bina və qurğularda dəyişiklik aparılmasına yol verilməyən hallar” adlanan 6-cı bəndində bu hallardan biri kimi mənzillərin genişləndirilməsi məqsədi ilə konstruktiv yükdaşıyıcı divar və ya arakəsmə, panellərin sökülməsi qeyd olunmuşdur. Qeyd olunan normada bu hal nəzərdə tutulduğu halda sualın nə mütəxəssis, nə də ekspert tərəfindən cavablandırılmaması məhkəmə kollegiyası üçün anlaşılan deyildir.

34. Bundan başqa məhkəmə kollegiyası daşınmaz əmlakların yerində müayinəsini apararkən özü də müəyyən etmişdir ki, hər 2 mənzilin daxilində nəinki arakəsmə divarlar, ümumiyyətlə bütün divarlar şüşə materialdan olan arakəsmələrlə əvəz olunmuşdur və belə olduğu halda mənzillərin birinci mərtəbədə yerləşməsi nəzərə alınarsa, binanın dayanıqlığı baxımından təhlükənin yaranması faktı aşkardır.

35. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti, 5 nömrəli evin 32 və 35 nömrəli mənzillərində arakəsmə divarlar müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 tərəfindən əvvəlki vəziyyətə uyğun olmaqla bərpa edilməlidir.

36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də qətnamə qismən ləğv olunmalı, ləğv olunan hissədə yeni qətnamə çıxarılmalı, iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2(005)- 109/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2(005)- 109/2023 nömrəli qətnaməsi qismən - mənzillərin əvvəlki vəziyyətinə qaytarılması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti, 5 nömrəli evin 32 və 35 nömrəli mənzillərində arakəsmə divarlar müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 tərəfindən əvvəlki vəziyyətə uyğun olmaqla bərpa edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar