Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-920/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması, etibarsızlığı ilə bağlı nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətinin bərpa edilməsi, yəni əsassız olaraq əldə edilmiş mənzillərdən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda qətnamədən iddiaçının nümayəndəsi-vəkili qismində Vəkil1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, 10.01.2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində iştirak edəcəyi üçün hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı MTK-nın qanuni təmsilçisi X1r. İddia ərizəsi etibarnamə üzrə səlahiyyəti nümayəndə və Vəkil1 tərəfindən imzalanmış və iddia ərizəsinə ona səlahiyyət verilməsini göstərən etibarnamə əlavə edilmiş, həmin etibarnamə MTK-nın icracı direktoru kimi X3 tərəfindən imzalanmışdır. Lakin iş materiallarından sonuncunun icraçı direktor olub-olmamasını və olduğu təqdirdə belə bir etibarnamə vermək səlahiyətinin olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir (Kollegiya onu da nəzərə alır k, X3 peşakar vəkildir). MTK-nın adından X2 tərəfindən verilmiş etibarnamədə isə MTK-nı məhkəmədə təmsil etmək səlahiyyəti göstərilməmişdir. Qətnamədən verilmiş apelyasiya şikayəti etibarnamə üzrə səlahiyyətli nümayəndə qismində Vəkil1 tərəfindən imzalanmışdır ki, onun da belə bir səlahiyyəti müəyyən olunmur. Məhkəmə tərəfindən isə qeyd olunan hallar araşdırılmamışdır. MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili qismində Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili qismində Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.11.2021-ci il tarixli 2(103)-11951/2021 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya baxışından çıxarılaraq, apelyasiya şikayəti onun mümkünlüyünü yenidən yoxlamaq üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-920/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-920/2022
10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver