Məhkəmə qərarları › İş №2(103)-920/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-920/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-920/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(007)-2474/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə kiçik iddialara dair sədələşdirilmiş icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən bir ədəd mobil telefon almış, lakin, o, müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı MMC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********343666 İPHONE 14 PRO markalı telefon, APPLE 20W USB-C Adapter üçün 3074,26 manat ödənilməməiş hissə, 307,74 manat cərimə, ümumilikdə 3382 manat borc və 53,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 avqust 2024-cü il tarixli, 2(007)-2474/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ülkər Yusifova) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3074,26 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 3174.26 manat vəsait və ödənilmiş 53.82 manat dövlət rüsumunun 50.51 manatı İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 4.Məhkəmə məüəyyən etmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən bir ədəd mobil telefon almış, lakin, o, müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. 5.Məhkəmə hesab etmişdir ki, alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. 6.İşin hallarını nəzərə alaraq məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbəpulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 601.1, 443.1, 462.1, 465.2 və 467-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 8.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında iPHONE 14 PRO markalı telefonunu almışdır. Müqavilə üzrə o, telefonun dəyərini 18 ay ərzində (ilkin ödəniş 145 manat olmaqla hər ay 216.05 manat) ödəməli idi. Əvvəllər hər şey qaydasında idi, o, ödənişi vaxtlı vaxtında edirdi. Sonradan yaranan maddi çətinlik ucbatından ödənişi üzrlü səbəbdən 2 ay geciktirdi. Bu geciktirmədən sonra iddiacı xəbərdarlıq etmədən telefonu istifadəsi üçün bağladı. Cavabdeh telefondan iddiaçının müdaxiləsindən sonra istifadə edə bilmədiyi üçün əsəbləşərək maddi vəziyyətinin düzəlməsinə baxmayaraq ödənişitamamilə kəsdi. Bundan sonra iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borcun, faiz borcunun vəcərimə borcunun ödənilməsiilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bütün faktiki halları qeyd etməmiş, belə ki, iddiaçı ödənişi 2 ay gecikdirdiyi üçün mobil telefondan istifadəsinə məhdudiyyət qoyaraq mobil telefondan istifadəni bloklamışdır. Bildirir ki, alğı-satqı müqaviləsinin bağlandıqdan sonrakı ilk vaxtlar nəzərdə tutulmuş ödənişləri vaxtlı-vaxtında edərək öz öhdəliyini yerinə yetirirdi. Sonralar yaranan bəzi maddi sıxıntılar ucbatında ödənişi bir müddət geciktirdi. Maddi vəziyyəti yaxşılaşdıqdan sonra ödənişi yenidən ödəməyi düşünürdü, lakin iddiaçının mobil telefondan istifadəsinə məhdudiyyət yaratmasından sonra artıq ödənişi tamamilə kəsdi. Bir daha qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən mobil telefondan istifadəsinə məhdudiyyət qoyulmayacağı təqdirdə ödənişi maddi vəziyyəti düzələn kimi davam edəcəkdi. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürdükdən sonra həmin iddia ərizəsini və ona əlavə olunmuş bütün sənədləri cavabdehə, göndərməli idi, lakin birinci instansiya məhkəməsi bu tələbə əməl etməmişdir, cavabdehə yalnız iddia ərizəsinin surətini göndərmiş, ona əlavə olunmuş sənədləri isə göndərməmişdir. O, alğı-satqı müqaviləsi əsasında aldığıı telefonun ödənişini iddiaçı tərəfindən yaradılan məhdudiyyət aradan qaldırıldıqdan sonra əvvəlki ödəməyə davam etməyə hazırdır. Məhkəmə qətnaməsilə qeyd olunan məbləği birbaşa ödəmək imkanı yoxdur, lakin əvvəlki qaydada hissə-hissə ödəyə bilər. Buna görə də məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı pretenziya qaydasında xəbərdarlıq məktubunu göndərdiyini qeyd etsə də, həmin məktubun cavabdeh tərəfindən alındığını təsdiq edən xəbərnamənin surətini iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə iddia ərizəsini göndərsə də, ona əlavə edilmiş bütün sənədləri cavabdehə göndərməməklə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini pozmuşdur. Məhkəmə işə baxarkən işi yalnız iddiaçının nöqteyi-nəzərindən araşdırmış, iddiaçının ödənişi qısa müddətli gecikdirmədən sonra mobil telefona istifadəsi üçün məhdudiyyət qoymasına hüquqi qiymət verməmişdir. Qeyd edir ki, iddiaçı alğı-satqı müqaviləsinin predmeti olan mobil telefona xəbərdarlıq etmədən istifadəsi üçün məhdudiyyət qoymaqla onun müqavilə üzrə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Belə ki müqavilə üzrə iddiaçı mobil telefonu yararlı vəziyyətdə ona verməli, o, isə müqavilə üzrə ödənişi etməli idi. Ödənişi müəyyən müddət gecikdirdikdən sonra xəbərdarlıq etmədən telefondan istifadəsinə məhdudiyyətin qoyulması müqavilə üzrə onun hüquqlarını pozmuş, eyni zamanda iddiaçının öz vəzifələrini tamyerinə yetirməməsinə gətirib çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilərək göstərilmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.4. bəndindən görünür ki. Müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” ’mal’ -ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunrnası üsulu ile əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tadbiq edə, ’Müştəri’ nin adının riskili müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskİi müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Cavabdeh müqavilanin şərtlari ilə razılaşıb və imzası ilə təsdiq etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 12.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 13.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 14.Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 15.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 16.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 17.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 18.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 19.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 24.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş mobil telefonu cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsiüzrə əsas borca görə 3074,26 manat, cərimə borcuna görə 307,74 manat, cəmi 3382 manat borcu yaranmışdır. 25.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 26.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan nisyə alğı-satqı müqaviləsinə əsasən hissə-hissə ödəmək şərti ilə aldığı telefona görə yaranmış borcu vaxtında qaytarmamış, bununla da cavabdeh müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. 27.Məhkəmə kollegiyası apellyatorun iddiaçı tərəfindən telefona görə ödənişi 2 ay gecikdirdiyinə görə mobil telefondan istifadəsinə məhdudiyyət qoyularaq mobil telefondan istifadəni bloklaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.4. bəndindən görünür ki. Müştəri Müqavilənin şartlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” ’mal’ -ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunrnası üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tadbiq edə bilər. 28.Göründüyü kimi "xxxx" MMC müqavilə şərtlərinin pozulduğu halda cihazın istifadəsini məhdudlaşdırmaq hüququna malik olmuş və bu müqavilə üzrə tərəflərin razılaşması və cavabdehin imzası ilə təsdiq edilmişdir. 29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cərimə məbləğini tənasübsüz surətdə yüksək olduğundan qanun çərçivəsində azaltması Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 30.Kollegiya apellyatorun iddia ərizəsinə əlavə edilmiş sənədlərin ona göndərilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehə belə bir bildiriş göndərilmişdir. 31.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 34.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 35.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(007)-2474/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar