Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9201/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “elektrik enerjisinə görə qanunsuz olaraq yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən abonentə-mənzilə (abonent kodu **********10000) yazılmış 13.370 manat 78 qəpik borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ünvanda yerləşən ev hal-hazırda abonent kodu **********10000 olmaqla cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunmaqdadır (15.05.2020-ci il tarixdə elektrik enerjisinin verilməsi xəbərdarlıq olunmadan dayandırılmışdır). İstifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə ödənişi həmişə vaxtında ödəmişdir. 2020-ci ilin aprel ayının 16-da telefon zəngi əsasında cavabdehin əməkdaşları yaşadıqları evə gələrək, elektrik sayğacına baxış keçirmişlər və məlum olmuşdur ki, sayğac qısa qapanma nəticəsində yanaraq tam yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də, "xxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş (Akt R № 163072, 16.04.2020-ci il tarixli) və sayğac açılaraq götürülmüş və yenisi ilə əvəz olunmuşdur. Sonradan isə, yəni 12.05.2020-ci il tarixdə onun və ailə üzvlərindən hər hansı birinin iştirakı olmadan "xxxx" ASC-nin əməkdaşları tərəfindən yenidən yaşadığı evin sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın üzərində kompüter informasiya məlumat bazasına daxil olmayan 889 kvt.saat elektrik enerjisinin sərfiyyatı vardır və qərara alınmışdır ki, bu sərfiyyat kompüter informasiya məlumat bazasına daxil edilsin (Akt NDM № 018550, 12.05.2020-ci il tarixli). Ona verilmiş məlumat əsasında həmin sayğacın üzərindəki 889 kvt.saat elektrik enerjisinin sərfiyyatının dəyərini ödəmişdir. Sonradan sahə nəzarətçisi olan Maraqlı şəxs (hansı ki birinci akta əsasən sayğac onun iştirakı ilə açılmış və həmin akt onun tərəfindən də imzalanmışdır) maraqlanmışdır ki, yeni sayğacın üzərindəki 889 kvt.saat elektrik enerjisinin sərfiyyatı qısa bir müddətdə necə yarana bilər? Sonuncu isə ona bildirmişdir ki, narahat olmasın, yeni sayğac quraşdırılarkən köhnə sayğacdakı göstərici yeni sayğacın üzərinə onun tərəfindən səhvən qeyd olunmuşdur. Sahə nəzarətçisi Maraqlı şəxs bunu deməsinə baxmayaraq o, həmin borcu artıq ödəmişdir. Bir müddət sonra ona 15.05.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən xəbərdarlıq daxil olmuşdur. Həmin xəbərdarlıqda istifadə etdiyi enerjiyə görə borcunun məbləğinin 13.370 manat 78 qəpik təşkil etdiyi qeyd olunmuşdur. O, yenidən əsəb gərginliyi keçirərək sahə nəzarətçisi olan Maraqlı şəxs bu borcun haradan yaranmasını soruşmuşdur. Sahə nəzarətçisi olan Maraqlı şəxs ona bildirmişdir ki, onun öz səhvi nəticəsində onun sayğacındakı kompüter informasiya məlumat bazasına daxil edilməyən sözügedən 889 kvt.saat elektrik enerjisi ilə əlaqədar onu baş idarəyə çağırıb araşdırma aparmışlar və işdən çıxaracaqları ilə əlaqədar ona hədə-qorxu gəlmişlər. Ona bildirmişlər ki, abonentin ziyanına izahat yazsın və vəzifəsində qalaraq işləsin. Sahə nəzarətçisi Maraqlı şəxs ona bildirmişdir ki, həmin vaxt qorxduğundan və gərgin olduğundan izahatda nə yazması yadında deyil, amma yəqin ona yazılan borc verdiyi yalan izahata əsasən yazılıb. Bir daha bildirir ki, birinci akta əsasən sayğac onun günahı ucbatından zədələnmədiyi üçün "xxxx" ASC tərəfindən dəyişdirilmiş və hər ay sayğaca sahə nəzarətçisi tərəfindən baxış keçirildiyindən sayğaca onun tərəfindən hər hansı bir müdaxilə qeyri-mümkündür. İkinci akt tərtib edilərkən isə ümumiyyətlə onun və ya hər hansı bir ailə üzvünün iştirakı təmin edilməmişdir. Sonradan isə ona məlum olmayan, heç bir sübuta söykənməyən absurd bir borcun (13.370 manat 78 qəpik) onun üzərinə yazılması isə "xxxx" ASC kimi ciddi bir təşkilatın ciddi olmayan əməkdaşlarının hər hansı bir maxinasiyasının olması hesab edir. Ona ünvanlanmış heç bir əsası olmayan xəbərdarlıqdakı qeyd olunan vaxtdan xeyli əvvəl ölkənin bu karantin rejimində olduğu bir vaxtda qanunsuz üsullardan istifadə edərək, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi bir tərəfli olaraq dayandırması "xxxx" ASC tərəfindən müqavilə öhdəliyinin kobud şəkildə pozulmasıdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən abunəçi İddiaçı ünvan 2 ünvanı (abonent kodu **********10000) üzrə yazılmış 11.386 manat 78 qəpik əsassız borcun silinməsi qət olunmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamədən eyni zamanda İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə orada qeyd olunur ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X4 cavabdehin apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətini müdafiə etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaçının apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayəti müdafiə etdi, apellyasiya şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)-85/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, iş materiallarına əlavə olunmuş 16 aprel 2020-ci il tarixli, R seriyalı, 163072 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı yaşadığı fərdi yaşayış evində sərf edilən elektrik enerjisinin hesabatını aparan sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğac tam yanmışdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Yoxlama abonentin şifahi məlumatına (telefon zənginə) əsasən aparılmışdır. 12 may 2020-ci il tarixli, NDM seriyalı, 018550 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları eyni abonentin istifadəsinə verilmiş 77000340 nömrəli sayğaca saat 15.15-də baxış keçirərkən məlum olmuşdur ki, sayğacın üzərində kompüter informasiya məlumat bazasına daxil edilməmiş 889 kvt.saat sərfiyyat vardır. Ölçmə işləri aparılaraq, axan yük hesablanmışdır. Yoxlama zamanı abonentin nümayəndəsi kimi özünü təqdim etməyən şəxs, kirayəçi iştirak etmişdir. Kirayəçi aktı imzalamamışdır. Yoxlamanın nəticəsinə əsasən iddiaçıya əlavə sərfiyyat hesablanaraq, iddiaçıdan 13.370 manat 78 qəpik pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Kollegiya qeyd edir ki, hər iki akt aşkar edilmiş faktlar üzrə tərtib edilmişdir. İddiaçı özü də, iddia tələbində aktları mübahisələndirmir. Hesablanmış əlavə sərfiyyat məbləğini mübahisələndirir. Məhkəmə işə obyektiv, hərtərəfli, tam baxılması üçün 05 avqust 2020-ci il tarixli, 2(002)- 1322/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir və ekspert qarşısında müvafiq sual qoyulmuşdur. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 25 yanvar 2021-ci il tarixli, MB14/0059 saylı qiymətləndirmə hesabatından görünür ki, bütün göstəricilər nəzərə alınaraq, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 1 ünvanda **********10000 saylı abonent kodu üzrə son bir il ərzində hər ay üçün ayrıca olaraq istifadə edilmiş elektrik enerji sərfiyyatının aylıq göstəriciləri üzrə 1 ay ərzində orta sərfiyyat 41,22 manat, il ərzində 496 manat təşkil edir. Göründüyü kimi, sayğac sistemi bərpa olunandan sonra sərf olunan elektrik enerjisi miqdarı barədə məlumat məhkəməyə Qaradağ rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən təqdim edilmişdir və real göstəricilərdir, sərf edilən enerji miqdarında şişirtmə və azaltma halı yoxdur. İş materiallarından göründüyü kimi, cavabdeh itirilmiş enerji sərfiyyatına görə iddiaçıya borc məbləği hesablayarkən son 4 illik zaman kəsiyini əsas götürmüş, lakin iddiaçının real olaraq işlətdiyi elektrik enerjisi həcmini deyil, reallığa uyğun olmayan həcmləri əsas götürərək hesablama aparmış və iddiaçıdan 13.370 manat 78 qəpik pul vəsaitinin ödənilməsini tələb etmişdir. Halbuki, iddiaçının hər il istifadə etdiyi elektrik enerjisinin həcmi 496 manat təşkil edir. Qeyd olunan məbləğ əsas götürüldükdə, iddiaçıya hesablanaraq itirilmiş enerji sərfiyyatına görə tələb edilməli məbləğ (496 manat * 4 il =1984 manat) 1984 manat təşkil edir. Bu, hər iki tərəfə münasibətdə obyektiv yanaşmadır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, hazırkı iddia qismən təmin edilməli, hesablanmış 13.370 manat 78 qəpik borc məbləğindən real olaraq itkiyə yol verilmiş elektrik enerjisinə görə hesablanmalı 1.984 manat çıxılaraq, qalan 11.386 manat 78 qəpik əsassız borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri- cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(002)- 85/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9201/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9201/2021
27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver