Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-921/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və xərclər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh və maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, azyaşlı qızları xx.xx.2012-ci il təvəllüdlü Leyla Ələkbərovanın saxlanması üçün Cavabdeh 2019-cu ilin yanvar ayının 1-dən başlayaraq aylıq qazancının 1/4-i məbləğində alimentin tutulması, Leyla Ələkbərovanın müalicəsinə tərəfindən sərf edilmiş müalicə xərclərinə cavabdehin cəlb edilməsi və ondan həmin məbləğlərin yarısının, yəni 4.321 manatın, 13.500 rublun və 500 lirənin, nümayəndə və vəkilinə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 manat və dövlət rüsumuna görə 30 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü Leyla Ələkbərovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü Leyla Ələkbərovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin, 500 TL, 13.500 rubl (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş lira və rublun manata məzənnəsi nəzərə alınmaqla) və 3.719,50 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi, məhkəmə xərci kimi ödənilmiş 130 manatın (dövlət rüsumu kimi ödənilmiş 30 manat və göstərilən hüquqi xidmətə görə 100 manat) 18 manatının iddiaçıya aid edilməsi, 112 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunduğu hissədə ləğv və iddia tələblərinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən nəzərə almamışdır ki, onun hazırkı nikahından da övladı var və həmin uşaq da onun himayəsindədir. Məhkəmə, nəinki cavabdehin himayəsində başqa uşaqlarının olub-olmamasını öyrənməyə vaxt ayırmamış, hətta xx.xx.2019-cu il tarixdə iddiaya dəyişiklik verilməsindən sonra ona vaxt verməmişdir ki, həmin dəyişikliklə tanış olub, öz etirazlarını bildirsin, sübutlarını təqdim edə bilsin. Cavabdeh məhkəməyə uşağın atanın himayəsinə verilməsi barədə Xəzər Rayon Məhkəməsinin icraatında mülki iş olduğunu və həmin işə görə də alimentlə bağlı hazırki işin dayandırılmalı olduğunu bildirsə də, məhkəmə heç bir əsas gətirmədən vəsatətini təmin etməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, “xxxxxxxxxxxxx” MMC-yə məxsus X5 ödənilmiş pulların yarısı cavabdehdən tutulmalıdır. Halbuki, məhkəmə araşdırmalı idi ki, bağçanın müəyyənləşdirilməsi (bağçanın ödənişli əsaslarla seçilməsi və s.) onun razılığı ilə olmuş, yoxsa iddiaçının öz şəxsi qərarı olmuşdur. Məhkəmə müalicə ilə bağlı “Birgə və Sağlam” İctimai Birliyinə ödənilmiş pulların yarsını ondan tutsa da, həmin müəssisənin nə kimi xidmət göstərməsi (həkim müalicəsi olduqda diaqnoz və müalicənin növü və s.) araşdırmamışdır. Nəzərə çarpan odur ki, həmin müəssisənin müvafiq lisenziyaya malik olan və müalicə/müayinə aparan hər hansı tibb müəssisəsi olmasına dair sənəd yoxdur, həmin təşkilat isə ictimai birlik kimi qeyd olunub. Belə olan halda, məhkəmə kassa mədaxil orderləri verən həmin müəssisənin fəaliyyət növünü araşdırmalı idi. Eyni zamanda, məhkəmə Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmiş əsaslarla iddianı təmin etsə də, həmin maddəni kobudcasına pozmuşdur. Belə ki, alimentin məbləğinin dəyişdirilməsi üçün qeyd olunan maddənin bütün əsaslarının olması vacibdir. Məhkəmə isə, qərarında tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını əsaslandırmamış, bu dəyişikliyin olduğu halda onun nədən ibarət olmasını qeyd etməmişdir. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs da, apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunduğu hissədə ləğv və iddia tələblərinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, Cavabdeh ilə Raminə Ələkbərova arasında bağlanmış xx xxxx 2011-ci iltarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Leyla Ələkbərovnın anası Raminə Ələkbərovanın yanında qalması qət edilmişdir. Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə isə, xx.xx.2012-ci il təvəllüdlü Leyla Ələkbərovnin yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh 103 manat sabit pul məbləğində alimentin və əlavə çəkilən xərclərə görə 4.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və 328,64 manat pulun tutularaq, Raminə Ələkbərovaya ödənilməsi qət edilmişdir. Cavabdeh, xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2015-ci il tarixdə Toğrul Ələkbərov, xx.xx.2017-ci il tarixdə Kənan Ələkbərov adlı uşaqları doğulmuşdur. Cavabdeh hazırda “xxxxxxxxxxxxxxxxxxx” MMC-də direktor müavini vəzifəsində işləyir və aylıq əmək haqqı 6689 manat təşkil edir. “xxxxxxxx” Genetika və X4 MMC (bundan sonra icraçı) ilə İddiaçı (bundan sonra sifarişçi) arasında bağlanmış pullu tibbi xidmətin göstərilməsi haqqında CEN1853905 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, bu müqavilə üzrə icraçı sifarişçiyə tibbi genetika sahəsində pullu xidmətlər göstərir, sifarişçi bu müqavilənin, bu müqaviləyə əlavələrin şərtlərinə uyğun şəkildə və müəyyən edilmiş qaydada təsdiq edilmiş pullu tibbi xidmətlərin qiymət cədvəlinə uyğun olaraq göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə əsasında göstərilən pullu tibb xidmətlərinin məbləği icraçı tərəfindən təsdiq edilmiş qüvvədə olan pullu tibb xidmətlərinin preyskurantı əsasında müəyyən edilir. Müqavilə üzrə xidmətlərin ümumi məbləği 27.000 rubl təşkil etmiş və Raminə Ələkbərova tərəfindən xx.xx.2018-ci il tarixli qəbzlə ödənilmişdir. “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 90 saylı arayışa əsasən, Leyla Ələkbərova, həqiqətən xx.xx.2018-ci il tarixindən etibarən Birliyin autizm sindromlu uşaqlar üçün xidmət göstərən reabilitasiya mərkəzində fərdi terapiya almağa başlamışdır və hal-hazırda bu terapiyanı almağa davam edir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Leyla Ələkbərovnın müalicəsi ilə bağlı Birliyin hesabına xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixində 300 manat, xx.xx.2018-ci il tarixdə 690 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 690 manat, xx.xx.2018-ci il tarixdə 690 manat, xx.xx.2019-cu il tarixdə 690 manat, xx.xx.2019-cu il tarixdə 360 manat və xx.xx.2019-cu il tarixdə 360 manat ödənilmişdir. “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 23 saylı arayışa əsasən, Raminə Ələkbərova həqiqətən “xxxxxxxxxxxxx” MMC-yə məxsus X5 xx.xx.2017-ci il tarixindən hal-hazıra kimi övladı Leyla Ələkbərova üçün aylıq 300 manat bağça haqqı ödəmişdir. işdə olan ödəniş qəbzlərindən görünür ki, Raminə Ələkbərova tərəfindən “xxxxxxxxxxxxx” MMC-nin hesabına xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 225 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2017-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 300 manat və xx.xx.2018-ci il tarixdə 300 manat ödəniş edilmişdir. xx.xx.2018-ci il tarixdə Leyla Ələkbərovnın müalicəsi ilə bağlı X1 1.001,68 TL, Moskva şəhərinə uçuşu ilə bağlı biletlərə isə 247,86 manat və 188,09 manat ödənilmişdir. Məhkəmə kollegiyası, hər iki apellyasiya şikayətinin dəlillərinin eyni olduğunu nəzərə alaraq, onlara birlikdə qiymət verilməsini məqsədəuyğun hesab edir və mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğinin artırılmasını, 81.1-ci maddəsinə görə isə, əlavə xərc kimi müalicə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Məhkəmə, hazırkı mübahisəyə qeyd edilən aspektdən yanaşaraq bildirir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Leyla Ələkbərovnın saxlanılması üçün 2014-cü ildə cavabdehdən tutulan aliment miqdarı 103 manatdır. Lakin əvvəlki məhkəmə qətnaməsindən sonra onun maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmuş, yəni əmək haqqı artmışdır. Belə olan halda, aylıq 103 manat sabit pul məbləğində aliment müəyyən olunduqdan sonra cavabdehin müntəzəm gəliri olan işi olmasını sonuncunun maddi vəziyyətində baş verən dəyişiklik kimi qiymətləndirilib, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələblərini əsas götürərək hesab edir ki, Cavabdeh sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək, onun qazancının (başqa gəlirlərinin) 1/4hissəsi məbləğində müəyyən edilməsi əsaslıdır. Kollegiya, apellyasiya şikayətlərinin cavabdehin digər nikahından daha iki övladının olması barədə dəlilinə münasibətdə bildirir ki, Cavabdeh hazırkı əmək haqqının miqdarı (6689 manat) nəzərə alındıqda, bu hal, hər iki nikahdan olan uşaqların hüquqlarını pozmamaqla, onların mənafeyi ilə ziddiyyət təşkil etmir. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qnunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bundan əlavə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Baxılan işdə Leyla Kərimlinin, xəstəliyi ilə əlaqədar tibbi müayinələrdən keçməsi, özəl bağçaya getməsi və bunlar üçün müvafiq ödənişlərin iddiaçı Raminə Ağababyeva tərəfindən həyata keçirilməsi iş materialları ilə təsdiqlənir. Belə olan halda, Kollegiya, həmin xərclərin qarşılanmasının həm də atanın borcu olduğunu nəzərə alaraq, cavabdehin uşağın müalicəsi ilə əlaqədar əlavə xərcə cəlb edilməsini əsaslı sayır. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bu baxımdan Kollegiya, tərəflərin maddi və ailə vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, uşağın tibbi müayinəsinə və müalicəsinə çəkilmiş xərcin valideynlər arasında bərabər bölünməklə tələb olunan vəsaitin yarısı olan 500 TL, 13.500 rubl və 3.719,50 manat əlavə xərcin Cavabdeh tutulması ədalətlidir. Kollegiya, cavabdehin uşağın atanın himayəsinə verilməsi ilə bağlı başqa məhkəmə prosesinin olması barədə dəlilinə münasibətdə isə bildirir ki, bu hazırkı işə baxılmasına hüquqi mane yaratmır. Çünki nə qədər ki, uşaq ananın himayəsindədir, ataya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur, həmin müddət ərzində uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideyndən onun xeyrinə aliment tutulmasına əsas verir. Əks yanaşma, uşaq hüquqlarına və qanunla qorunan mənafelərinə uyğun olmazdı. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərdən (“M.B.M” Vəkil Bürosu tərəfindən təqdim edilmiş xx.xx.2019cu il tarixli, 231981 saylı mədaxil qəbzi və ********* №-li ödəniş qəbzi) görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərlməsinə dair 100 manat, məhkəmədə iddia qaldırmaq üçün isə 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirildiyi hissədə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və Maraqlı şəxs apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4056/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-921/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-921/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver