Məhkəmə qərarları › İş №2(103)-922/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-922/2023

06.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-922/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh vəkili və nümayəndələri Vəkil1 və Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 3M-451 nömrəli reyestrdə qeydə alınmış, "xxxx" MMC-nin nizamnamə kapitalında iddiaçıya məxsus 1190 paydan ibarət olan 35 faiz təsisçilik hüququ üzrə payın iddiaçı tərəfindən 595.000 manata cavabehə satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İddia belə əsaslandırılıb ki, əslində həmin müqaviləyə əsasən pay faktiki olaraq satılmamış, müqavilədə göstərilən 595.000 manat pul müqavilə bağlanarkən nağd şəkildə mövcud olmamışdır. Belə ki, daha əvvəl - xx.xx.2017-ci ildə bağlanmış “müəssisədəki payın alqı-satqısı barədə” müqaviləyə əsasən iddiaçı 35 faiz payının 17,5 faizini 297.500 manata Nazim Xudaverdiyevə, 17,5 faizini isə 297.500 manata Elman Bilalova satmışdır. MMC-nin təsisçiləri 35 faiz payla iddiaçı, 65 faiz payla “X1 Şirkəti” QSC olmuşdur. “X1 Şirkəti” QSC-nin qanuni təmsilçisi Elvin Aşırov iddiaçı ilə 80 hektar yeni bağ sahəsi salınması və soyuducu anbar tikilməsi layihəsini həyata keçirməli idi. Bu məqsədlə iddaçı kredit götürməli və layihədəki iştirakını maliyyələşdirməli idi. Kredit götürərkən iddiaçı 35 faiz payını girov qoymalı idi. X2 iddiaçıya təklif etmişdir ki, payını girov kimi müvəqqəti (yuxarıda göstərilən layihənin həyata keçirdiyi dövrdə və layihə işə salındıqdan sonra iddiaçıya düşəcək gəlirin hesabına çəkilmiş xərclərin iddiaçının payına düşən hissəsi ödənilənə qədər) Elvin Aşırovun yaxın dostu və tələbə yoldaşı Cavabdeh adına keçirsin. Elvin Aşırov iddiaçıya bildirmişdir ki, layihəyə çəkilən xərclərdən iddiaçının payına düşən hissə gəlirlərdən onun payına düşən hissə ilə ödənilən kimi MMC-dəki 35 faiz pay dərhal iddiaçının özünə qaytarılacaq. İddiaçı, Elvin Aşırov və Seymur Nəsirovun vədlərinə inanıb Nazim Xudaverdiyev və Elman Bilalovdan xahiş etmişdir ki, onlara satdığı payları bir ay müddətinə geri versinlər, bir aydan sonra həmin payları yenə də onlara qaytaracaq. Həmin şəxslər iddiaçı ilə dost olduqlarına görə bu əməliyyata razılaşdılar, xx.xx.2021-ci ildə əməkdaşlıq müqaviləsi imzalandı, həmin müqaviləyə əsasən razılaşdırıldı ki, göstərilən paylar bir ay müddətinə iddiaçının adına keçirilsin, bir ayın tamamında isə geri qaytarılsın. Bundan sonra həmin payın Cavabdeh satılması barədə formal müqavilə imzalanmışdır. Lakin 80 hektar yeni bağ sahəsinin salınması və soyuducu anbar tikilməsi layihəsinin həyata keçirilməsinə, habelə bu layihənin işə salınması nəticəsində gəlirlər əldə olunmasına və layihəyə çəkilmiş xərcdən iddiaçının payına düşən hissənin tam ödənilməsinə baxmayaraq, Cavabdeh 35 faiz payı iddiaçıya qaytarmaqdan imtina etmişdir. Yasamal RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndələri Vəkil1 və Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, iddiaçı həmin müqavilənin etibarsız sayılması barədə iddianı irəli sürmək üçün Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş 1 illik müddəti ötürüb. Bu maddə “Etibarsız əqdlər üzrə müddətlər” adlanır, odur ki, maddənin göstərişi o halda tətbiq edilə bilər ki, əqdin etibarsızlığı müəyyən edilsin. Yəni əqdin etibarsızlığı müəyyən edilmədən həmin müddətin tətbiqi qanunsuzdur. Əks təqdirdə, belə nəticə hasil olur ki, məhkəmə əqdi etibarsız əqd kimi tanıyır, lakin müddət keçdiyinə görə iddianı rədd edir. Belə nəticə qanusuzdur. İddiaçı mübahisələndirdiyi müqavilənin etibarsız olduğunu təsdiq edən sübut təqdim edilməyib, ümumiyyətlə, izahat vermək üçün birinci instansiya məhkəməsinə və apellyasiya instansiyası məhkəməsinə gəlməyib. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlara əsaslanaraq müqavilənin etibarsız olduğunu müəyyən edə bilməz. Beləliklə, tərəflərin arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “müəssisədəki payın alqı-satqı müqaviləsi”nin etibarsız əqd (uydurma əqd, yalan əqd, aldatma nəticəsində bağlanan əqd və s.) olduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 337-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia əsassızdır. Birinci insansiya məhkəməsi iddianı rədd etsə də, işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar