Məhkəmə qərarları › İş №2(103)-9222/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9222/2021

04.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9222/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən avtoyuma obyektinin ona məxsus olduğunu, 19.08.2020-ci il tarixdə həmin obyektə gələn Cavabdeh ASC-nin əməkdaşlarının qanunsuz olaraq akt tərtib etdiklərini, aktda obyektdə sayğacdan kənar (d=15mm) xəttdən rezin boru vasitəsilə su çəninə su doldurulduğunun göstərildiyini 2196 manat cərimə olunduğunu bildirmiş, həmin aktın ləğv olunması və cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, aktın qanunsuz tərtib edildiyini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh ASC isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə X1 adlı şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən avtoyuma obyekti üzrə “qeyri-əhali” kateqoriyasından olan istehlakçı kimi Cavabdeh ASC-nin abonenti olaraq qeydə alınmış, ona verilən suyun hər m3-i üçün 1 manat (sahibkarlıq subyektləri üçün nəzərdə tutulan tarif) müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 19.08.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları həmin obyektin su xəttinə baxış keçirərək sudan qeyriqanuni istifadə edildiyini əsas göstərməklə akt tərtib etmiş, istehlakçıya 1098 m3 əlavə sərfiyyat hesablanmış, iddiaçı isə sözügedən obyektin özünə məxsus olduğunu irəli sürməklə müvafiq iddia tələbi ilə çıxış etmişdir. İş materiallarından aydın olur ki, həm iddiaçı, həm də ünvan 2 ünvanında fəaliyyət göstərən avtoyuma obyekti üzrə Cavabdeh ASC-nin abonenti kimi qeydə alınmış Lazım Mehdiyev fərdi sahibkardırlar və vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Kollegiya hesab edir ki, mübahisə fərdi sahibkar statusu olan iddiaçı ilə təbii inhisar subyekti olan Cavabdeh ASC arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-781/2021 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar