Məhkəmə qərarları › İş №2(103)-923/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-923/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-923/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, 3-cü şəxs “X5” ASC-nin nümayəndəsi X6 oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC ( Cavabdeh) qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 6 saylı evin 16 saylı mənzilə dair X4 tərəfindən keçirilmiş 17.06.2017-ci il tarixli 2 saylı protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə onun nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 6 saylı evin 17 saylı mənzilinə dair Cavabdeh-nin hərracın yekunları barədə 17 iyul 2017ci il tarixli, 02 saylı protokol və 17 iyul 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilmiş və onun nəticələri ləğv edilmişdir. 3-cü şəxs “X5” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətdə göstərir ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, hərrac “İpoteka haqqında” qanunun tələblərinə tam riayət edilməklə keçirilmişdir. Növbəti maddi hüquq normasının pozuntusu Mülki Məccələnin 337.5-ci maddəsi olmuş, yəni hərracı etibarsız sayarkən tətbiq edilməli olan həmin qanunu tətbiq etməmişdir.Həmin normanın məzmunundan görünür ki, əqd etibarsız sayıldığı təqdirdə əqdlərin bağlanılmasınadək olan vəziyyət ilkin vəziyyətə qaytarılmalıdır. Məhkəmə iclasında 3-cü şəxs “X5” ASC-nin nümayəndəsi X6 oğlu bildirdi ki, bank tərəfindən hərrac baş tutmadığına görə mübahisələndirilən mənzili mülkiyyətinə alarkən Yasamal rayon İcra Şöbəsinin hesabına 14778,49 manat, hərracı keçirən "xxxx" MMC-yə( Cavabdeh)isə hərracı keçirmə xərci kimi 3506,25 manat xidmət haqqı ödənilmişdir. Yasamal rayon İcra Şöbəsi tərəfindən 14778,49 manat artıq banka qaytarılmışdır. Hərracı keçirən təşkilat isə hərracı keçirmə xərci olan 3506,25 manatı qaytarmamışdır. İddiaçı tərəfindən də icra sənədi üzrə olan borc banka ödənilmişdir. Hal-hazırda aralarında məhkəmədən kənar razılaşma ilə bağlı danışıqlar gedir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə qəbzin surətlərini təqdim edərək bildirmişdir ki, qətnamə ilə olan borcuna görə banka artıqlaması ilə, yəni 28800 ABŞ dolları ödəmiş, yəni bankla olan mübahisəsi başa çatmışdır. Ancaq bank onun mənzildən çıxarılmasını tələb etdiyindən həmin iş Ali Məhkəmədə baxılacaqdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və digər 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ilə iddiaçı “Unibank" KB ASC-nin iddia tələbi təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014-cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 31415,89 ABŞ dolları əsas, 1165,16 ABŞ dolları faiz, 1,45 ABŞ dolları cərimə, cəmi 33262,50 ABŞ dolları tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 iyli əlavə kredit xətti müqaviləsinə əsasən 2928.56 manat əsas, 160,43 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının cəmi 3148.99 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi və tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına İddiaçı Banka olan borcunun ödənilməsi, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X3 1 ay ərzində evdən çıxarılmaları qət edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 14.11.2014cü il tarixli 215m-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən 26168,03 ABŞ dolları əsas, 53,84 ABŞ dolları faiz, cəmi 27344,64 ABŞ dolları pulun tutularaq icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı 25.09.2012-ci il tarixli 215m/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 18.12.2014-cü il tarixli 14msp GNDJ/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 1176,61 manat əsas, 69,48 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunyn, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqı - cəmi 1306,09 manat pulun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 180000 manat müəyyən edilməsi, tutmanın İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracdan satılaraq əldə olunmuş vəsait İddiaçı Banka olan borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20.08.2020-ci il tarixli 2(102)-2476/2020 saylı qərarı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-290/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsində yerləşən 6 saylı evin 17 saylı mənzili satıldıqda İddiaçı və X3 1 ay ərzində evdən çıxarılmalarının rədd edilməsi hissədə ləğv edilmiş iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki iş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(044)-2313/2016 saylı qətnaməsi əsasında 12 dekabr 2016-cı il tarixdə icra vərəqi verilmiş və qətnamənin icrasına dair icra hərəkətlərinə başlanılmışdır. Cavabdeh "xxxx" MMC (Cavabdeh) tərəfindən əmlakın açıq hərracdan keçirilməsi üçün tədbirlər görülmüş, hərracın vaxtı və yeri barədə iddiaçıya bildirişlər göndərilsə də, həmin bildirişlər İddiaçı qapı bağlı olduğundan çatdırılmamışdır. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 6 saylı evin 17 saylı mənzilinə dair Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilmiş və mənzilə dair "xxxx" KB ASC ilə 17 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki iş materiallarından göründüyü kimi hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Bu halda belə nəticəyə gəlmək olur ki, hərrac qüvvədə olmayan, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Bundan əlavə məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müfddətinin tətbiq edilməsinə ərizəyə münasibətdə qeyd edir ki, mülki iş materiallarından da göründüyü kimi tərəflər arasında yaranmış mübahisə ilə bağlı uzun müddət məhkəmə çəkişmələri davam etmiş və sonuncu məhkəmə qərarı 20.08.2021-ci il tarixdə qəbul olunmuşdır. İddiaçı qeyd edilən tarixdən etibarən hərracın keçirilməsi barədə məlumatlı olmuşdur. Bu səbəbdən də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, qətnamə çıxarılarkən deyil, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki, ipoteka predmeti olan mənzillə bağlı hərrac ləğv edilmiş qətnamə üzrə verilən icra sənədi əsasında keçirilmişdir. Sonradan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həm borc məbləği azaldılmış, həm də ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat deyil, 180000 manat müəyyən edilmişdir. Ona görə də hərracın nəticələri üzrə protokolu və alqı-satqı müqaviləsini etibarsız sayarkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. İkincisi, məhkəmə hərracın baş tutmadığına görə mənzilin bankın mülkiyyətinə keçməsinə dair tərtib edilmiş protokolu və bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edərkən Mülki Məccələnin 337.5-ci maddəsinin tələblərini pozmamış, yəni mahiyyət etibarı ilə həmin normanı tətbiq etmişdir. Belə ki, qətnamənin nəticə hissəsinin məzmunundan da aydın görünür ki, məhkəmə müqaviləni etibarsız hesab etməklə yanaşı onun nəticələrini də ləğv etmişdir. Başqa sözlə, müqavilənin etibarsız hesab edilərək onun nəticələri ləğv edilirsə, tərəflər onsuzda əvvəlki hüquqi vəziyyətə qayıtmış olurlar. Burada hansısa mübahisəli hal ola bilməz. Buna baxmayaraq, apellyasiya baxışı zamanı iddiaçının və 3-cü şəxsin izahtlarından və təqdim etdikləri sənədlərin məzmunundan da bəlli oldu ki, artıq tərəflər məhkəmədən kənar razılaşma ərəfəsindədirlər. Çünki, iddiaçı qətnamə ilə olan borcunu ödəmiş, Yasamal rayon İcra Şöbəsi tərəfindən 14778,49 manat isə artıq banka qaytarılmışdır. Mübahisəli hal, yalnız, hərracı keçirən təşkilat tərəfindən hərracı keçirmə ilə bağlı olan xərcin, yəni 3506,25 manatın qaytarılmalı olub-olmaması ilə bağlıdır. Bu hal ayrıca məhkəmə icraatının predmeti ola bilər. Lakin hazırki işdə əqdin etibarsızlığının nəticəsi kimi həmin məbləğin qaytarılmalı olub-olmamasına hüquqi qiymət verilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar