Məhkəmə qərarları › İş №2(103)-923/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-923/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-923/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə, Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi, debitor borcun ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə ilkin, Cavabdeh İB-nin İddiaçı qarşı “debitor borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh İB-nin abonenti kimi ünvan 1 ünvanı üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində akt tərtib edilmiş, İddiaçı ümumilikdə 3389,86 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, İB tərəfindən onun adına (Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi 101, abunəçi kodu **********00000) hesablanmış 3389,86 manat borcun silinməsi, borcun silinməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi 101 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacı yenilənmiş, xx.xx.2023-cü il tarixdə qaz sərfiyyatı barədə bildiriş təqdim edilən zaman 3389,86 manat borc yazıldığını müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə qaz sərfiyyatı barədə verilmiş bildirişdə 128,64 manat borcları olmuşdur və qeyd olunan borc tam olaraq ödənilmişdir. 3389,86 manat borc ilə bağlı araşdırma aparmışlar və Cavabdeh İB-nin hesabatların aparılması şöbəsi tərəfindən guya ki, qaz sayğaclarının xx.xx.2023-cü il tarixdən etibarən işləmədiyi və qeyd olunan 3389,86 manat borc məbləğinin 2022-ci ilin yanvar və fevral aylarında olmuş hesabatlar üzrə təxmini olaraq hesablandığını bildirilmişdir. Cavabdeh İBnin əməkdaşları tərəfindən onlara heç bir məlumat verilmədən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində akt tərtib edilmiş və 2022-ci ilin arxiv məlumatlarından istifadə edərək, yanvar ayı üçün 1590,11 manat, fevral ayı üçün isə 1799,75 manat borc məbləği müəyyən edilmişdir. Qeyd olunan aktlar barədə heç bir məlumatları olmamasına baxmayaraq, həmin aktlarda abonentin imza etməkdən imtina etdiyi göstərilmişdir. Qaz sayğac onun evinin içərisində yox, çölündə yerləşir və tərəfindən qaz sayğacına hər hansısa bir müdaxilə olunmamışdır. 2023-cü ilin yanvar və fevral aylarında onlar fərdi yaşayış evində yaşamamışlar, bu halı 2023-cü ilin yanvar və fevral aylarında "xxxx" ASCnin həmin ünvana olan borc qəbzləri də təsdiq edir. Qeyd etdiyi məsələlər barədə Cavabdeh İB-yə şikayət etməsinə baxmayaraq müracəitinə münasibət bildirilməyib. Ona görə də, çarəsiz qalıb məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh İB isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 4675,36 manat debitor borcun və 66,76 manat ödənilmiş dövlət rüsumunun, yəni cəmi 4742,12 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 1872-06-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” imzalanmış, həmin müqavilə əsasında Cavabdeh İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “ELSTER G-65” RVG EK-230 markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1590,11 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1799,75 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 342 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 426,75 manat, cəmi 4158,61 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdehin ödənilməmiş 2023-cü ilin aprel ayı üzrə 516,75 manat sərfiyyat borcu qalmışdır (4158,61+516,75 = 4675,36 manat). Beləliklə, İddiaçı Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 4675,36 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Məhkəmənin şahid qismində dindirdiyi X4 ifadəsində göstərmişdir ki, həmin bağda nəzarətçi kimi fəaliyyət göstərir. Evin sahibi 2023-cü ilin yanvar və fevral aylarında evdə yaşamamış, həmin tarixdə evdə yalnız o yaşamışdır. Onun yaşadığı yerdə yalnız kombi və dörd göz qaz işlədilmişdir. Ev sahibi bağa mart ayının sonunda köçmüşdür. Həmin bağ Mərdəkan, Məşədi Əzizbəyov küçəsi, ev 141 ünvanda yerləşir. Onun yaşadığı evdə kombi 28-lik kombidir. Ev sahibinin evindəki kombi 90-lıq kombidir. Həmin tarixlərdə əsas evdə kombi fəaliyyət göstərməyib. Ev sahibi evdə olmayanda kombi fəaliyyət göstərmirdi. Bu il qış ayılarında orada yaşayış olmamışdır. Əvvəlkindən az işıq pulunun yazılması evdə yaşayış olmasa da, həyətin işıqlanması ilə bağlıdır. Həyətin sahəsi 80 sotdur.

8. Birinci instansiya məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanda İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktların əsassız hesab edilməklə ləğv olunması, həmin aktlar əsasında hesablanmış 3389 manat 86 qəpik borcun silinməsi və borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdehnə aid edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. Sayğaca ilk iddia üzrə iddiaçı tərəfindən müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının ilk iddia üzrə iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. 9.2. Sayğac ilk iddia üzrə iddiaçının cavabdehliyi sərhəddində baş verməmişdir. Sayğacın işlək vəziyyətdə olmaması məlum olduğu dövrdə (cari ilin yanvar və fevral ayları) ilk iddia üzrə iddiaçı həmin ünvanda yaşamamışdır. Abonentin ünvanında işlədilən təbii qazın sərfiyyatı əvvəlki dövrlərdə olduğu həcmdə olmamışdır. Qeyd olunan ünvanda əsas yaşayış evindən başqa kiçik ölçülü tikili mövcuddur ki, həmin tikilidə mühafizəçi və onun ailə üzvü yaşayır, mətbəxdə yemək bişirmək və s. üçün adi qaz plitəsindən, evin isidilməsi üçün isə kiçik həcmli kombidən istifadə edilir ki, həmin kiçik evdə qaz sərfiyyatı aktlarda qeyd olunandan dəfələrlə az həcm təşkil etmişdir. Bu səbəbdən, abonentə aktlar üzrə 3389 manat 86 qəpik məbləğində əlavə qaz sərfiyyatı yazılması əsassız olmuşdur. 9.3. Digər tərəfdən, qaz sayğacının işlək vəziyyətdə olmaması birinci dəfə aşkar edildiyi dövrdən sonrakı aktlar tərtib olunan dövrədək qaz paylayıcısı (təchizatçısı) tərəfindən uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirilmiş, qaz sayğacının yerində təmiri, yaxud bu mümkün deyildisə, yenisi ilə əvəz edilməsi təmin edilməmişdir. Göründüyü kimi, ilk iddia əsaslı olmaqla təmin edilməlidir. 9.4. Qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir.

10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “İstehlakçıların müdafiəsi haqqında” Qanunun 13-cü, 17-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinad etmişdir.

11. Həmin qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, ilkin iddiaçının təbii qazdan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Aynurə Balayevanın nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apelyasiya baxışı, verilən izahatlar

13. Cavabdeh İB-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, ilkin iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

19. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

20. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

30. Cavabdeh İB, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar ilkin iddiaçının iştirakı olmadan tərtib olunmuş, onda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz.

31. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz Cavabdeh İB, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.

32. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir.

33. İlkin iddiaçıya aid abonent saldosundan görünür ki, Cavabdeh İB-nin ödənilməsini tələb etdiyi məbləğin 516,75 manat hissəsi sayğac göstəriciləri əsasında hesablanmış borcdur.

34. Buna görə də kollegiyanın qənaətinə görə, həmin məbləğ ilkin iddiaçıdan Cavabdeh İB-nin xeyrinə tutulmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2408/2023 saylı iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh İB-nin İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh İB-nin xeyrinə 516,75 (beş yüz on altı manat 75 qəpik) manat tutulsun. Cavabdeh İB-nin qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar