Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9230/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)-3749/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına quraşdırılmış sayğacla bağlı cavabdeh tərəfindən əsassız hesablanmış 600 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun məskunlaşdığı Bakı şəhəri, Ş.Məmmədova küçəsində 2 saylı DSK-nın həyətində inşa edilmiş təzə tikilmiş binada yaşadığı mənzilə aid elektrik sayğacı 25 avqust 2020-ci il tarixdə onun iştirakı olmadan dəyişdirilmiş və həmin tarixdə akt tərtib edilmişdir. Aktda kənar xəttin olması və kənar xəttdən istifadə edilməsi göstərilmişdir. Bir müddət sonra isə 600 manat miqdarında cərimə edilməyi barədə məlumat almışdır. O, hesab edir ki, formal olaraq belə bir aktın tərtib edilərək ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Belə ki, sayğac dəhlizdə yerləşir, kənar xəttdən istifadə edilməsi, toxunma imkanı belə yoxdur, ümumiyyətlə onun kənar xəttdən istifadə etməyinə zərurət yoxdur. O, məcburi köçkün olduğundan kommunal xərclərin ödənilməsinə dövlət tərəfindən yardım edilir. Həmçinin, kənar xəttin olması və ləğv edilməsi barədə heç bir sübut yoxdur, heç bir şahid dəvət edilməmişdir, habelə kənar xəttin harada və necə yerləşməsi və mənzilə hansı tərəfdən çəkilməsi və s. barədə heç bir məlumat yoxdur. Cavabdehin əməkdaşları sadəcə olaraq akt tərtib etməklə kifayətlənmişlər. Qeyd olunmalıdır ki, pandemiya dövründə o, əsasən başqa yerdə yaşamış, bu ünvanda yaşamamışdır və elektrik enerjisindən istifadə etməmişdir. Həmçinin, nəzarətçi tərəfindən hər ay göstəricilər yazılır və kənar xəttin onun gözündən yayınması mümkün deyildir. Bununla da, onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, sayğaca müdaxilə əlavə enerjidən istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş sərfiyyatı hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Həmçinin, uzun müddət bu evdə yaşayış olmamışdır və elektrik enerjisindən istifadə edilməmişdir, bu da kənar xəttdən istifadə edilməsi anlamına gəlmir. Sayğaca onun tərəfindən müdaxilə edilməmişdir və buna hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız cərimə məbləği silinməlidir. O, xəstədir, belə bir halın baş verməsi onun xəstəliyinin şiddətlənməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)- 3749/2021 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 593,28 (beş yüz doxsan üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********30027 saylı abunə hesabından silinməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan caavbdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)-3749/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Belə ki, 25.08.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı Ramaza oğluna məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "elektrik sayğacı şəbəkədən kənarlaşdırılıb, mənzildə sayğacdan kənar xətt daxil olur" qüsururun aşkar olunması səbəbilə NDM № 019835 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASCnin Əh olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki s qərarla itirilmiş elektrik enerjinin əvəzi olaraq 6048 kvts olmaqla 593 manat nömrəli **********30027 abunə koduna daxil edilməklə ödənilməis barədə bildiriş göndərilməsi ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edirək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edirik. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan 25 avqust 2020-ci il tarixli, NDM 019835 nömrəli aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanılması üçün baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, pilləkən qəfəsində quraşdırılmış mənzilə aid elektrik sayğacı şəbəkədən kənarlaşdırılmış, mənzilə sayğacdan kənar xətt daxil olmuşdur. Sayğacı qidalandıran əsas xəttin üzərindən qoşulma edilərək birbaşa elektrik enerjisindən istifadə edilir. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Ramin Abdıyev və Tağı Nəsirov tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 avqust 2020-ci il tarixli satış sahəsi üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********30027 abunə kodlu elektrik sayğacından kənar xətt qoşulması müəyyən edilmişdir. İstehlakçıya 2 kvt x (0,7) x 24 saat x 180 gün = 6.048 kvts, tarif (0,07 man) - 1.800 kvts x 0,07 = 126 manat; tarif (0,11 man) - 4.248 kvts x 0,11 = 467 manat olmaqla cəmi 593 manat hesablanması qərara alınmışdır. Həmçinin qeyd edilmişdir ki, kənar xətt ləğv edilməlidir. Abunə kodu **********30027 olan abunə haqqında sənədin surətindən görünür ki, NDM 019835 nömrəli akta əsasən İddiaçı 0,11 manatlıq tariflə 467,28 manat, 0,07 manatlıq tariflə 126 manat, cəmi 593,28 manat məbləğində cərimə hesablanmışdır. İşin müəyyən olunmuş hallarından müəyyən edilmişdir ki, 25 avqust 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********30027) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğacdan kənar xəttin qoşulması aşkar edilmiş, bununla əlaqədar 25 avqust 2020-ci il tarixli, NDM 019835 nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 593,28 (467,28+126) manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Həmin Qaydaların 10.14-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Eyni zamanda iddiaçının aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə sayğacın pilləkən qəfəsində quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(001)- 3749/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9230/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9230/2021
14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver