Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-924/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin nümayəndələri və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və avtomobil üzərində payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** UA *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” minik markalı avtomobilin alqısatqısı ilə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində ½ hissədə onun, ½ hissədə Cavabdeh1 payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 2007-ci il tarixində Cavabdeh1 ilə ailə həyatı qurmuş, nikahlarından xx xxx 2009-cu il tarixdə Əli, xx xxxxxx 2012-ci il tarixdə Nərgiz və İranə adını verdikləri övladları dünyaya gəlmiş, münasibətləri kəskin hal aldığı üçün tərəfindən “nikahın pozulması, uşaqların yanında saxlanılması və aliment ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Birgə nikahları dövründə qazanılmış vəsait hesabına Cavabdeh1 adına 2006-cı ilin istehsalı olan ** UU *** dövlət qeydiyyat nişanlı “Mercedes 220 CDİ” minik markalı və 2011-ci ilin istehsalı olan ** UA *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” minik markalı avtomobillər alınmış, “Toyota Camry” minik markalı avtomobil xx.xx.2015-ci il tarixli müqavilə əsasında Cavabdeh1 tərəfindən digər cavabdeh olan atası Cavabdeh2, “Mercedes 220 CDİ” minik markalı avtomobil xx xxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X6, sonuncu tərəfindən isə xx.xx.2018-ci il tarixli müqavilə əsasında X1, bu alqı-satqılar ondan gizli saxlanılmışdır. Bu barədə məlumat aldıqdan sonra sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Cavabdeh1 qarşı iddia qaldırmış, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - cehiz əşyalarına münasibətdə - təmin edilmiş, lakin avtomobillərlə bağlı hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə Cavabdeh1 Cavabdeh2 ilə bağladığı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, mahiyyət etibarilə həmin alqı-satqı müqaviləsinin ləğv edilməli olması, lakin iş üzrə cavabdeh qismində yalnız müqavilənin bir tərəfinin qoyulması səbəbindən iddianın təmin edilməsinin mümkün olmaması nəticəsinə gəlinmiş, ona izah edilmişdir ki, “Toyota Camry” markalı avtomobilə dair cavabdehlə Cavabdeh2 Cəfərquli oğlu arasında xx.xx.2015-ci il tarixində bağlanmış “alqı-satqı müqaviləsinin etibarsızlığı” ilə bağlı müqavilənin hər iki tərəfini cavabdeh qismində göstərməklə ayrıca iddia tələbi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər”. Məhz bu səbəblə yenidən iddia ilə müraciət etmişdir və hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdehlərin nümayəndəsi onun ləğv, iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini düzgün tətbiq etmədiyi, işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, avtomobilin niksah dövründə qazanılmış birgə vəsait hesabına alınmadığını, həmçinin iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkilləri) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin preyudisallığına istinad etsə də, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarını nəzərə almamış, həmin mülki iş üzrə Cavabdeh2 tərəf olmaması səbəbindən qətnamənin ona münasibətdə preyudisial xarakter daşımadığını diqqətdən qaçırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti olmasa da, şahid ifadələri işin mübahisəsiz halıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində 2(006)1224/2018 saylı mülki işə baxılarkən məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərmişdir ki, “Ceyhunu işlə əlaqədar tanıyır və "Toyota Camry" minik markalı avtomaşını Bəhruz vasitəsilə Ceyhunun atasına satmış, avtomobilin pulunu da Bəhruz ödəmişdir”. Göründüyü kimi, "Toyota Camry" markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə nə cavabdehin qazancı hesabına, nə də başqa qaydada cavabdeh tərəfindən deyil, onun atası tərəfindən alınmış, qeydiyyatla əlaqədar cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin dövrdə İddiaçı “Toyota Camry” markalı avtomobilin sənəd üzərində Cavabdeh1 adına rəsmiləşdiyini, lakin faktiki olaraq dəyərini ödəməklə Cavabdeh2 tərəfindən özü üçün alındığını bildiyi üçün avtomobilin sonradan Cavabdeh2 adına keçirilməsinə etiraz etməmişdir. Bundan başqa, İddiaçı iddia tələbi üzrə artıq iddia müddəti başa çatmışdır. Buna görə də mahiyyətinin əsassızlığı ilə bərabər, iddia müddəti də başa çatdığından iddia tələbi məhkəmə tərəfindən rədd edilməli idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da bənzər məzmunlu izahat verərək mübahisəli avtomobilin öz zəhməti nəticəsində alındığını, rayon qeydiyyatında olduğundan və əlavə xərclərin yaranmaması üçün sənədləşmə işlərinin oğlunun adına aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da nümayəndəsinin verdiyi izahatla razılaşdığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, iddiaçı və Cavabdeh1 xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx xxx 2009-cu il tarixdə Əli, xx xxxxxx 2012-ci il tarixdə Nərgiz və İranə adını verdikləri övladları dünyaya gəlmiş, nikahları dövründə Cavabdeh1 adına “Toyota Camry” minik markalı avtomobil qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi əsasında iddiaçı ilə Cavabdeh1 nikahları pozulmuşdur. İddiaçı, keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə əldə olunduğunu hesab etdiyi sözügedən avtomobilin onun razılığı alınmadan digər cavabdehə (keçmiş qayınatasına) satılmasını müvafiq müqavilənin etibarsızlığını şərtləndirən hal hesab edərək tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, 36-cı, 37-ci və Mülki Məcəllənin 225-ci maddələrinə istinad etdiyindən, kollegiya həmin müddəalar, habelə əlaqədar qanunvericilik çərçivəsində təhlil apararaq mübahisələndirilən alqı-satqı müqaviləsinin hüquqi qüvvəsini bu konteksdə qiymətləndirməyi zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə görə isə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə də, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Mülki Məcəllənin 650-ci maddəsinə görə isə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi rəsmi reyesterdə qeydə alınmalı əmlak olan “Toyota Camry” minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ilə onun keçmiş həyat yoldaşının birgə nikahları dövründə əldə olunan əmlakı kimi qiymətləndirməkdə haqlı olmuş və həmin avtomobilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı iddiaçının razılığının alınmamasının müqavilənin etibarsızlığına səbəb olduğu barədə düzgün nəticəyə gəlmişdir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarından iddiaçının əvvəllər də sözügedən avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırdığı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbinin təmin olunmadığı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə bu qətnamənin həmin tələbin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək iddianın Cavabdeh2 cavabdeh qismində göstərilməməsi səbəbi ilə təmin edilməməsi barədə yeni qətnamə çıxarıldığı, bununla belə, “Toyota Camry” markalı avtomobillə əlaqədar xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin iddiaçının razılığı alınmadan bağlanmış müqavilə kimi etibarsız olduğunun müəyyən edildiyi və iddiaçıya “alqı-satqı müqaviləsinin etibarsızlığı” ilə bağlı müqavilənin hər iki tərəfini cavabdeh qismində göstərməklə ayrıca iddia tələbi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər” məzmununda izah verildiyi aydın olur; bu isə o deməkdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarlı əqd olmadığı artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, iddiaçının digər tələbi üzrə də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. İddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması arqumenti ilə əlaqədar isə kollegiya aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq olunmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlər olduqları halda, kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. Əqdi mübahisələndirə bilmək üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur, hüququ pozulmuş şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi kifayətdir. Nəzərə alınmalıdır ki, qeyd edilən maddələrin mənasına görə, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı ailə münasibətlərinin pozulmasından sonra mübahisələndirdiyi alqı-satqı müqaviləsinin mövcudluğundan xəbər tutmuş, bundan bir il keçməmiş isə müvafiq iddia tələbini irəli sürmüşdür; bu isə o deməkdir ki, iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl etmiş sayılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verərək qeyd edir ki, hər nə qədər Mülki Məcəllənin 337.5-ci maddəsində, əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə “Toyota Camry” markalı avtomobilin alqı-satqısının görünüş üçün həyata keçirildiyi və Cavabdeh2 oğluna (Cavabdeh1) hər hansı pul vəsaiti ödəmədiyi aydın olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4966/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-924/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-924/2020
09.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver