Məhkəmə qərarları › İş №2(103)-9245/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9245/2021

29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9245/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, İddiaçı və vəkili X4, Cavabdeh1 nümayəndəsi-vəkili X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı "müqavilənin etibarsız hesab edilməsi, qeyri-qanuni hərəkətlərin qadağan edilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-4593/2020 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında 04.06.2011-ci il tarixində Bakı şəhəri, Xocalı prospektində 29 çoxmənzilli yaşayış binasının V mərtəbəsində 1 otaqlı 707 nömrəli 63.5 kv.metr mənzilə dair bağlanmış müqavilə əsasında əldə edilən əmlakın Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri birgə əmlak olmasının müəyyən edilməsi, 24.07.2020-ci il tarixli 120 nömrəli cavab məktubu ilə müəyyən olunan Cavabdeh4 MTK-nın Cavabdeh3 Farxadovna arasında bağlanmış Bakı şəhəri, Xocalı prospektində 29 ünvanında inşa edilmiş 21-ci blok, çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində 1 otaqlı 707 nömrəli 63,5 kv.metr sahəsi olan mənzilə dair 04.06.2019-cu il tarixli 223 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mülki iş üzrə borclu olduğu müddətdə notarial qaydada hər hansı bir əmlakın digər şəxsin adına etiraz etməməsinə dair ərizə verilməsinə qadağa qoyulması, 23 saylı notariat ofisinin 8İ-3079 nömrəli reyestrlə 01.06.2019-cu il tarixdə qeydiyyatdan keçmiş **********079 nömrəli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, digər tələblərlə yanaşı Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti 29 ünvanındakı mənzildə ikidə bir payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 28.02.2018ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ona 63524,00 ABŞ dollar ödəməlidir. İcra işi ləngidildiyindən Sabunçu Rayon Məhkəməsi 2019-cu il may ayında müraciət edərək, Bakı şəhəri, Xocalı pr.29 ünvanındakı 21 blok 5-ci mərtəbədəki 60000,00 manata alınmış mənzilin üzərində hər hansı hərəkətin borc 63524,00 ABŞ dollar pul vəsaiti tam ödənənə qədər qadağan edilməsi və s. tələblər barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbi digərləri ilə birlikdə rədd edilmiş, həmin qətnamədən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Bu yaxınlarda müəyyən etmişdir ki, Xocalı prospekti 29 ünvanında yerləşən 1 otaqlı 60,6 kv.metr 707 nömrəli mənzil Cavabdeh3 Farxadovna adına 04.06.2019-cu il tarixində 223 nömrəli müqaviləyə əsasən rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)- 4593/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti, apelyasiya baxışı zamanı isə apelyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində və əlavədə göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə iddiaçının subyektiv hüququnun olmaması barədə yalnış nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçı Cavabdeh2 münasibətdə kreditor statusuna malikdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, sonuncudan pulun tutulması barədə qətnamə icraya yönəldikdən sonra birgə nikah dövründə əldə etdikləri mübahisəli mənzildən öz gəlinləri Cavabdeh3 xeyrinə imtina etmiş və mənzilin sonuncunun adına rəsmiləşdirilməsi barədə uydurma əqd bağlamışlar. Kollegiya tərəfindən X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini və əlavəni müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər. Cavabdeh Sevda Əliyevanın nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək, göstərmişdir ki, o, mənzillə bağlı hər hansı mübahisənin olduğunu bilməmişdir, mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq 65000 manata almışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli 2(004)-539/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 63524 ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli 2(008)- 4194/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Serqeyevnanın cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı nikahın pozulmasının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, borcun birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, iddia tələblərindən biri Bakı şəhəri, Xocalı prospekti 21 ünvanındakı 9-cu blok 5-ci mərtəbədəki 60 min manata alınmış mənzilin (hazırki iş üzrə mübahisəli mənzil) üzərində hər hansı bir hərəkətin 63524 ABŞ dolları məbləğində borcun tam ödənənə qədər edilməsinin qadağan edilməsi olmuş və iddia tələbinin bu hissəsinə məhkəmə belə münasibət bildirmişdir ki, Bakı şəhəri, Xocalı prospekti 21 ünvanında 5-ci mərtəbədəki mənzilin üzərində hər hansı bir hərəkətin 63524 ABŞ dolları məbləğində borcun tam ödənənə qədər qadağan edilməsi tələbi əsassızdır. Həmin mənzilə dair müqavilə 2011-ci ildə Cavabdeh1 adına bağlanmışdır. İddiaçı hazırki tələblə çıxış etməkdə məqsədi Yasamal Rayon Məhkəməsinin 2(004)-539/2018 saylı 28 fevral 2018-ci il tarixli qətnaməsinin icrasını təmin etməkdir. Məhkəmə araşdırması nətəcəsində Cavabdeh2 payının bu mənzil olduğu müəyyən edilmişdir. Lakin, sözügedən mənzil borclu Cavabdeh2 yeganə yaşayış yeri olduğundan, İddiaçı tələbkar kimi çıxış etdiyi icra sənədi üzrə icrasında tələbin bu mənzilə yönəldilməsinə qanunvericiliklə yol verilmir. Bu səbəbdən Cavabdeh1 adına olan mənzil üzərində Cavabdeh2 İddiaçı olan borcunu tam ödəyənə qədər hər hansı bir hərəkətin aparılmasının qadağan edilməsi Cavabdeh1 hüquqlarını pozmuş olar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq olunmuş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndində göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli 2(103)- 14494/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4194/2019 saylı, 19.08.2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(102)-4075/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2019-cu il tarixli 2(103)-14494/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh1 17.11.2015-ci ildə nikahları ləğv edilmişdir. Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 04.06.2011-ci il tarixli 976 saylı podratçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış müqavilənin surətindən görünür ki, podratçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa etdiyi 21 saylı çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 1 otaqlı, 707 nömrəli 63,5 kv.metr olan mənzilin tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizələrdən (notarial qaydada təsdiq edilmiş) görünür ki, Cavabdeh1 öz adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa olunmuş 21 saylı çoxmənzilli yaşayış binasının V mərtəbəsində 1 otaqlı 707 nömrəli 63,5 kv.metrdən ibarət olan mənzilini Cavabdeh3 Fərhadovanın adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh2 isə mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 04.06.2019-cu il tarixli 223 saylı podratçı Cavabdeh4 MMC ilə sifarişçi Cavabdeh3 Farhadovna arasında bağlanmış müqavilənin surətindən görünür ki, podratçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inşa etdiyi 21 saylı çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 1 otaqlı, 707 nömrəli 63,5 kv.metr olan mənzilin tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh4 MMC ilə Cavabdeh3 Farhadovna arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının XXİ blok, V mərtəbəsində, 1 otaqlı, 707 nömrəli 63,5 kv.metr olan mənzilə dair 13.11.2020-ci il tarixli müqavilə bağlanmışdır. MTK-nın 13.11.2020-ci il tarixli arayışında göstərilmişdir ki, həmin mənzil 13.11.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 məxsusdur və bu mənzilə görə heç bir borcu yoxdur. DƏDRX-nin 616351 saylı Çıxarışından görünür ki, mənzil 21.12.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. 23.12.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 sözügedən mənzili X12 65000 manata satmışdır. DƏDRX-nin Çıxarışından görünür ki, mənzil 15.01.2021-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli mənzil 04.06.2011-ci il tarixdə Cavabdeh1 adına əldə edilmiş, həmin vaxt sonuncu Cavabdeh2 ilə nikahda olmuş, 2015-ci ildə onların nikahları pozulmuş, 04.06.2019-cu il tarixdə (1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi müqavilə isə 13.11.2020-ci il tarixlidir) mübahisəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 Fərhadovanın adına rəsmiləşdirilmiş, həmçinin Cavabdeh2 notarial qaydada qeyd olunan rəsmiləşdirməyə razılıq vermişdir. Cavabdeh3 Fərhadova isə Cavabdeh1 və Cavabdeh2 gəlini, yəni oğlunun arvadıdır. 23.12.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 sözügedən mənzili X12 65000 manata satılmışdır, hazırda mənzil sonuncunun mülkiyyətindədir. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi Cavabdeh2 ona 63524 ABŞ dolları borcunu ödəməsinin təmin edilməsinə yönəldilmişdir. Qanuni qüvvəyə minmiş qətnamə ilə Cavabdeh2 mübahisəli mənzildə payının olması müəyyən edilmiş, lakin, həmin mənzil borclu Cavabdeh2 yeganə yaşayış yeri olduğu üçün, İddiaçı tələbkar kimi çıxış etdiyi icra sənədi üzrə tələbin bu mənzilə yönəldilməsinə qanunvericiliklə yol verilmədiyi, bu səbəbdən də Cavabdeh1 adına olan mənzil üzərində Cavabdeh2 İddiaçı olan borcunu tam ödəyənə qədər hər hansı bir hərəkətin aparılmasının qadağan edilməsi Cavabdeh1 hüquqlarını pozulması kimi qiymətləndirilmişdir. Həmin iş üzrə məhkəmə aktları ilə İddiaçı həmin iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil Cavabdeh1 adına əldə edilmiş əmlak olsa da, mənzil Cavabdeh3 Fərhadovanın adına rəsmiləşdirilməsəydi belə, həmin mənzilin Cavabdeh1 ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakın olub-olmaması, həmin mənzilin Cavabdeh2 ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak olmasının müəyyən edilməsi və mənzildə Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi tələbləri üzrə İddiaçı məhkəmədə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, mübahisəli mənzil 23.12.2020-ci il tarixli müqaviləyə əsasən X2, hazırda mənzil sonuncunun mülkiyyətindədir. Əli Tağıyev mənzili reyestr məlumatları əsasında əldə etmişdir. X3 vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı.” Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. X14 mənzili reyestr məlumatları əsasında əldə edərək, həmin əmlaka başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından, göstərilən hallar müəyyən edilərək, vicdanlı əldə edən hesab edilir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4593/2020 saylı iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar