Məhkəmə qərarları › İş №2(103)-925/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-925/2024

17.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-925/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01910) ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1944, 1036,80 manat və 12441,60 manat olmaqla 15 422,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evində öz ailə üzvləriylə birlikdə yaşayır. O, vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yaşadığı ünvana gəlmiş, 19 iyul 2018-ci il tarixində bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər. Sonradan ona məlum olmuşdur ki, yaşadığı ünvan üçün quraşdırılmış qaz sayğacının guya düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1944 manat məbləğində əsassız borc yazılmışdır. Daha sonra Birliyin Əməkdaşları 2023-cü ildə həmin ünvanda quraşdırılmış qaz sayğacını yenidən əvəzləmiş, ona heç bir məlumat vermədən və borcun yaranması üçün heç bir səbəb göstərmədən ona məxsus **********01910 nömrəli abonent koduna 1036,80 manat və 12441,60 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda o, cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Zamanlı Pərviz) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə dair (abonent kodu: **********01910) İddiaçı hesablanmış cəmi 15 422,40 manat məbləğində borcun silinməsi, 136,27 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh tərəfindən verilmiş şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 15 422,40 (on beş min dörd yüz iyirmi iki manat, qırx qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən isə qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Eyni zamanda mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir. Qeyd edilməlidir ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili K.Yaqubova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyi ilə razılaşır.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir.

8. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi:

9. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********01910 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qüsur qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 9720 m3 olması müəyyən edilmişdir.

10. 31.01.2023-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacına müdaxilə edilərək, qeyri-əhali (istixanada olan əkin) istifadə etməsi barədə qüsur qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 103680 m3 olması müəyyən edilmişdir.

11. xx.xx.2023-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi barədə qüsur qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8640 m3 olması müəyyən edilmişdir.

12. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2018-ci ilin avqust ayı üzrə 1944 manat məbləğində, 2023-cü il üzrə 13 478,40 manat borcunun olması qeyd olunmuşdur.

13. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 925/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/336 nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

15. Bundan sonra müvafiq qərardadla iş üzrə icraat təzələnmişdir.

16. Eyni zamanda apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-925/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır.

17. Həmçinin rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.

18. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 19 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd edilən ünvanda yerləşən evin qaz qurğuları dəqiqləşdirildi və abonentin aşağıda göstərilən qaz qurğularından istifadə etdiyi müəyyən edlidi: -1 eded demir soba. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdiyaşayış evində istifadə olunan 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³ olduğunu və istifadə dövrünü nəzərə almaqla, qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə: -1 x 1.4 m³ x 12 saat x 90 gün =1512 m³ təşkil edə bilər. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə: itirilmiş qazın həcmi 1 x 1.4 m³ x 12 saat x 90 gün = 1512 m³ təşkil edə bilər. xx.xx.2018-ci il tarixlii, ******* nömrəli akt üzrə olan dövr yay aylarına təsadüf etdiyindən dəymiş ziyan hesablana bilməz. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³-i 0,12 manat, illik istehlak həcminin 1200 m³-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, illik istehlak həcminin 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0.25 manat qiymət təyin edildiyini nəzərə alaraq, hər bir akt üzrə qanunsuz istifadə edilmiş 1512 m³ qaz həcminin dəyəri - 1200 m³ x 0.12 manat + 312m³ x.20 manat = 206.4 manat təşkil edər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi nəzərə alınarsa, qazpaylayıcıya dəyən zərərin məbləği 206,4 manat x 2= 412,8 manat manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

19. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)

20. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

22. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

23. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

37. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

38. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir.

42. Rayon məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.

43. Göründüyü kimi həmin ünvanda olan sayğacdan kənar qaz xəttinə qoşulma olubolmamasının müəyyən edilməsi iş üçün əhəmiyyətli olmuşdur.

44. Bu baxımdan apellyasiya baxışı zamanı məhkəmə-trassoloji ekspertizası təyin edilmiş və aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

45. İddiaçı tərəfindən qazın sayğacdankənar talanması barədə cavabdehin təqdim etdiyi aktlar, saldo və fotoşəkillər müliki iş materiallarında əlavə edilmişdir.

46. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Kolegiya Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/336 nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməməsi barədə rəyinə tənqidi yanaşaraq hesab edir ki, müdaxilədən uzun müddət keçdikdən sonra, ekspert tərəfindən, həmin ünvanda o izlərin aşkar edilməməsi mümkün və ağılabatandır. Ən azından o səbəbdən ki, ekspertizanın keçirilməsini bilən iddiaçı tədqiqatın aparılmasına qədər iddiaçı tərəfindən orada “müəyyən təmizləmə işləri edilməsi” mümkün və realdır.

48. Hazırda araşdırmalı məsələ isə cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən borc məbləğinin əsaslı olub-olmaması ilə bağlıdır.

49. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.

50. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 19 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, abonentin qazdan qanunsuz istifadə etməsi nəzərə alınarsa, qazpaylayıcıya dəyən zərərin məbləği 206,4 manat x 2= 412,8 manat manat təşkil edə bilər.

51. Göründüyü kimi qeyd olunan yetərincə əsaslandırılmış mütəxəssis rəyinə əsasən qoşulma halında iddiaçı tərəfindən ödənilməli olan borcun məbləğinin 412.8 manat olması müəyyən edilmişdir.

52. Kollegiya qeyd edir ki, əsassız hesablanmış borcun məbləğinin 15 422,40 manat manat təşkil etdiyini qeyd edən cavabdeh tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiydən, mütəxəssis rəyi ilə isə kənar qoşulmanın mövcud olması halında sərfiyyata görə ödənilməli olan məbləğin 412.8 manat təşkil etdiyi müəyyən edildiyindən, Məhkəmə Kollegiyası hesab edir ki, həmin hissədə (412.8 manatın silinməsi hissəsində) rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğin silinməsi tələb edilən məbləğdən çıxılmaqla (15 422,40 manat - 412.8 manat= 15009.6 manat) İddiaçı hesablanmış cəmi 15009.6 manat məbləğində borc silinməlidir.

54. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

55. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi qismən təmin edilməli və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə dair (abonent kodu: **********01910) İddiaçı hesablanmış borcun 15009.6 manat məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış məhkəmə-trasoloji ekspertizasının xərci 64 (altmış dörd) manat cavabdehdən tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə dair (abonent kodu: **********01910) İddiaçı hesablanmış borcun 15009.6 (on beş min doqquz manat altı qəpik) manat məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış məhkəmə-trasoloji ekspertizasının 64 (altmış dörd) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdehndən alınaraq köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar