Məhkəmə qərarları › İş №2(103)-926/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-926/2024

15.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-926/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mühafizə zonasında yerləşən tikili, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və tikili») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-67/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvan 1 ünvanı kimi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir.

2. İddiaçı X3rovul rəis əvəzi K.Məhərrəmov, mühafizəçi F.Ağazadə və NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktda Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2-ci km-də kəmərdən 25 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, vətəndaş Cavabdeh məxsus olduğu bildirilən dörd tərəfi hasarlı həyətyanı sahənin giriş qapısının yanında əvvəlcədən mövcud olan, uzunluğu 8 metr, eni isə 7 metr olan birmərtəbəli tikilinin üzərinin daha bir mərtəbə artırılması işlərinin aşkarlandığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2ci km-də kəmərdən 25 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada (39T 399129 ******* saylı koordinatda), Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 6-cı döngə, ev 210 ünvanında Cavabdeh tərəfindən inşa edilən hasarın və tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2ci km-də kəmərdən 25 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada (39T 399129 ******* saylı koordinatda), Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 6-cı döngə, ev 210 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-67/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, cavabdeh tərəfindən təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvan 1 ünvanı kimi Cavabdeh adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qanuni əsaslarla Cavabdeh aid olmadığını düşünür. Lakin iddia ərizəsində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddianın mütləq təmin edilməli olduğuna səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməzdi. Çünki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyəçinin mülkiyyətində olan evini öz hesabına sökülməsini və həmin evdən çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməzdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi (nümayəndəsi X1) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, qətnamədən də göründüyü kimi məhkəmə İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək mübahisəli tikili özbaşına tikili olduğu halda, İdarənin qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq üzərindəki cavabdehin tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar icra hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/6121 saylı ekspert rəyindən görünür ki, cavabdehin istifadəsində olan fərdi yaşayış evinin və daş hasarın neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. Lakin məhkəmə sözügedən rəyi nəzərə almamışdır. Bundan əlavə, cavabdehə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tikintilər aparılmış torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir. İşin mübahisəsiz halı budur ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X4 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X4 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-ın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə, diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən bu halların heç birini nəzərə almamış və iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ, İİ, İV hissələrində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). 33-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1 və 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qaldığından iddia haqlı sayılmırdı.

22. Belə ki, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ünvan 1 ünvanı kimi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin qanuni əsaslarla Cavabdeh aid olmadığını düşünür. Lakin iddia ərizəsində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və iddianın mütləq təmin edilməli olduğuna səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməzdi. Çünki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, mülkiyyət hüququ Konstitusiya və Konvensiya çərçivəsində müdafiə olunan və qorunan bir hüquqdur. Bu mənada cavabdeh olan mülkiyyəçinin mülkiyyətində olan evini öz hesabına sökülməsini və həmin evdən çıxarılmasını tələb etmək və bu iddianın da məhkəmə tərəfindən təmin edilməsi yolverilməz olardı. Əlbətdə iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl bunun nə dərəcədə əsaslı və keçərli iddia olmasını, eləcə də torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olub-olmamasını özü üçün müəyyənləşdirməli idi. Düzdü, iddiaçı şikayətində göstərir ki, cavabdehə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz tikintilər aparılmış torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Ancaq iddiaçı iddia tələbində cavabdehin mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin ünvanını konkret göstərərək həmin ünvandakı tikilinin sökülməsini tələb edir. Əgər cavabdehin mülkiyyətində olan torpaq sahəsində deyil, başqa ərazidə tikinti apardığını zənn edirdisə, bunu özü aydınlaşdırıb iddia tələbini konkret göstərməli idi. Lakin nə iddia ərizəsində, nədə iş materiallarında cavabdehin mülkiyyətində olan torpaq sahəsində deyil, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsində tikinti aparması barədə heç bir məlumat göstərməmişdir. Buna görə də, iddiaçının sonradan bu cür dəlillərdən istifadə etməsi də başadüşülən olmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi də razılaşa bilər ki, neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi hesab edilir, orada arzuolunmaz hadisələrin baş verməsi ehtimal oluna bilər. Ancaq iddiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ məhz daşınmaz əmlakın Dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Demək ki, hazırki iddianın təmin olunması da Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə , həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2). Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsasən cavabdehin bu hüquqları müdafiə edilməli olduğundan məhkəmə də iddianı təmin etməmişdir.

24. Bundan əlavə, iddiaçının sökülməsini tələb etdiyin fərdi yaşayış evinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması iş materialları və tərəflərin məlumatları ilə öz təsdiqini tapır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı tərəf də təkzib etmir. Lakin niyə məhz cavabdehə qarşı hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmənin diqqətinə çatdırmaq istəmir yaxud çatdıra bilmir. Cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi, üstəlik mülkiyyətçi kimi həmin evdə yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu evin üzərində təmir yaxud bərpa işləri aparılsın. Lakin bu hal da iddiaçıya əsas vermir ki, o, məhz bütövlükdə evin, özü də ən azından heç bir kompensasiya təklif etmədən tam sökülməsini tələb etsin. Üstəlik iddiaçı tərəf həqiqətən insanların həyat və sağlamlığı üçün də “narahat” olduğuna görə bu cür iddia irəli sürübsə, ən azından bugünədək neft kəmərinin mühafizə zonasında hansısa tikilinin sökülməsinə nail olmalarına dair məhkəməyə sübut da təqdim edə bilərdi, ancaq etməyib. Belə bir vəziyyətdə cavabdehə qarşı bu formada iddia irəli sürməsi isə hüququn ali məqsədinə xidmət etmir. Yəni, hüququn ali məqsədi ədaləti təmin etməkdir. İddiaçının arzuladığı formada məhkəmə aktının çıxarılması isə açıq-aşkar hüququn ali məqsədinə xidmət etməzdi.

25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-67/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-67/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar