Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9268/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(007)-2043/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(103)-9268/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 09.01.2019-cu il tarixli müqavilə üzrə Lenovo markalı notebook üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 11.04.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN markalı paltaryuyan, Samsung LED markalı TV üçün 1283 (min iki yüz səksən üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, 08.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********17391 olan Samsung Galaxy A30 markalı telefon və 2 ədəd aksesuar üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, ümumilikdə 2255 manat borc, 24.25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5.75 (beş manat yetmiş beş qəpik) manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yenidən araşdırma aparılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməmiş və bunun da nəticəsində işə cavabdehin iştirakı olmadan baxılmaqla düzgün olmayan qətnamə qəbul edilmişdir. Qeyd edilir ki, iddia ərizəsində cavabdehin iddiaçıya olan borcu həddindən artıq şişirdilərək, əsassız olaraq əlavə dəbbə pulu hesablanmşdır. Belə ki, 2020-ci ildən başlayaraq Respublikada baş verən "Koronovirııs pandemiyası” ilə əlaqədar işləmədiyinə görə, eləcə də xroniki xəstəliyi ilə bağlı uzun müddətli stasionar müalicələrdə olduğu üçün iddiaçıya olan borcunu vaxtında ödəyə bilməmişdir. Bu barədə iddiaçıya məlumat versə də, lakin iddiaçı qeyd etdiyi bu halları nəzərə almamış, ona heç bir xəbər vermədən məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, iddiaçıya olan borcunun düzgün məbləğini müəyyən etməkdən ötrü iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi zəruridir. Ona görə də, hesab edir ki, həmin qətnamə ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etidiyini şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 09.01.2019-cu il tarixli 00463160 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Lenovo markalı notebook verilmişdir. 09.01.2019-cu il tarixli 00463160 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, hər ayın 07-dən gec olmayaraq 12 ay müddətinə 93 manat ödəniş etməlidir. "xxxx" MMC-nin 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 502 manat ödənilməmiş hissə, 139 manat cərimə, cəmi 641 manat borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli 00711655 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********17391 olan Samsung Galaxy A30 markalı telefon və 2 ədəd aksesuar verilmişdir. 08.06.2019-cu il tarixli 00711655 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 08-dən gec olmayaraq 9 ay müddətinə 74 manat ödəniş etməlidir. "xxxx" MMC-nin 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 370 manat ödənilməmiş hissə, 111 manat cərimə, cəmi 481 manat borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli 00609004 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN markalı paltaryuyan, Samsung LED markalı TV verilmişdir. 11.04.2019-cu il tarixli 00609004 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, hər ayın 09-dan gec olmayaraq 18 ay müddətinə 107 manat ödəniş etməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, 11 aprel 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 1935 manat, 09 yanvar 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 1128 manat, 08 iyun 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 667 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakları cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, ödənilməli olan pul vəsaitini ödəməmişdir. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də alğı-satqı müqaviləsidir və həmin müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567-ci maddəsi). Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir (MM 622.3-cü maddəsi). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (MM 600.5-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə nisyə alğı-satqı müqavilələri ilə dəyərini hissə-hissə ödəmək şərti ilə mal verməsini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə borcun tutulması hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh 11 aprel 2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə ümumilikdə 1935 manat, 09 yanvar 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 1128 manat, 08 iyun 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə ümumilikdə 667 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cərimənin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi və mobil telefon nömrəsinə SMS bildirişlər göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi qanunvericiliyə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin ekspertiza keçirilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(007)-2043/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9268/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9268/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver