Məhkəmə qərarları › İş №2(103)-9269/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9269/2021

06.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9269/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı vəkili X8, Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, Cavabdeh mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 noyabr 2013-cü il tarixli, ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28V saylı evin mülkiyyətçisidir. Hazırda o, mülkiyyətində olan mənzildə yaşamır. Bir gün evinə gedərkən evin həyətə giriş yolu hissəsində qonşusu Cavabdeh tərəfindən həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikilinin inşa edildiyini görüb bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin, Cavabdeh etdiyi işin qanunsuz olduğunu biləbilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmış, onun həyətə giriş qapısını bağlamışdır. O, hər dəfə mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalıdır. Bu hal iş materiallarına əlavə etdiyi fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, iddiaçının qeyd etdiyi hasar iddiaçı məhkəməyə müraciət etməmişdən 2 il yarım əvvəl çəkilib. Hasar çəkiləndə hasarı çəkən ustaların- X9, X10 və X1 şahidliyi ilə iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilmişdir. Həmin vaxt Möhlət metrin arxa tərəfindən tutub, bir tərəfindən də ustalardan - X12 tutub 4.5 m məsafə yol saxlayaraq hasarın yerini işarə edib. Həmin işarə qoyulmuş yerdən hasar 1 metr hündürlükdə hörülmüşdü. Səhərisi gün iddiaçı gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m olduğunu gördü və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirmişdir. Bundan sonra cavabdehlə qarşılıqlı razılıq əsasında hasar sökülmüş və arxaya çəkilmişdir. Hasar tikilib, üzlənib başa çatdıqdan 20-25 gün sonra iddiaçı öz qaraj qapısını daha əvvəldən yolu zəbt edib həyətinə birləşdirməyinə baxmayaraq, bundan əlavə qapının yenidən 3 metr irəli çəkmək istəmişdir. İddiaçının qapısını yenidən 3 metr irəli çəkilməsi Cavabdeh giriş-çıxış qapısına mane olduğu üçün buna etiraz etmiş və mübahisələri yaranmışdır. Hətta hasarın qanuni olmasını yoxlamaq üçün inzibati ərazi nümayəndəliyinin və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən baxış keçirilmişdir. Əldə olan sənədlərlə mövcud tikililər yoxlanıldıqdan sonra bildirdilər ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1,2 m arxadan çəkilib, yəni cavabdeh hal-hazırda hasarı hətta 1,2 m irəli çəkmək hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh orada özbaşına tikili tikməmişdir. 2004-cü ildən Bakı şəhər İcra Hakimyyətinin təsdiqi ilə layihə və sərəncam var. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 avqust 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, M.K.Atatürk prospekti 28 b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28 b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırarkən də işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)- 2983/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(102)-4606/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-2983/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, qeyd olunan hasarın ona heç bir aidiyyəti yoxdur. Kassasiya instansiyası məhkəməsində təqdim etdiyi 30.05.2018-ci il tarixli çıxarışdan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B X2 mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh izahatına uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X13 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi və X7 məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mülkiyyətçi olan X4 işə cəlb etməmiş, onun hüquq və vəzifələrinə aid məsələni həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən kobud prosessual pozuntu halını nəzərə alıb, bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 10 iyun 2019-cu il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 28V ünvanındakı fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 230 saylı reyestr kitabının 21289 nömrəli vərəqində 01.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 avqust 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli arayışdan görünür ki, Vəkil2 sorğusuna cavab olaraq Bakı şəhəri, M.K.Atatürk prospekti 28b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 08 aprel 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28 “b” saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RXseriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanındakı mənzil X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 121 saylı reyestr kitabının 10435 nömrəli vərəqində 19 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli, 26563 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Həmçinin, həmin ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 sentyabr 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28b ünvanında yerləşən fərdi yaşayış evi və hasarı 08 aprel 2004cü il tarixli 249 saylı Sərəncama əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihəyə uyğun tikilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 30.07.2021-ci il tarixli, 2(102)-4606/2021 saylı qərarında qeyd etmişdir ki, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli hasarın Cavabdeh aidiyyəti hər hansı bir sənədlə təsdiq edilmir. Belə olan halda, Cavabdeh üzərinə həmin hasarın sökülməsinə dair hər hansı öhdəliyin qoyulması tamamilə əsassızdır. Məhkəmə sözügedən əmlakın hüquqi rejimini bu günədək dəqiqləşdirməyib. Bu isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Yəni söküntü ilə əlaqədar iddia əsl cavabdehə qarşı qaldırılmayıb. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə İddiaçı özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbi üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. İş materialında olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestridən çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28v ünvanında yerləşən fərdi yaşayış evinin iş üzrə İddiaçı məxsus olması müəyyən edilsə də, özbaşına tikili olduğu iddia edilən hasarın Cavabdeh məxsus olması iş materialları müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən mübahisənin həllindən ilk öncə iddianın tələbə cavab verməli olan şəxsə qarşı qaldırılıb-qaldırılmadığının müəyyən edilməsi baxımından əhəmiyyətli hal olan hasarın aid olduğu torpaq sahəsinin və ya fərdi yaşayış evinin kimin mülkiyyətində olması halı aydınlaşdırılmadan iş üzrə qətnamə qəbul etməklə prosessual hüquq normasının pozuntusuna yol verilmişdir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28V saylı evin mülkiyyətçisi İddiaçıdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 01 noyabr 2013-cü il tarixli ********** saylı çıxarış verilmişdir. Hazırda o, mülkiyyətində olan mənzildə yaşamır. Onun evinin həyətə giriş yolu hissəsində qonşusu Cavabdeh tərəfindən həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikilinin inşa edildiyini görüb bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb edir. İş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısı mişar daşı ilə hörülməklə, həmin qapı boşluğu sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qalır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B ünvanındakı mənzil X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və 2872 saylı reyestr kitabının 267913 nömrəli vərəqində 30 may 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, ekspert rəyində qeyd olunan mişar daşı ilə hörülmüş iddiaçıya aid keçid qapı boşluğunun X5 aid Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən olunur. Belə olan halda, kollegiya hesab edir ki, hazırki iş üzrə Cavabdeh iddiaçının tələbinə cavab verən şəxs deyildir. Yəni iddia əsl cavabdehə qarşı qaldırılmayıb. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia hasarın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, ev 28B saylı ünvanının mülkiyyətçisinə qarşı qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki eksertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı oğlundan alınınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki eksertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı oğlundan alınınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar