Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-927/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4047/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, At yalı, bina 01, 2229 saylı mənzilə əsassız yazılmış 1.286,96 AZN (bir min iki yüz səksən altı manat 96 qəpik) borcun qanunsuz hesab edilərək abonent hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4047/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, İddiaçı məxsus **********01834 abunə kodundan 1558,37 manat məbləğində borcun silinməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh onu mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin əsassız və qeyri-qanuni olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini qeyd edərək göstərmişdir ki, iddiaçıya sayğacdankənar xətlə qoşulma olduğuna görə yerində tərib edilən akt əsasında 1266,1 manat borc hesablanmışdır. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının akta əsasən borcu var, onun sayğaca əsasən borcu yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin ediləməsini xahiş etdi. Sübutların tədqiqi: Müki işdə olan 29.03.2021-ci il tarixli R 212811 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********01834) elektrik sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılmışdır və sayğacdan kənar xətt var. Belə ki, kənar xətt sayğaca daxil olan giriş kabinetini zədələyərək bir başa mənzilə daxil olmuşdur. Kənar xətdən axan yük tərəflərindən ölçülmüşdür. "xxxx" ASC-nin 05.04.2021-ci il tarixli icra vərəqinin surətindən görünür ki, At yalında (**********01834 abunə kodlu) sayğacdan kənar xətdən istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçıya (cəmi 1266,01 manat borc hesablanması və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bununla belə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin borcu akta əsasən hesablanmış 1266,01 manat məbləğidir. . Bu səbəbdən, qətnamədə silinməsi qərara alınmış borc məbləği dəyişdirilməli, həmin məbləğ 1266,01 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə silinməli borc məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 1266,01 manat müəyyən edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4047/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi, silinməli borc məbləği hissəsində dəyişdirilsin. İddiaçı məxsus **********01834 abunə kodundan silinməli borc məbləği 1266,01 (min iki yüz altmış altı, bir qəpik) manat müəyyən edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elmira Nağıyeva Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-927/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-927/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver