Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-930/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6121/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00022) 2017-ci ilin sentyabr ayında 1.318,80 manat borc hesablanmışdır. Bu səbəbdən İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq tutulmuş 1.318,79 manat pul vəsaitinin ona geri qaytarılması və cavabdehdən onun xeyrinə 1000 manat dəymiş mənəvi zərərin əvəzinin tutulmasını xahiş etmişdir.
2. İş materiallarında olan, 2 saylı Bakı Asan Kommunal Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli GPG16044954 Smart sayğaclı abonent çıxarışından görünür ki, iddiaçı tərəfindən smart kartına yüklənmiş vəsaitlər hesabına 1318,80 manat borc bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq tutulmuş 1.318,79 manat pul vəsaitinin ona geri qaytarılması və cavabdehdən onun xeyrinə 1000 manat dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2017-ci il tarixində cavabdeh təşkilat tərəfindən xəbərdarlıq olunmadan və hər-hansı akt tərtib edilmədən, ziddiyyətli və düzgün olmayan formada adına 1.318,79 manat borc hesablanmışdır. Lakin cavabdeh orqanla həmin borcun hansı qaydada hesablanması barədə məlumat almaq mümkün olmamışdır. Cavabdeh tərəfindən əsassız borc yazıldığından heç bir məhkəmə qərarı olmadan cibinə giriblər. Belə ki, hər dəfə təbii qazın istifadəsinə görə ödəmiş olduğu puldan vəsait tuturmuşlar. Belə ki, ondan ümumilikdə 1318,79 manat pul vəsaiti tutulmuşdur. Bu qədər təbii qaza görə istifadə etməsi qeyri-mümkündür. Belə ki, evində qazanxana, pekarnı işlətmir ki, bu qədər də, borcu olmuş olsun. Bu səbəbdən hesab edir ki, məhkəmə qərarı olmadan qanunsuz olaraq karta yüklədiyi vəsaitdən hər dəfə tutulan məbləğlər ona geri qaytarılmalıdır. Hüququnun pozulması nəticəsində iqtisadi vəziyyəti çətinləşmiş və ona maddi, həmçinin mənəvi ziyan vurulmuşdur. Mənəvi zərəri 1000 manat həcmində qiymətləndirir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-6121/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00022) təbii qazın dəyərinin ödənilməsinə görə 2017-ci ilin sentyabr ayında hesablanmış borcla bağlı smart kartın balansından silinmiş 1.318,79 (min üç yüz on səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınıb İddiaçı geri qaytarılması, iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin edilməməsi, Cavabdehndən 33,20 (otuz üç manat 20 qəpik) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına 2017-ci ilin sentyabr ayında 1318,80 manat borcun hesablanmasına dair cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsini, həmin borc məbləğinin cavabdeh tərəfindən iddiaçının karta mədaxil etdiyi vəsait hesabına tutulmasını, nəticə etibarı ilə istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasını nəzərə alıb hesab edir ki, iddia tələbi borca görə silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilməlidir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18 və 26-cı maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 13.9-cu maddələrinə, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh İB-nin apelyasiya şikayətində göstərilmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üzrə hərtərəfi, obyektiv araşdırma aparılmamış maddi və prossesual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, Birliyin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Hesablanmış 1.318,79 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh İB-yi tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Qətnamədən Cavabdeh İB-yi apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
17. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
19. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
20. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
21. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
22. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
23. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
25. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
26. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqısatqı müqaviləsinə görə cavabdeh iddiaçını təbii qazla təmin etməli, iddiaçı isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə cavabdehə ödəməlidir.
38. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş mövcud olmayan akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin mövcud olmayan akt əsasında İddiaçı tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməmişdir. Odur ki, həmin mövcud olmayan aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin nümayəndəsi apelyasiya məhkəməsinin iclasında iştirak edərək, apelyasiya şikayətində qeyd etdiklərini sübut edə bilməmişdir.
40. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətindəki dəlillərini əsassız hesab edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB-nin apelyasiya şikayətində qeyd etdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, həmçinin apelyasiya şikayətində göstərilən digər dəlillər də qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
42. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
43. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
45. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 1.318,79 (min üç yüz on səkkiz manat 79 qəpik) manat təşkil edir.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6121/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.