Məhkəmə qərarları › İş №2(103)-9308/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9308/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9308/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(011)-3786/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən iddiaçıya məxsus fərdi evə hesablanmış 968 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi ev iddiaçıya məxsusdur. Bir müddət öncə Cavabdeh İB-nin nümayəndələri iddiaçının evində qeyriqanuni, kənar xəttin olmasını bildirərək onun evinə cərimə yazmışlar. Halbuki iddiaçının evində kənar xətt olmamışdır. Cavabdeh İB-nin əməkdaşları iddiaçıdan 1.594,80 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Həmin borcla bağlı iddiaçı tərəfindən ödənişlər edilmişdir və bu günə 968 manat borcu qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 989 manat borcun silinməsi və 605,80 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(011)-3786/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********01900 saylı abunə koduna hesablanmış 989 (doqquz yüz səksən doqquz) manat borcdan 100 (bir yüz) manat saxlanılmaqla qalan 889 (səkkiz yüz səksən doqquz) manat məbləğində borcun silinməsi və Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 605,80 (altı yüz beş manat səksən qəpik) manat məbləğində pulun iddiaçıya geri qaytarılması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissəsini ləvğ edib, X1 iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edərək, Cavabdeh İB-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarınav düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı evinin qaz xəttinə quraşdırılmış qaz sayğacından kənar gizli yolla qaz xətti çəkmiş, bu xəttdən istifadə etməklə evində sərf edilmiş qazın dəəyərinin müəyyən edilməsindən yayınmış və faktiki istifadə etdiyi qazın dəyərini ödəməmişdir.. İş üzrə İddiaçı və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etimşdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2018-ci il tarixli akta əsasən, mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsilə sayğacdan kənar istifadə etməsi aşkar olunmuşdur. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50% miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2018-ci ilin oktybr ayında abonentin 1.594,80 manat borcu olmuşdur. 2018-ci ilin oktyabr ayından 2021-ci ilin may ayınadək abonentin hesabından 605.80 manat məbləğində tutmalar aparılmışdır. 2021-ci ilin may ayına abonentin 989 manat borcu mövcuddur. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən ünvanda qış aylarında qazın verilməsində təzyiqin aşağı olduğu üçün ozü sayğaca müdaxilə etmiş və bir gün qaydaları pozmaqla istifadə etdiyini bildirmişdir. Bu hərəkətini evində xəstə olduğu üçün etməyə məcbur olduğunu qeyd etmişdir. Daha sonra qaz idarəsindən gələn işçilər məhz bu xəttin mövcudluğunu əsas götürərək onun qeyri-qanuni xətdən istifadə etdiyi qənaətinə gəlmişlər. İddiaçı bilmədiyindən bu hal baş vermiş və sərf etdiyi qazın dəyərini ödəməyə etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, iddiaçının abunə koduna hesablanmış 989 manat borcdan 100 manat saxlanılmaqla qalan 889 manat məbləğində borcun silinməsini məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 605,80 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********01900 saylı abunə koduna hesablanmış 989 manat borcdan 100 manat saxlanılmaqla qalan 889 manat məbləğində borc silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 605,80 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(011)- 3786/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar