Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9310/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun silinməsi və pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 iyun 2021ci il tarixli, 2(011)-3760/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib olunmuş 21 sentyabr 2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1.173 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 771 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı geri qaytarılması və işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün 7 saylı Vəkil Bürosunun hesabına ödədiyi 120 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmış ki, iddiaçı təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. 12 sentyabr 2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri iddiaçıya məxsus mənzildən həyətdə quraşdırılmış smart tipli qaz sayğacını yeni smart tipli qaz sayğacı ilə əvəz edib akt tərtib etmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, mexanika tipli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması rəyi verilmişdir. İddiaçıya qaz itkisinin yaranması səbəbindən 1.944 manat cərimə borcu qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3760/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00420 saylı abunə koduna hesablanmış borcdan qalan 1.173 (min yüz yetmiş üç) manat məbləğində borcun silinməsi, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 771 (yeddi yüz yetmiş bir) manat məbləğində pulun iddiaçıya geri qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3760/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 21 sentyabr 2018-ci il tarixli hesabatından görünür ki, istehlakçıya qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün; kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 9720 m3 sərfiyyat üçün 1.944 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 12 sentyabr 2018-ci il tarixdə iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmin vaxt abonent iştirak etmiş və tərtib edilmiş aktı imzalamışdır. 21 sentyabr 2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin tarixdə Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpasına dair hesabat aparılmış və 9720 m3 qaz itkisi müəyyən edilmişdir. Bu qədər qaz itkisinə görə iddiaçıya 1944 (9720 m3 x 0,20 qəpik) manat ziyan hesablanmışdır. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. İddiaçı tərəfindən borcun bir qismi ödənilmiş, onun 2021-ci ilin mart ayına qalıq borcu 1.173 manat olmuşdur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək abonentin hesabından 771 manat məbləğində tutmalar aparılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə sübutetmə yükünün Cavabdeh İB-nin üzərinə düşdüyünü, onların isə öz növbəsində, qazdan istifadə qaydalarının pozulmasına görə tərtib etdikləri aktda mənzildə yaşayan şəxslər tərəfindən sayğaca müdaxilə edilməsinin öz təsdiqini tapmaması kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacının dəyişdirilməsi iddiaçının özünün iştirakı ilə həyata keçirilmiş və sökülmüş sayğac laboratoriya şəraitində yoxlanılarkən onun çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və müvafiq borc məbləği hesablanmışdır. Lakin iddiaçı tərəfindən bu hala heç bir etiraz olmamış, onun tərəfindən hesablanmış borca görə onun tərəfindən 3 ilə yaxın müddət ərzində ziyan məbləğindən ödənişlər etmişdir. Qeyd edilən halı məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasının etirafı kimi qəbul edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə nəticəsində qaz itkisinə yol verilməsi, bunun nəticəsində cavabdehə ziyan vurulması öz təsdiqini tapır və iddiaçı həmin ziyanın vurulmasına görə mülki-hüquqi məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, vurulan zərərin məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın hesablanması haqqında aktdan görünür ki, ziyan məbləği iddiaçının istifadəsində olan 1 ədəd PQ-4 qaz cihazı və 1 ədəd Kombi sisteminə görə hesablanmış, hesabat müddəti 180 gün müəyyən edilmişdir. Sayğacın 12 sentyabr 2018-ci il tarixdə dəyişdirildiyi nəzərə alınaraq müəyyən edilir ki, hesabat həmin tarixdən əvvəlki 180 gün üzrə (12 mart 2018-ci ildən başlayaraq) aparılmışdır. Kombi sisteminin mənzillərin qızdırılması üçün istifadə edildiyini, habelə isitmə mövsümünün hər ilin 15 noyabr tarixindən növbəti ilin 15 aprel tarixinə qədər olan müddəti əhatə etməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya kombi cihazından istifadəyə görə hesabat 180 gün deyil, 33 gün üzrə (12 mart – 15 aprel 2018-ci il) aparılmalı idi. Belə olan halda, kombi sisteminə görə hesablanmış qaz itkisinin miqdarı 8424 m3 deyil, 1544,4 m3 (2,6 m3 x 18 saat x 33 gün) təşkil edir ki, həmin ziyana görə məbləğ 308,88 manat (1544,4 m3 x 0,20 qəpik) təşkil edir. İddiaçının istifadəsində olan PQ-4 cihazına görə hesablanmış 1296 m3 qaz itkisinə görə vurulmuş ziyanın məbləğinin 259,20 manat (1296 m3 x 180 gün) təşkil etməsi nəzərə alınmaqla, cavabdehə itirilmiş qaz itkisinə görə (1544,40 m3 + 1296 m3 = 2840,40 m3) vurulmuş ziyanın ümumi məbləğinin 568,08 manat (308,88 + 259,20) təşkil etdiyi müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası itirilmiş qaza görə iddiaçıya borc hesablanmasını qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, qaz itkisinə görə cavabdehə vurulmuş ziyanın məbləği 568,08 manat təşkil etdiyindən, vurulmuş ziyana görə iddiaçı tərəfindən ödənilmiş 771 manatdan 568,08 manat çıxılmaqla, qalan hissə ona geri qaytarılmalı, habelə ona əsassız hesablanmış borc məbləği silinməlidir. İşə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına diqqət etmədən, həmin məbləğin də geri qaytarılmasını qət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin iddianın tam təmin edilməsinə dair gəlmiş olduğu nəticəni qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh tərəfindən İddiaçı abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 568,08 manat məbləğində pulun iddiaçıya geri qaytarılması hissəsində ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 202,92 manat məbləğində pul iddiaçıya geri qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3760/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin və Cavabdeh İB tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 202,92 manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9310/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9310/2021
21.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver