Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9315/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-3337/2020 saylı mülki iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh X3 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı 18.11,2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X4 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş İddiaçı ilə X5 arasında 26 fevral 2020-ci il tarixdə bağlanmış "Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi" etibarsız hesab edilmiş, cavabdeh X1 adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi, cavabdeh X1 Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı sahibliyinə qaytarılması qət edilmişdir. Cavabdeh X6 həmin qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün apellyasiyaya şikayət vermək qərarına gəlmiş, məhkəmədə hüquqlarını və mənafelələrinin müdafiə etməsi üçün iş yoldaşları vasitəsilə özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən Nəsimi adlı şəxslə tanış olmuşdur. Nəsimi onun işini özü və digər vəkil tanışı ilə birlikdə aparacağını, məhkəmə proseslərində birlikdə iştirak edəcəklərini, onun məhkəmə iclaslarına gəlməyinə ehtiyac olmadığını bildirmişdir. Bu məqsədlə o, ondan elə işlədiyi yerdə birdəfəlik 4000 (dörd min) manat məbləğində pul almışdır. Bundan sonra o, Nəsiminin tanışı olan vəkil X12 etibarnamə vermişdir. S.Y.Əkbərov yuxarıda qeyd etdiyi iddia tələbi üzrə sonuncu iki məhkəmə iclasında onun vəkili kimi çıxış etmişdir. Lakin məhkəmə prosesini uduzmuşdur. Bundan sonra isə Nəsİmi adlı şəxs ona verdiyi pulu qaytarmamış və bildirmişdir ki, S.Y.Əkbərov onu apellyasiya məhkəməsində də təmsil edəcəkdir. 4000 manat pulun 1000 manatını özü üçün saxlayacaq, qalan 3000 manatı isə apellyasiya məhkəməsində lazımi xərclər üçün istifadə edəcəkdir. Bu səbəbdən də ona pulu qaytarmamışdır. Bundan sonra onlar tərəfindən apellyasiya şikayəti hazırlanmış və imzalanmaq üçün ona verilmiş, o da şikayəti imzalamışdır. Lakn aradan uzun müddət keçməsinə baxmayaraq hələ də apellyasiya şikayəti məhkəməyə təqdim edilməmişdir. Belə ki, o, qətnamənin icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən çağırıldıqda ona məlum olmuşdur ki, apellyasiya şikayəti məhkəməyə göndərilməmişdir. Bununla bağlı həm Xətai Rayon Məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsində müvafiq müraciətlərinə baxılmış və onun adından apellyasiya şikayətinin məhkəməyə daxil olmadığı bildirilmişdir. Bununla bağlı Nəsimi ilə əlaqə saxlasa da, o, apellyasiya şikayətinin verilmiş olduğunu bildirmiş, şikayətin məhkəməyə göndərilməsini təsdiq edən poçt qəbzinin surətini Whatsapp sosial şəbəkəsi vasitəsi ilə ona göndərmiş, məhkəmə iclasının 17 may 2021-ci il tarixdə keçirildiyini və növbəti məhkəmə iclasının 03 iyun 2021-ci il tarixə təyin edildiyini bildirmişdir. O, Bakı Apellyasiya Məhkəməsinə gedərək, işi ilə maraqlansa da, məhkəmə əməkdaşı onun şikayətinin məhkəmənin icraatına daxil olmadığını bildirmişdir. Bundan sonra o, yenə də Nəsimiyə zəng edib vəziyyəti ona bildirsə də, Nəsimi işini gizli apardığını, yalnız onunla birlikdə məhkəməyə gedəcəyi halda ona işi barədə məlumat veriləcəyini bildirmişdir. Daha sonra o, qəbzin üzərində qeyd edilmiş "xxxx" kuryer şirkəti ilə əlaqə saxlayaraq şikayətinin hansı tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini soruşmuş, həmin kuryer şirkətinə məxsus Nəsiminin ona göndərdiyi poçt qəbzinin surətini kuryer şirkətinin əməkdaşına göndərərək, məsələni araşdırmasını xahiş etmişdir. Kuryer şirkətinin əməkdaşı sənədin çatdırılmalı olduğu məhkəmənin əməkdaşı tərəfindən qəbul edilməsi ilə bağlı qəbzdə imzanın, tarixin, ad və soyadın yazılmalı olduğunu, ona göndərdiyi qəbzdə isə belə bir qeydin olmadığını, sənədin qəbul edilməsi ilə bağlı imzanın şirkətin əməkdaşlarına məxsus olmadığını, kuryer şirkətinə məxsus qəbzdən başqa şəxslərin istifadə etdiyini bildirmişdir. 21 may 2021-ci il tarixdə həyat yoldaşı Nəsimi ilə telefon vasitəsi ilə əlaqə saxlamış, Nəsimi apellyasiya şikayəti verildiyindən, icra sənədi üzrə icraatın dayandırılması üçün Bakı Apellyasiya Məhkəməsindən müvafiq sənədi alıb Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim edəcəyini bildirmişdir. O, S.Y.Əkbərovu heç vaxt görməmiş, yalnız onun adına etibarnamə vermişdir. Nəsimi adlı şəxs və vəkil S.Y.Əkbərov onun etibarından sui- istifadə edərək pulunu mənimsəmiş, dələduzluq etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)-3337/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehi həmin iş üzrə daha əvvəl vəkil və nümayəndə Vəkil1 təmsil edib, işin sonrakı iclaslarından S.Y.Əkbərov da işə qoşulub. Hər iki vəkil və nümayəndə işin sonuna kimi iştirak ediblər. Cavabeh qətnamədən xəbərdar olub, işin nəticəsini bilib, özü və nümayəndələri qətnaməni alıblar. Lakin, qətnamədən cavabdeh şikayət verməyib, onunla danışıqlar aparılıb, hətta ona şikayət verməyəcəyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)-3337/2020 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan vəsatətə əlavə edilmiş 169507 nömrəli qaimənin surətindən görünür ki, göndərən X2 adından alan qismində Bakı Apellyasiya Məhkəməsinə çatdırılması üçün "xxxx" MMC-yə (ölkədaxili və beynəlxalq poçt daşıma şirkəti) 11.01.2021-ci il tarixdə məktub verilmişdir. İş materiallarında olan vəsatət əlavə edilmiş şikayət ərizəsindən görünür ki, cavabdeh X6 tərəfindən Nəsimi adlı şəxsin və vəkil X11 cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Nəsimi RPİ- nin 22-ci Polis Bölməsinə şikayət ilə müraciət edilmişdir. İş materiallarında olan vəsatətə əlavə edilmiş Nəsimi RPİ-nin 22-ci Polis Bölməsindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, özünü vəkil kimi təqdim edən Nəsimi tərəfindən aldadılaraq 4000 manat pulunun ələ keçirilməsi ilə bağlı cavabdehin ərizəsi hal-hazırda həmin bölmə tərəfindən araşdırılır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsini rəhbər tutaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən buraxılıb və həmin müddət bərpa edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı mülki iş üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9315/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9315/2021
13.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver