Məhkəmə qərarları › İş №2(103)-9317/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9317/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9317/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Rəşad Əliyevin, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» 2(011)-827/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 2-ci sahə ünvanda yerləşən evə əsassız olaraq borc kimi yazılmış 949,20 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramanada yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən 30.03.2020-ci il tarixində həmin fərdi yaşayış evində sayğaca baxış keçirilən zaman, guya kənar xətdən istifadə edildiyinə görə cərimə hesablanmışdır. Halbuki iddiaçı qeyd edilən ünvana 28.03.2020-ci il tarixdə köçmüş və təbii qazdan qaz sayğacından kənar, qeyri-qanuni istifadə etməmişdir. Hesab edir ki, hesablanmış borc məbləği əsassızdır və silinməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********01980) hesablanmış 885,60 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallara qiymət verilməmiş, mübahisənin düzgün həll edilməsi üçün zəruri qanun və qaydaların tələbləri tətbiq edilməmiş, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, məhkəmə qəbul etmədiyi borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana 2-ci sahə ünvanda quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.03.2020-ci il tarixli, ******* saylı aktda «abonent qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə aşkar edilmişdir» qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 30.03.2020-ci il tarixli «Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə»nin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 8856 m3, qazın dəyərinə borc hesablanmış, 885,60 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.05.2021-ci il tarixli 10/923 saylı ekspert rəyinə əsasən, İddiaçı abonenti olduğu Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar Cavabdeh İB-yə məxsus qaz xəttinə sayğacdan kənar qanunsuz hər hansı qoşulmanın, eləcə də qoşulmaya xarakterik əlamətlərin (qaynaq və s.) olması halı aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 885,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etməsi məhkəmədə sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir, iddia əsaslı olmaqla təmin edilməli, qaz sərfinə görə iddiaçıya hesablanmış 885,60 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(011)-827/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar