Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9322/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli 2(001)-6507/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12 avqust 2015-ci il tarilxi, 3M-1872 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə və torpaq sahəsinin İddiaçı MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək iddianın təmin etmə tədbiri kimi Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 3.4326 ha sahəsi üzərinə həbs qoyulması və Cavabdeh1 həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Abşeron Rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 3.4326 ha sahəsi üzərinə həbs qoyulması və Cavabdeh1 həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında mübahisəsi gedən torpaq sahəsinin sonuncu sahibinin adına olan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi qeyd edilmişdir. Məhz bu əsasla məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin iş üzrə gəlmiş olduğu qənaətlə razılaşmayaraq bildirir ki, iş materiallarına alqı-satqı ilə bağlı notariat işi əlavə edilmişdir. Torpaq sahəsinin sonuncu mülkiyyətçinin adına olan hüquqmüəyyənedici sənədin İddiaçı MMC-də olması qeyri mümkündür. Mülki iş materiallarına etibarsızlığı mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş surəti əlavə edilmiş və iddianın təmin etmə tədbiri birbaşa mübahisə predmeti barəsindədir. Həmçinin iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə 3,4326 ha torpaq sahəsi üzrə Cavabdeh1 icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağa olunması xahiş olunmuşdur. Yəni, həmin qadağanın tətbiq edilməsi Cavabdeh1 gələcəkdə o torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün maneə yaradır. Həmin maneənin yaranması isə gələcəkdə digər 3-cü şəxslərin hüquqlarının pozulmasının və məhkəmə proseslərinə cəlb edilməsinin qarşısını alır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə kollegiyası Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 3.4326 ha sahəsi üzərinə həbs qoyulması barədə ərizəni təmin etməməklə haqlı olmuşdur. Belə ki, iş materiallarında mübahisəli torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin sahənin üzərinə həbs qoyulması torpağa dair üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Ərizə bu hissədə təmin edilməməlidir. Digər tərəfdən, iddia tələbinin bir hissəsi İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.08.2015-ci il tarixli, 3M-1872 saylı icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsızlığı tələbidir. Həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMCnin icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin 3,4326 ha hissəsinə dair icarə hüququ Cavabdeh1 35000 manata satılmışdır. İddianı təmin etmə tədbiri qismində həmin torpaq sahəsinin icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisə edilən 3,4326 ha sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilməlidir. Ona görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Binəəqdi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(001)- 6507/2021 saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin olunsun. Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi edilən 3,4326 ha sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9322/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9322/2021
16.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver