Məhkəmə qərarları › İş №2(103)-9329/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9329/2021

11.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9329/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Bakı şəhər 15 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin və imtina ərizəsinin etibarsız hesab edilməsi, miras əmlakdan payın müəyyən olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məmmədova X2 Nailə Nağı qızına, Bakı şəhər 15 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin, 21.12.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsinin və atası tərəfindən notariat ofisinə verildiyi iddia olunan imtina ərizəsinin etibarsız hesab edilməsi, əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakdan ½ hissədə miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ona qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 24 saylı mənzili vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyini və mənzilin 21.12.2000-ci il tarixindən etibarən müllkiyyətində olduğunu bildirmiş, bu xüsusatdan məhz həmin məhkəmə mübahisəsi zamanı xəbəri olmuşdur. Cavabdeh1 həmin mənzili vərəsəlik hüququ əsasında əldə etməmişdən qabaq mənzil babası X4 mülkiyyətində olmuş, babası 13 oktyabr 1999-cu il tarixində vəfat etmiş, Cavabdeh1 mənzili vərəsə olaraq qəbul etmişdir. Halbuki, atası Rauf Novruzov da babası X3 vərəsəsi olmuş, babası vəfat etdikdən sonra sözügedən mənzildə yaşayaraq miras əmlakdan payı faktiki olaraq qəbul etmişdir. Bu xüsusatı Cavabdeh1 öz iddia ərizəsində etiraf etmiş, X6 2006-cı ildə xəstəliyi nəticəsində öldüyünü və öldüyü vaxtadək həmin mənzildə yaşadığını bildirmildir. Buna görə də o, atası Rauf Novruzovun miras payına uyğun olaraq qanun üzrə vərəsəsi sayılır. Cavabdeh1 vəsiyyət üzrə vərəsə də ola bilər, amma bu halda da onun, atasndan qalan miras əmlaklardan məcburi payı olacaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, prosessual qanunvericiliyi pozaraq iddiaçının iddiasının dəqiqləşdirilməsi barədə ərizəsində irəli sürdüyü tələbə qiymət vermədiyi, Rauf Novruzovun mirasdan imtina etməsinə dair ərizədəki imzanın yoxlanılması üçün ekspertiza təyin etməməklə müəyyən edilməli halı müəyyən etmədiyi, iddia müddətinin ötürülməsi barədə əsassız nəticəyə gələrək qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətin dəlillərinə görə, Cavabdeh1 mirasın qəbulu üçün 22 noyabr 2000-ci il tarixdə notariat kontoruna müraciət etdiyi halda, X5 mirasdan imtina ərizəsinin tarixi 23 noyabr 2000-ci ildir və bu hal həmin ərizənin sonradan tərtib edildiyinə əsaslı şübhə yaradır. Bundan başqa, imtina ərizələri Minə və Rauf tərəfindən verilmiş, hər ikisi eyni xəttlə yazılmışdır, digər 2 tərəfin imtina ərizələri isə yoxdur. Məhkəmə nəzərə almamışdır ki, iddia müddətinin tətbiq olunması işin mahiyyəti üzrə həll olunmasına təsir etmir və iddia müddəti tətbiq ediləcək deyə işin araşdırılması dayandırılmalı deyil. İddiaçı məcburi pay hüququna əsaslanmışdır və sənədlərdə saxtakarlıq varsa bu, iddiaçının mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək göstərmişlər ki, mübahisəsi gedən mənzil mərhum X7 tərəfindən verilmiş 22.02.1995-ci il tarixli vəsiyyətnamə əsasında və digər vərəsələr X9 və X8 tərəfindən mirasdan onun xeyrinə imtina etmələri səbəbilə mülkiyyətinə keçmiş, vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. İddiaçı mərhum atası X9 rəhmətə gedərkən iddiaçı onun yanında olmamış, ona qulluq göstərməmiş, hətta dəfn mərasimində belə iştirak etməmişdir. X1 bütün qayğılarını və dəfn xərclərini o çəkmişdir. Digər tərəfdən, iddiaçı məhkəməyə yalan ifadə verərək guya vərəsəlik şəhadətnaməsindən yaxın müddətdə xəbərdar olduğunu bildirir, halbuki onun atası X5 və babası X4 uzun illərdir rəhmətə getdiyi nəzərə alındığında bu, inandırıcı deyildir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən, digər cavabdehlər isə nümayəndələrini göndərmədiklərindən, işin haları və şikayətə işin materialları əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq işə iddiaçının və həmin cavabdehlərin nümayəndələri olmadan baxılması mümkün hesab olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə Cavabdeh1 izahatına qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil 06.11.1990-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X4 mülkiyyətində olmuş, həmin mənzili o, 22.02.1995-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh1 vəsiyyət etmiş, Nağı Novruzov 13 oktyabr 1999-cu il tarixdə ölmüş, 22.11.2000-ci il tarixdə onun adına vərəsəlik işi açılmış, 25.11.2000-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bu barədə 21.12.2000-ci il tarixdə qeydiyyat aparılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Nağı Novruzov iddiaçının babasıdır və iddiaçının 2006-cı ildə vəfat etmiş atası Rauf Novruzov, Nağı Novruzovun adına 22.11.2000-ci il tarixdə vərəslik işi açıldıqdan sonra - 23 noyabr 2000-ci il tarixdə notariat kontoruna ərizə verərək ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən ona düşən paydan tamamilə imtina etdiyini, vəsərəliyi qəbul etməyəcəyini və gələcəkdə narazıçılıq olmayacağını bildirmişdir. İddiaçının iddiasına görə atası Rauf Novruzov da Nağı Novruzovun mirasını qəbul etmişdir və bu səbəblə Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməklə o, atasının vərəsəsi kimi ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən pay almalıdır; iddia tələbi üzrə onun irəli sürdüyü faktiki hal həmçinin ondan ibarətdir ki, mərhum atasının mirasdan imtina etməsi barədə ərizə sonradan tərtib olunmaqla heç bir hüquqi nəticə doğurmamalıdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispoziya şərtləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Belə ki, X4 mirasının açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin (1964-cü il redaksiyalı) 532-ci maddəsinin tələbinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurdular. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən isə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilirdi. Həmin Məcəllənin 556-cı maddəsində vərəsinin mirasdan imtina etmək hüququnun olduğu nəzərdə tutulmuş, imtinanın vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə həyata keçiriləcəyi təsbit olunmuşdu. 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin Nağı Novruzovun adına vərəsəlik işinin açıldığı dövrdə qüvvədə olmuş 1246-cı maddəsinə görə isə, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilərdi. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda qeyd olunduğu kimi, 13.10.1999-cu il tarixdə vəfat etmiş Nağı Novruzov ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilini 22.02.1995-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh1 vəsiyyət etmiş, onun ölümündən sonra Cavabdeh1 müraciəti əsasında Bakı şəhərinin 15 saylı Dövlət notariat kontorunda vərəsəlik işi açılmış, mərhumun digər vərəsəsi olan Rauf Novruzov (iddiaçının atası) 23.11.2000-ci il tarixdə mirasdan imtina etdiyinə dair ərizə vermişdir; vəfat etdiyi 2006-cı ilə qədər isə Rauf Novruzovun, həmin ərizənin onun iradə ifadəsini əks etdirmədiyi, yaxud mirası qəbul etmiş olması ilə bağlı iddia irəli sürdüyü müəyyən olunmamışdır. Sözügedən ərizənin 23.11.2000-ci il tarixli olması səbəbilə onun Rauf Novruzovun iradəsini ifadə edib-etmədiyinin şübhə doğurduğu barədə iddiaçının arqumentinə münasibətdə kollegiya qeyd edir ki, müvafiq notariat işi 22.11.2000-ci il tarixdə açılıb 25.11.2000-ci il tarixdə başa çatdırıldığından, ərizənin rəsmiləşdirildiyi tarix baxımından hər hansı pozuntuya yol verildiyi qənaətinə gəlmək mümkün deyildir. Mülki Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mərhum atası, mərhum Nağı Novruzovun mirasını qəbul etdmədiyindən, iddiaçının müvafiq iddia tələblərini irəli sürməyə subyektiv hüququ olmamışdır; MPM-in 4.1-ci maddəsinə əsasən isə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-616/2021 saylı iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar