Məhkəmə qərarları › İş №2(103)-933/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-933/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-933/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6078/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, xx.xx.2022-ci il tarixli qərarına əsasən ziyanın 1036,80 manat olmasını müəyyən etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********0082) hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlər aparmışdır. Mənzildən kənarda yerləşən qaz sayğacı sındığı üçün xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamış, üzərindəki bütün möhürlər yerində olmuşdur. Lakin Cavabdehın işçiləri sayğacı çıxararkən ehtiyatsızlıqdan orada olan şlanq köhnə sayğacın üzərinə düşmüşdür. Sonradan onu labaratoriyaya dəvət etmiş, orada 1200 manat borcunun olmasını demişlər. Bununla bağlı yerli qaz idarəsinə getdikdə bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəfindən müdaxilə olunduğu üçün cərimə hesablanıb. Qaz sayğacına hər ay Cavabdehın əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı, dərhal xəbərləri olardı. Abonent saldosundan da göründüyü kimi, hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Buna görə də hesab edir ki, cərimə olunmağı heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Qaz sayğacına müdaxilə etməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6078/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir.

6. Məhkəmə öz mövqeyini Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2, 4.8, 5.2, 5.6, 6.1-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin sübutemə ilə bağlı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 6078/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuşdur. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 1036.80 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetinin qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.

20. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X5»nın:

21. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

22. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

23. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. “X5”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

26. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

AR Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı **********2 nömrəlı sayğac yeni G-4 markalı **********3 nömrəlı sayğacla əvəzlənmişdir.

33. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında G-4 markalı **********2 nömrəlı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilərək akt tərtib olunmuş, mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq, ödənilməsi uçun qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır.

34. Həmin akt abonentin iştirakı ilə tərtib edilməsi mübahisəsiz olsa da, bu aktda sayğacda baş vermiş nasazlığın abonentin təqsirli hərəkəti nəticəsində əmələ gəldiyi göstərilməmişdir.

35. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, yaşayış yerindən kənarda quraşdırılmış sayğacın i.lək vəziyyətdə saxlanmasına görə məsuliyyəti qaz paylayıcısı daşıyır, istehlakçının məsuliyyəti isə yalnız sayğacın zədələnməsi onun təqsiri üzündən baş verdiyi halda yaranır.

36. Tərtib edilmiş aktın üzərində aparılmış qeyddən də görünür ki, sayğacın nasaz vəziyyətə düşməsi həmin ərazidə aparılan qaynaq işləri zamanı əmələ gələn qığılcımın borunun üzərinə düşərək onu düşməsi nəticəsində olmuşdur.

37. Göründüyü kimi, iddiaçı tərəfindən qazdan qanunsuz istifadə edilməsi halı öz təsdiqini tapmır.

38. Bu isə o anlama gəlir ki, iddiaçı qazdan istifadə zamanı yol vermədiyi pozuntuya görə ona borc məbləği hesablanmışdır.

39. Belə olan halda, X3 Bakı RQSD-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair" tələbnaməsi ilə xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında ünvan 1 ünvanına 8640 m3 qaz itkisi hesablanması əsassız olmuşdur.

40. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Hazırkı halda abonentin qaz sayğacına müdaxilə etməsi və bunun qaz itkisinə səbəb olmasını sübut etmək yükünü bu ziyan məbləğini hesablayaraq abonentdən tələb edən cavabdeh təşkilat daşısa da, bu hallar sübuta yetirilməmişdir.

41. Göstərilənlərə əsasən, kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

42. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

43. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan, MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6078/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar