Məhkəmə qərarları › İş №2(103)-934/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-934/2023

25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-934/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5206/2022 saylı 08 sentybar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-6 markalı 1205AG**********9 nömrəlı sayğac yeni G-6 markalı 40379578 nömrəli sayğacla əvəzlənmişdir.

2. Abonentin saldosuna əsasən abonentin akt üzrə tələb olunan qaz sərfiyyatına görə 483,75 manat borcu var.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 483,75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cari ilin mart ayının son günləri və ya aprel ayının əvvələri istifadələrində olan Smart-kart tipli qaz sayğacında balansda 17 manat qaldığından əlavə 50 yüklənməsi üçün ödəniş etmək istədikdə mümkün olmamışdır. Cavabdeh İB-nin qaynar xəttinə zəng vurarkən bu kartın yararsızlığı ilə əlaqələndirilərək yenilənmiş, lakin həmin məbləğin sayğaca yüklənməsi yenə də mümkün olmamışdir. Təkrarən qaynar xətlə əlaqə saxlanılmış və əməkdaşlar tərəfindən sayğaca baxış keçirilərək sayğacın dəyişdirilməsinin zəruriliyi və bununla bağlı Səbail rayonu Qaz İstehsalat idarəsinə müraciət edilməsinin vacibliyi bildirilmişdir. Yenidən sayğaca baxış keçirilmiş və yenisi ilə əvəz ediləcəyi bildirilmiş, təxminən 10-15 gün ərzində sayğacın yeni mexaniki sayğacla əvəz olunduğu bildirilmişdir. Sayğacın dəyişdirilməsi zamanı iştirakı olmamışdır. Yeni sayğac quraşdırıldıqdan təxminən 40-50 gün sonra istifadə edilmiş qaza görə ödəniləcək məbləğin 125 manat olacağı barədə qəbz təqdim olunmuşdur ki, həmin məbləğin də 65 manatı tərəfindən ödənilmişdir. İyul ayının ilk günlərində isə əlavə olaraq 488 manat məbləğində pulun da ödənilməsi barədə qəbz, təqdim edilmişdir. Bu qanunsuzluq barədə Səbail rayon Qaz istehsalat idarəsinə müraciəti zamanı ilk olaraq Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surəti əldə edilməklə baxılmış, yaranmış borcun çıxarılmış sayğacın son göstəriciİəri əsasında hesablandığı, guya problem yarandığı, dəyişdirilməsi müddətinədək istifadə edilmiş qazın sərfiyyatından yarandığı bildirilmişdir. Həmin aktda adından edilmiş imza ona məxsus deyildir və bu baxımdan sayğacın son göstəricisi barədə qeyd olunanlar da şübhəlidir, imza saxtalaşdırılıb əsassızdır. Birincisi, həmin vaxt sayğacın balansında 17 manat neçə qəpiksə pul var idi və əlavə 50 manatda pul yükləmişdi. İkincisi, təqdim edilmiş sərfiyyat şaxtaların ən qızğın vaxtı - dekabr ayında təqdim edilmiş sərfıyyatla müqayisə ediləcək həddə göstərilir. Üçüncüsü, Qaz istehsalat idarəsinin əməkdaşlarının səhlənkarlığı nəticəsində qaz sayğacının vaxtında dəyişdirilməməsinə görə onlar məsuliyyət daşıyırlar. Dördüncüsü, qanunvericiliyin tələbinə əsasən bu halda vətəndaşın heç bir məsuliyyəti yaranmır. Sayğaca müdaxilə etməmişdir, sayğac Cavabdeh İB-nin balansındadır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2022-ci il tarixli 2(011)-5206/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmiş, İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) qaz itkisinə görə hesablanmış 483,75 manat borcun silinməsinin cavabdeh X3 həvalə edilməsi, cavabdeh X1 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir.

6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 119.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilmişdir. Daha sonra həmin akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

13. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir.

29. Tərtib edilmiş aktda göstərilir ki, ekran sönüb. Cavabdeh tərəf apelyasiya şikayətində isə göstərmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur, bu barədə akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Lakin iş materiallarında belə bir akt yoxdur, nə də apelyasiya şikayətinə əlavə edilməmişdir. İş materiallarında olan abonent saldosunda isə borcun akt əsasında əmələ gəldiyi müəyyən edilmir.

30. Apelyasiya şikayətində göstərilənlər formal xarakter daşımaqla öz təsdiqini tapmamışdır.

31. Beləliklə sayğacda yaranan problemə görə iddiaçı məsuliyyət daşımır, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh özü daşıyır və sayğacın düzgün işləmədiyi halda itirilmiş qazın bərpası məqsədi ilə əsassız hesablanmış borc silinməlidir.

32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5206/2022 saylı iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar