Məhkəmə qərarları › İş №2(103)-9347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9347/2021

27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9347/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X4, X6 İstismarı idarəsi və SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4798/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azəriqaz İB, X6 İstismarı idarəsi və SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməkdaşlarının hərəkətləri onun evinə borc yazılması hissəsində qanunsuz hesab edilməsi, ünvan 1i ünvanında yerləşən mənzilinə sayğacın sındırılması ilə bağlı tərtib edilmiş aktların ləvğ edilməsi və adına ayrı-ayrı vaxtlarda qanunsuz və əsassız vazılmış ümumilikdə 433 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Tətil günlərində ailə üzvləri ilə birlikdə istirahətə ünvan 1ində olan evinə gedir. Qonşuluqda yaşayan həyat yoldaşının əmisi oğlu Asif Adıgözəlovdan xahiş edirdi ki, həmin evə arada bir nəzarət etsin. Qaz sayğacı evindən 300 metr aralıda quraşdırılmış və evdən baxanda ümumiyyətlə həmin qaz sayğacı görsənmir. 07.07.020-ci il və 06.04.2020ci il tarixlərində ünvan 2i ünvanında olan evin bayır girişində quraşdırılmış sayğaclar tanımadığı şəxslər tərəfindən sındırılmışdır. Bu barədə məlum olan dəqiqədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılmışdır. Həmçinin ünvan 2i ünvanında olan evinə qaz sayğaclarının sındırılması ilə bağlı aktlar tərtib olunaraq ona həmin hadisələr ilə bağlı akt tərtib olunub və sayğacın sındırılması ilə bağlı borc hesablanmışdır. Cavabdeh təşkilatın ünvan 3 ünvanına yazılmış cərimə borclarının silinməsi ilə əlaqədar müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir, həmin sayğaca nəzarət etməsi mümkün belə deyil və əsassız olaraq yazılmış ümumilikdə 433 manat cərimə borclarını ödəmək fikri də yoxdur. Yekunda əlacsız qalıb cavabdeh təşkilata əlavə pul ödəyib sayğacı evə yaxın məsafəyə gətizdirilib quraşdırılmasını xahiş etmişdir. Qanunsuz və əsassız yazılmış həmin 433 manat cərimə borcu məbləğləri ilə razılaşmır və həmin borc adından silinməlidir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4798/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh1 İB nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş, laboratoriya rəyinə görə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, hesablama mexanizmi keçən qazın sərfinin həcmini qeyd etməməsi müəyyən edilmiş, sayğaca müdaxilə olunduğu üçün 433 manat dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh təşkilatların nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 31.05.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən evə aid sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmim qeyd etmədiyi, hesablama mexanizminin kənar təsir nəticəsində sındığı və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. İş materiallarında olan 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 22.05.2020-cı il tarixli 29/1710-01382-2 №-li Aktına əsasən qaz itkisi yarandığına görə cavabdeh tərəfindən iddiaçıdan 2160 kub metr itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir. İş materiallarında olan 29.01.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən evə aid sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, rəqəmli çarxların öz oxundan çıxdığı, sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmim qeyd etmədiyi və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin 16.04.2020-ci il və 17.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarının surətindən görünür ki, X2 arvadı Adıgözəlova məxsus evin qaz sayğacının naməlum şəxs tərəfindən qəsdən sındırılması barədə məlumatları əsasında aparılmış araşdırma zamanı ünvan 2ində X3 məxsus evin sayğacının naməlum şəxs tərəfindən sındırılması faktı öz təsdiqini tapsa da, toplanmış materialda hər hansı bir inzibati xəta və ya cinayət hadisəsi olması müəyyən olunmamışdır. Yusif Adıgözəlova məxsus evin qaz sayğacının sınması ilə bağlı iddiası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq məhkəmə müstəvisində öz həllini tapmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 433 manat məbləğində borcunun olması görünür Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4798/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar