Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-935/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nın nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 (bundan sonra- "xxxx" ASC) Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10.09.2013-cü il tarixli lizinq müqaviləsi üzrə 1.773.502,21 manat əsas borcun, 824.079,35 manat faiz borcu, 1.915.382,39 manat cərimə, cəmi 4.512.963,95 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi və lizinqlə icarəyə verilmiş lizinqin predmeti olan əmlakın boşaldılaraq bankın mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia ərizəsinə əlavə verərək cavabdehdən iddiaçının xeyrinə 10 sentyabr 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 aprel 2019-cu il tarixə banka 1.264.008,67 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 2.496.263,03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D” nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq iddiaçıya qaytarılması və tərəflər arasında bağlanmış 10 sentyabr 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia ərizəsinə əlavə verərək cavabdehdən iddiaçının xeyrinə 10 sentyabr 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.07.2019-cu il tarixə banka 1.335.719,74 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 2.567.974,10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D” nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq iddiaçıya qaytarılması və tərəflər arasında bağlanmış 10 sentyabr 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia ərizəsinə əlavə verərək cavabdehdən iddiaçının xeyrinə 10 sentyabr 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.09.2020-ci il tarixə banka 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz, 24.310,80 manat cərimə olmaqla, ümumilikdə cəmi 3.005.756,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsində yerləşən 2 “D” nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 10 sentyabr 2013-cü il tarixli lizinq müqaviləsinə əsasən "xxxx" ASC öz mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən 0,09274 ha istifadədə olan torpaq sahəsinin üzərindəki 1732,2 kv.m. ümumi sahədən ibarət ikimərtəbəli qeyri-yaşayış binasınışadlıq sarayını Cavabdeh 1.800.000 manata illik 16 faizlə, 84 ay müddətinə uzunmüddətli lizinqlə icarəyə vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh 11 oktyabr 2013-cü il tarixdən başlayaraq 11 sentyabrın 2020-ci il tarixədək hər ay əsas və faiz borclarını ödəyib başa çatdırmalıdır. Lakin Cavabdeh lizinq müqaviləsinə əlavə edilmiş cədvəl üzrə 2 ay qismən ödəniş etdikdən sonra borc öhdəliyinin icrasından boyun qaçırmışdır. Öhdəliyin icra edilməsi məqsədilə cavabdehlə dəfələrlə görüşlər keçirilib tələb edilməsinə və yazılı bildirişin göndərilməsinə baxmayaraq, Cavabdeh öhdəliyi icra etməkdən imtina edir. Lizinq müqaviləsinin 19-cu bəndinə əsasən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində göstərilən gün ödəniş edilməsə, müqavilənin pozulması baş verir, gecikdirilən hər gün üçün isə 0,1 faiz cərimə ödənilməlidir. Müqavilənin 34-cü bəndinin “b” yarımbəndinə əsasən, ödəniş cədvəlində göstərilən günlərdə 2 dəfədən artıq lizinq və ya 1 dəfə sığorta haqqı ödənilmədikdə müqaviləyə xitam verilir. 2016-cı il noyabrın 8-dək əsas borcun qalığı 1.773.502,21 manat təşkil edir. Bu məbləğin 0,1 faizi = 17 735,02 manatdır. 2013-cü il noyabrın 8-dən, yəni sonuncu ödəniş günündən 2016-cı il noyabrın 8-dək 36 ay keçmişdir. (36 ay x 30 gün = 1080 gün x 17 735,02 = 1 915 382,39 manat cərimə hesablanmışdır. 8 noyabr 2016-cı ilə Cavabdeh lizinqverənə, yəni banka 1.773.502,21 manat əsas, 824.079,35 manat faiz, 1.915.382,39 manat cərimə, cəmi 4.512.963,95 manat borcu vardır. Bu səbəbdən, 2016-cı ilin oktyabrın 24-də cavabdehə 20 oktyabr tarixli bildiriş vermişdir. O, şəxsən 2016-cı ilin oktyabrın 25də bildirişi almışdır. Bildirişdə göstərilir ki, Cavabdeh cari ilin noyabrın 11-dək lizinq müqaviləsi üzrə borc öhdəliyini tam icra etmədikdə, müqavilənin ləğvi haqqında iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Lakin cavabdeh bildirişə münasibət bildirməmişdir. Hazırda lizinq müqaviləsinin müddəti bitmişdir və lizinq müqaviləsi üzrə yaranmış borc qaytarılmalı və qeyriyaşayış binası banka təhvil verilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10.09.2013- cü il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 1.773.502,21 manat əsas, 1.207.943,56 manat məbləğində faiz borcu, 500 manat penya borcu, cəmi 2.981.945,77 (iki milyon doqquz yüz səksən bir min doqquz yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və mülki işin mahiyyətinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xüsusi biliyə sahib olan ekspert bank tərəfindən tələb edilən əsas borc üzrə 1.773.506,21 manat pulu hansı əsasla hesablayaraq tələb etməsini müəyyən edə bilməmişdir. Belə olan halda, məhkəmə hansı hüquqi əsasla ekspert tərəfindən müəyyən edilməyən məbləği, yəni 1.773.506,21 məbləğində əsas borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Məhkəmə ekspertiza rəyini aldıqdan sonra tələb edilən məbləğdə qeyrimüəyyənlik olduğunu görərək, yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edərək əsas və faiz borcunu müəyyən edərək qərar qəbul etməliydi. Bununla yanaşı iddiaçı tərfindən cavabdehdehdən tələb edilən faiz borcu üzrə də etirazı vardır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən faiz borcu məhkəməyə müraciət edərkən 824.079,35 manat tələb etdiyi halda, daha sonra bunu 1.207.943, manat məbləğinə çıxartmışdır. Lakin, bu hissə, yəni faiz məbləği üzrə də yenidən ekspertiza keçirilməlidir. İddiaçının iddia tələbi üzrə qeyri-yaşayış binasının qaytarılması hissəsində də tələbinin təmin olunması onun hüququnu pozmuşdur. Belə ki, İddiaçı İKB ASC ilə lizinq müqaviləsi bağlandığı zaman sözügedən lizinq predmeti olan əmlak halhazırkı vəziyyətində deyildi. Belə ki, cavabdeh-iddiaçı mübahisəli əmlakı cavabdehə lizinqə verdiyi zaman əmlak istifadəyə yararsız vəziyyətdə, yəni necə deyəllər dörd divardan ibarət olmuşdur. Mübahisəli əmlak qeyri-yaşayış sahəsidir, yəni şadlıq sarayı kimi istifadə nəzərdə tutulmuşdur və həmin qeyri-yaşayış sahəsini bu sahədə işlədərək gəlir əldə etmək məqsədi ilə inşa edilmişdir. Ancaq, həmin əmlakın lizinqə verildiyi zaman əmlakdan istifadə edərək ondan gəlir əldə etmək mümkün deyildi. Cavabdeh həmin əmlakı lizinqə verilən gündən istifadə edərək ondan gəlir əldə etməmişdir. O dövrdə lizinqə verilən əmlakdan gəlir əldə etmək üçün ona ciddi dərəcədə xərc qoyulması tələb olunurdu. Bu səbəblə də, lizinqə verilən gündən sonra həmin əmlak üzərində müəyyən müddət inşaat və təmir işləri getmişdir. İnşaat və təmir işləri getdiyi üçün də onun mübahisəli əmlaka görə əsaslı xərci çıxmışdır. Hesab edilməlidir ki, iddiaçı tərəf bu məbləğdə pulu ona vermədiyi vaxta kimi onun qeyri-yaşayış binasının qaytarılması hissəsində olan tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellaysiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi Cavabdeh faiz borcunun və cəmi borcun tutulması hissələrində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10.09.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsindən və lizinq müqaviləsinə əlavədən görünür ki, bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 16 % hesablanmaqla, 1.800.000.00 manat dəyərində əmlak lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışa əsasən 18.09.2020-ci il tarixinə Cavabdeh 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz borcu, 24310,80 manat cərimə, cəmi 3.005.756,57 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 16.09.2013-cü tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi "xxxx" ASCdir. İş materiallarına əlavə edilmiş 20.10.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilərək 10.09.2013-cü il tarixli lizinq müqaviləsi üzrə borcun ödənilməyəcəyi halda məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 02.06.2005-ci il tarixli Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayev X5 rayonu, Süleymanlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Cəbrayıl rayon İHB-nın Süleymanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.05.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvüləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və hal-hazırda ünvan 5 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2019cu il tarixli rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 10.09.2013-cü il tarixli 1 saylı daxili lizinq müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 08.11.2016-cı il tarixə (sualda qeyd edilən tarixə) banka olan əsas borc üzrə 1.780.003,87 manat, faiz borcu üzrə 824.198,86 manat olmaqla ümumilikdə 2.604.202,73 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əsliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2020-ci il tarixli rəyi 09.06.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, iddia ərizəsi məlumatlarına əsasən son ödəniş tarixindən, yəni 10.09.2013-cü il tarixdən sonra heç bir əlavə ödənişlər edilmədiyi halda 25 aprel 2019-cu il tarixinə tələb edilən borc məbləği əsas borc üzrə 1.264.008,67, faiz borcu üzrə 1.207.943,56 manat, cərimə üzrə 24.310,80 manat olmaqla cəmi 2.496.263,03 manat və eyni zamanda qeyd edilən tarixdən sonra heç bir ödəniş olunmadığı halda 25 iyul 2019-cu il tarixinə tələb edilən borc məbləği əsas borc üzrə 1.335.719,74 manat, faiz borcu üzrə 1.207.943,56 manat, cərimə üzrə 24310.80 manat olmaqla cəmi 2.567.974,10 manat məbləğində təşkil etmişdir. Beləliklə, iş materiallarında cavabdeh tərəfindən 18.09.2013-cü il tarixdən son ödəniş tarixinə, yəni 16.10.2014-cü il tarixədək olan dövr ərzində ümumilkdə 96.370,00 manat məbləğində ödənişlər edildiyini və həmin ödənişlərdən əlavə ödənişlərin olmadığını nəzərə alaraq iddiaçı bank tərəfindən tərtib edilmiş yuxarıda qeyd edilən maliyyə arayışı məlumatlarında tələb edilən fərqli borc məbləğlərinin hansı əsaslarla hesablandığı müəyyən edilmir. Belə olan halda, hazırki ekspertiza tədqiqatı ilə mövcud sənədlər əsasında İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2013-cu il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı İKB ASC-yə ödənilməli olan borcun məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə, Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.2ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, işin halları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 16 % hesablanmaqla 1.800.000.00 manat dəyərində əmlak lizinqə verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin banka 1.773.502,21 manat əsas, 1.207.943,56 manat faiz borcu, 24310.80 manat dəbbə pulu borcu yaranmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh borcunun yoxlanılması ilə bağlı apellyasiya mərhələsində məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 9/554 saylı rəyinə əsasən Cavabdeh 10.09.2020-ci il tarixə əsas borcu 1.773,502,21 manat, faiz borcu 1.111.783,82 manat təşkil edir. Cavabdeh 18.09.2020-ci il tarixə əsas borcu 1.773,502,21 manat, faiz borcu 1.111.960,65 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 1.773.502,2 maat əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlsə də, faiz borcu və cəmi məbləğ hissələrində düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, faiz və cəmi borc məbləğləri hissədə qətnamə dəyişdirilməli, faiz borcu 1.111.783,82 manat, cəmi məbləğ 2.885.786,03 manat müəyyən olunmalıdır. Kollegiya hesab edir ki, məhkəmə Mülki Məcəllənin 462.1, 465.2, 467-ci maddələrinə istinad edərək, tənasübsüz surətdə yüksək olan 24310,80 manat cərimə məbləğinin azaldılaraq 500 manat məbləğində cərimənin tutulması ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə lizinq obyekti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, lizinq verən olan iddiaçıya qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarında onun xəbərdar olması ilə bağlı SMS xəbərdarlığı mövcuddur. Kollegiya apellyatorun təmir xərci ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bununla bağlı onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi məhkəmənin 25 aprel 2019-cu il tarixli qərardadı ilə geri qaytarılmış, cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Digər tərəfdən tərəflər arasında 10 sentyabr 2013-cü il tarixdə bağlanmış daxili maliyyə lizinq müqaviləsinin 23-cü maddəsinə əsasən lizinqalan razılıq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır, lizinqverənlə razılaşdırılmış və belə işlərə buraxılışı olan xidmət strukturları və ya lizinqverənin bəyəndiyi digər təşkilatlar tərəfindən, saf ehtiyat hissələrinin istifadə edilməsi ilə, həyata keçiriləcəkdir. Lizinqalan lizinqverənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Kollegiya qeyd edir ki, apellyator təmir xərci ilə bağlı hissədə ayrıca icraatda tələb ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri ilə bağlı hissədə qətnamə dəyişdirilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 350 manatın 336 manatı cavabdehdən, 14 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi 1.207.943,56 manat faiz borcunun, cəmi 2.981.945,77 manatın tutulması hissələrində dəyişdirilsin, faiz borcu 1.111.783,82 (bir milyon yüz on bir min yeddi yüz səksən üç manat səksən iki qəpik) manat, cəmi məbləğ 2.885,786,03 (iki milyon səkkiz yüz səksən beş min yeddi yüz səksən altı manat üç qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri ilə bağlı hissədə qətnamə dəyişdirilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manatın 336 (üç yüz otuz altı) manatı Cavabdeh, 14 (on dörd) manatı iddiaçı "xxxx" ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-935/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-935/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver