Məhkəmə qərarları › İş №2(103)-936/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-936/2025

05.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-936/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 29 saylı Notariat Ofisinə qarşı (X16, X17 və X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4, habelə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh 29 saylı Notariat Ofisinə qarşı (X16, X17 və X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3238/2024 nömrəli xx.xx.2024 -cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən: -Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, döngə 5, 4 saylı fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 2V-1/106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən evin 1/3 hissəsi X8, 1/3 hissəsi X9 və 1/3 hissəsi X11 adlarına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. Sözügedən evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə dair X7 adına keçmiş X37 Xəritəçəkmə Komitəsi tərəfindən JN- 18635H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V-01/131 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə vahid daşınmaz əmlak kimi X8, X9, X11 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-1215 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

2. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 18, 7 saylı mənzil xx.xx.1998-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 2V-1/107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə X8, X9, X11 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Q3_0&2Q23-cü il tarixli 4Ə-445 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

3. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 17.18 saylı mənzil xx.xx.2005-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 11,07.2023-cü il tarixli 4Ə-512 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir.

4. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 20 saylı mənzil xx.xx.2005-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-510 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir.

5. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 23 saylı mənzil xx.xx.2005-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli 4Ə-511 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir.

6. İ-İE saylı 991269 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X18 xx.xx.1960-cı ildə doğulmuş, atası X21 və anası İddiaçı qeyd edilmişdir. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 73 nömrəli arayışın surətinə əsasən, X18 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 2V-1/106, 2V-1/107 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik işində olan:

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 037380 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, döngə 5, 44 saylı evin mülkiyyətçisi X18 olmuşdur.

8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 170495 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindəki 18 nömrəli evin 7 nömrəli mənzilinin mülkiyyətçisi X18 olmuşdur.

9. Evlənmək haqqında JQ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, X2 Kəmalə Musa qızı ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş, evlənmə qeyd edildikdən sonra arvada Hüseynova soyadı verilmişdir.

10. Doğum haqqında XİX JQ seriyalı 402260 nömrəli şəhadətnamədən görünür ki, X22 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X18, anası X12r. Doğum haqqında XVİİİ-JQ seriyalı 270523 nömrəli şəhadətnamədən görünür ki, X17xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X18, anası X12r.

12. Ölüm haqqında AZ-1 seriyalı 252032 nömrəli şəhadətnamədən görünür ki, X18 12 may 2007-ci il tarixdə ölmüşdür.

13. X16 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, əri X18 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Bakı şəhəri, Zığ şossesi, döngə 5, 44 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 18, 7 nömrəli mənzildən ibarətdir. O, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, ondan başqa aşağıdakı vərəsələr var: X17, X20.

14. xx.xx.2007-ci il tarixli 2V-1/106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 may 2007-ci ildə vəfat etmiş X7 vərəsələri bunlardır: Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 18, mənzil 7-də yaşayanlar arvadı X16; 20 sentyabr 1992-ci il təvəllüdlü qızı - X17; 27 avqust 1995-ci il təvəllüdlü oğlu - X20 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı səhəri, Tİ və MHQİ-i tərəfindən 09 iyul 2005-ci ildə verilmiş, 253 saylı reyestr kitabında 18153 səhifədə 30/18153 № ilə qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsinə əsasən - Baki səhəri, Xətai rayonu, Zığ şossesi, 5-ci döngə, ev 4-də yerləşən ümumi sahəsi 283,2 kv.m, yaşayış sahəsi 177,8 kv.m, köməkçi sahəsi 46,4 kv.m olan 8 (səkkiz) otaqdan ibarətdir. Şəhadətnamə Azərbaycan Respublikası DƏDRX-nin Bakı səhər ərazi İdarəsində qeydiyyatdan keçməlidir.

15. xx.xx.2007-ci il tarixli 2V-1/107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 may 2007-ci ildə vəfat etmiş X7 vərəsələri bunlardır: Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 18, mənzil 7-də yaşayanlar arvadı X16; 20 sentyabr 1992-ci il təvəllüdlü qızı - X17; 27 avqust 1995-ci il təvəllüdlü oğlu - X20 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 18, mənzil 7-də yerləşən ümumi sahəsi 100,8 kv.m, yaşayış sahəsi 47 kv.m olan 3 otaqdan ibarətdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdeh 29 Saylı Notariat Ofisinə qarşı (X16, X17 və X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 2V-1/106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2007-ci il tarixli 2V-1/107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçının oğlu X18 12 may 2007-ci il tarixdə vəfat etmişdir və X5 Bakı şəhəri Nəsimi, Xətai, Səbail rayonlarında dörd mənzil miras qalmışdır. Oğlu vəfat etdikdən sonra Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 2V-1/106 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, döngə 5, 4 saylı evin 1/3 hissəsi həyat yoldaşı X8, 1/3 hissəsi övladı X13 və 1/3 hissəsi övladı X11 adlarına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. Sözügedən evin yerləşdiyi 0.09 ha torpaq sahəsinə dair X7 adına keçmiş X37 Xəritəçəkmə Komitəsi tərəfindən JN-18635H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2V-01/131 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə vahid daşınmaz əmlak kimi X8, X9 və X11 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-1215 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 18, 7 saylı mənzil xx.xx.1998-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 2V-1/107 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə X8, X9, X11 adlarina qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 sayli notariat ofisi tərəfindan təsdiq edilmiş 03 06.2023-cü il tarixli 4Ə-445 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 17.18 saylı mənzil xx.xx.2005-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-512 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. Baki şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 20 saylı mənzil xx.xx.2005-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-510 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 16/18, 23 saylı mənzil xx.xx.2005- ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 18 sayli notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli 4Ə-511 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. O, gözləyirdi ki, mərhum oğlunun əmlakından gəlini və nəvələri ona də pay ayıracaqlar, hansı ki, həmin əmlakların çox hissəsini oğlu onun pulu və köməyilə almışdır. Lakin onun düşündüklərinin 2024-cü ildə yanlış olduğunu bildi və məhkəməyə müraciət etməyə məcbur oldu. Bakı şəhəri 29 saylı dövlət notariat kontoru mərhum oğlu X18 vəfat etdikdən sonra vərəsəlik açarkən valideyni olaraq onu nəzərə almamışdır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır. Buna görə də, belə hesab edir ki, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməlidir.

18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras qoyan dünyasını 2007-ci ildə dəyişmişdir, yəni 17 il ərzində İddiaçı mirasın qəbulu ilə bağlı ümumiyyətlə heç bir hərəkət etməmiş və miras qalan əmlakla heç bir fiziki bağlantısı olmamışdır. Daha dəqiq desək iddiaçı oğlunun ölümündən xəbərdar olmuş, dəfndə iştirak etmiş, heç bir miras qalan əmlakda qeydiyyatda olmamaqla yanaşı orada yaşamayaraq təsərrüfat aparmamışdır. Həmçinin ömrü boyu Tovuz rayonun Cırdaxan kəndində yaşamış və kənd məktəbinin kitabxanasında işləmişdir. Bununla bərabər onuda qeyd edir ki, miras qoyan mərhum X18 4 yaşı olarkən atasını itirmiş və ona Bakı şəhərində heç kimdən daşınmaz əmlak miras qalmamışdır. Əksinə o, Tovuz rayonundan ali təhsil almaq üçün Bakı şəhərinə köçmüş, özünün və həyat yoldaşı X8 gəlirləri hesabına həmin əmlakları əldə etmişdir. 05 avqust tarixində bu işə məhkəmə zalında baxılan zaman iddiaçının nümayəndəsi və vəkili onlarda olan məlumatı təsdiqləyərək İddiaçı yataq xəstəsi olmasını və gözlərinin tutulması ilə bağlı məlumatı təsdiqləmişdir. 85 yaşı olan İddiaçı 17 il sonra ələlxüsusda yataq xəstəsi olaraq belə iddia tələbi ilə məhkəməyə müraciət etməsi də maraqlı şəxslərdə sual yaratmışdır. Bununla da İddiaçı MM-nin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu oğlu X18 vəfat etdiyi xx.xx.2007-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir və Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddənin tələblərini pozaraq mirası müəyyən olunmuş müddətdə qəbul etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Mülki Məcəllənin müvafiq maddələrini və Konstitusiya Məhkəməsinin müvafiq Qərarını əsas tutaraq iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3238/2024 nömrəli xx.xx.2024 -cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X15)

20. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı, mərhum X7 xx.xx.2007-ci il tarixdə öldüyünü bilmiş, dəfnində iştirak etmiş, indiyədək Tovuz rayonunda yaşamaqla, heç bir miras qalan əmlakda yaşamayaraq təsərrüfat aparmamışdır və eyni zamanda həmin vaxtdan müəyyən edilmiş müddətdə mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. İddiaçının özünün də iddia ərizəsində bildirdiyinə görə oğlunun 2007-ci il də ölümündən sonra ona çatası pay barədə məlumatlı idi, yəni, gəlini və nəvələri tərəfindən müvafiq payının ayrılmasını gözləyirdi. Lakin iddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığını, xx.xx.2024-cü il tarixdə, yəni təxminən 17 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, iddiaçı həm miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir ki, bu da onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlməyə əsas verir. İddiaçı mövqeyini qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mövcudluğu barədə xx.xx.2023-cü il tarixli vəkil sorğusu əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında məlumatının olması ilə əsaslandırır. Həmin məktubda göstərilən vəkil sorğusunun tarixinə nəzər yetirdikdə də görünür ki, məhz Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının qəbul edildiyi tarixdən sonra iddiaçı tərəf vərəsəliklə bağlı məsələni mübahisələndirmək qərarına gəlmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli həmin Qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi təsbit edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı oğlunun kifayət qədər əmlaklarının olduğunu bildiyi halda (iddia ərizəsində həmin əmlakların çox hissəsininin məhz onun pulu və köməkliyi ilə alındığını iddia edir), mərhumun ölümündən keçən 17 il müddət ərzində vərəsəliyə dair məsələ qaldırmaması ilə bağlı iddiaçı tərəfin mülahizələri məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Bu baxımdan məhkəmə, uzun illər keçdikdən sonra vəkil vasitəsilə sorğu verilərək vərəsəlik haqqında şəhadətnamələrin mövcudluğundan da məhz həmin vaxtdan məlumatlı olmasına dair iddiaçının dəlillərinə təndiqi yanaşır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1159.1.1-ci, 1243-cü, 1246-cı, 1255-ci, 1272-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 5-ci, 9-cu, 14-cü, 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iddiaçı,onun nümayəndəs, habelə nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh 29 saylı Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işin onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cü maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-cü maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272-cü maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

34. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur.

35. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

36. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

37. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarı).

38. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

39. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

40. Hazırki işin faktiki hallarına əsasən İddiaçı mərhum X7 anasıdır. X18 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Hüseynov Nüsrət vəfat etdikdən sonra onun 4 nəfər birinci növbə qanun üzrə vərəsəsi - anası, arvadı və iki övladı qalmışdır. Mərhumun ölümündən sonra, sağlığında qeydiyyat vəsiqələrinə əsasən mülkiyyətində olmuş Bakı səhəri, Xətai rayonu, Zığ şossesi, 5-ci döngə, ev 4 və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 18, mənzil 7-də yerləşən əmlakları miras qalmışdır. X1 qeyd edilən miras əmlaklarla bağlı xx.xx.2007-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, mirasın qəbul edilməsinə dair fikrini ifadə etmiş, Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən mərhumun arvadı - X16, övladları- X17 və X20 vərəsələr qismində tanınmışlar. Hazırda isə İddiaçı oğlundan miras qalmış əmlaklardan pay almağa və vərəsəlik işi açılarkən mərhumun birinci növbəli vərəsəsi kimi vərəsəliyə çağırılmadığını və mərhum oğlunun əmlakından gəlini və nəvələri tərəfindən ona da pay ayrılacağını gözlədiyini bildirərək vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunması tələbini irəli sürür.

41. Üçüncü şəxs X16 isə etiraz edərək, bildirir ki, miras qoyan dünyasını 2007-ci ildə dəyişmişdir, yəni 17 il ərzində İddiaçı mirasın qəbulu ilə bağlı ümumiyyətlə heç bir hərəkət etməmiş və miras qalan əmlakla heç bir fiziki bağlantısı olmamışdır. İddiaçı oğlunun ölümündən xəbərdar olmuş, dəfndə iştirak etmiş, heç bir miras qalan əmlakda qeydiyyatda olmamaqla yanaşı orada yaşamayaraq təsərrüfat aparmamışdır. Həmçinin ömür boyu Tovuz rayonun Cırdaxan kəndində yaşamış və kənd məktəbinin kitabxanasında işləmişdir. Bununla bərabər onu da qeyd edir ki, miras qoyan mərhum X18 4 yaşı olarkən atasını itirmiş və ona Bakı şəhərində heç kimdən daşınmaz əmlak miras qalmamışdır. Əksinə o, Tovuz rayonundan ali təhsil almaq üçün Bakı şəhərinə köçmüş, özünün və həyat yoldaşı X8 gəlirləri hesabına həmin əmlakları əldə etmişdir.

42. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (X16, X17 və X20) tərəfindən mirasın faktiki qəbul edilməsi şübhəsizdir və işin mübahisələndirilməyən halıdır.

43. Beləliklə, iddiaçı, mərhum X7 xx.xx.2007-ci il tarixdə öldüyünü bilmiş, dəfnində iştirak etmiş, indiyədək Tovuz rayonunda yaşamaqla, heç bir miras qalan əmlakda yaşamayaraq təsərrüfat aparmamışdır və eyni zamanda həmin vaxtdan müəyyən edilmiş müddətdə mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir. İddiaçının özünün də iddia ərizəsində bildirdiyinə görə oğlunun 2007-ci il də ölümündən sonra ona çatası pay barədə məlumatlı idi, yəni, gəlini və nəvələri tərəfindən müvafiq payının ayrılmasını gözləyirdi. Lakin iddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığını, xx.xx.2024-cü il tarixdə, yəni təxminən 17 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi iddiaçı həm miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir ki, bu da onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlməyə əsas verir.

44. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. X28 qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

45. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının məzmunundan müəyyən olunan odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulan miras əmlakın qəbulu ilə bağlı müddət ləğv edilməli, mirasın qəbulu müddətdən asılı edilməməlidir. Lakin mirasın vərəsə tərəfindən qəbulunun müddətdən asılı edilməməsi ilə bağlı sözügedən Plenum Qərarı hazırki mülki iş üzrə mübahisəyə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

46. Hazırki mülki iş üzrə vərəsəlik münasibətləri isə qeyd edilən Plenum Qərarından əvvəl - miras qoyan X3 ölümü ilə yəni, xx.xx.2007-ci il tarixdə yarandığından və mövcud mübahisə ilə bağlı iddia ərizəsi Plenum Qərarı qüvvəyə mindikdən sonra, yəni xx.xx.2024cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı mövcud vərəsəlik mübahisəsinə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Hazırki işdə də iddiaçı mirası qəbul etməsinə dair ərizə ilə qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində notariat orqanına müraciət etməmiş, bununla yanaşı həmçinin miras əmlakı qəbul etməsinə dair iradə ifadəsini bəyan edən hərəkətlər etməmiş, miras əmlaka daxil edilən əmlaklara faktiki sahiblik etməmişdir. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

48. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

49. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ olmadığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

50. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı qızı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3238/2024 nömrəli xx.xx.2024 cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar