Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9361/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(004)-1294/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən gül salonuna sudan istifadəyə görə hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin sahə 40 kv.m-dən ibarətdir. Uzun illərdir ki, gül salonu kimi fəaliyyət göstərir. Cavabdeh ASC X2 İdarəsi tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi qanunsuz şəkildə 2196 manat cərimə edilmişdir. Belə ki, 2018-ci ildə sayğacın nasaz olduğunu xəbər tutan kimi X2 İdarəsinə müraciət etmiş, İdarənin işçisi kimi özünü təqdim edən Teymuraz adlı şəxs gəlib sayğaca baxış keçirmiş və sayğacı müayinə üçün idarəyə aparacağını və əlavə 70 manat xərcin olduğunu bildirmişdir, həmin pulu vermişdir. 2 ay sonra X2 İdarəsinin əməkdaşı kimi özünü təqdim etmiş Anar adlı şəxs sayğaca baxış keçirərək sayğaca müdaxilə edildiyini bildirmişdir. Sayğac yenisi ilə əvəz edilməli olduğu üçün 350 manat pul tələb etmiş, 350 manat pulu vermiş və tez bir zamanda yeni sayğacın quraşdırılmasını xahiş etmişdir. Sayğac yenisi ilə əvəz edilərkən guya müdaxilə səbəbindən 2196 manat cərimə olunduğu deyilmişdir. 40 kv.m sahəyə 2 aydan az vaxt ərzində belə məbləğdə su sərfiyyatı yazılması ağlabatan deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(004)- 1294/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən gül salonuna əlavə su sərfiyyatına görə hesablanmış 2196 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC tərəfdən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən gül salonu kimi fəaliyyət göstərən ünvan 2 ünvanda yerləşən obyektə baxış keçirilən zaman sayğacın elektron hissəsinin işləmədiyi müəyyən edilmişdir. Sayğacın dəyişdirilməsi üçün 07 fevral 2018-ci il tarixində iş əmri yaradılmış və nasaz Alfasu-20 markalı, zavod nömrəsi 49992400 və plomb nömrəsi B598487 olan su sayğacı 02 aprel 2018-ci il tarixində çıxarılaraq yoxlamadan keçirilməsi məqsədi ilə X1 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasına göndərilmişdir. Laboratoriyada müayinə nəticəsində sayğacın hesablama mexanizmində və Cavabdeh loqolu plombunda müdaxilə aşkar edilmiş və bu barədə 92400/0033783 nömrəli 09 aprel 2018-ci il tarixli rəy tərtib edilmişdir. Həmin rəy əsasında “Sudan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsinə uyğun olaraq 2196 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sayğaca müdaxilə faktını sübut edən fotoşəkillər çəkilmiş və məhkəmə prosesinin gedişatında məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh ASC X2 İdarəsi tərəfindən iddiaçı barədə tərtib olunmuş hesab fakturaya əsasən 16.11.2018-ci il tarixdə İddiaçı 2196 manat əlavə su sərfiyyatı hesablanmışdır. 27 smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə 02 aprel 2018-ci il tarixli aktdan göründüyü kimi “02.04.2018 tarixdə iddiaçıya məxsus su sayğacı 49992400 saylı smart tipli su sayğacı elektrik hissəsi xarab olduğundan, tərəfimizdən çıxardılaraq NÖCİ– yə göndərilmişdir. Sayğacın zavod və Cavabdeh loqolu plombu üzərindədir.” qeydi ilə xətdən ayrılmış və bu zaman aktda Cavabdeh loqolu plombuna hər hansı müdaxilənin olması qeyd edilməmişdir. Cavabdeh ASC-nin X1 idarəsinin “Suölçən cihazların kalibrləmə laboratoriyası”nın 04.04.2018-ci il tarixli, 92400/0033783 saylı rəyinə əsasən 49992400 nömrəli sayğacın hesablama mexanizmində və Cavabdeh loqolu plomba müdaxilə olunması faktı aşkar olunmuşdur. İstismara və təmirə yararsız olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh sayğacın laborator yoxlamasında iştirak etməsinə iddiaçıya 3 iş günü vaxt verilməsini bidirsə də, bu barədə hər hansı sübut növünü, o cümlədən iddiaçıya yazılı bildirişi məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin sayğacın hesablama mexanizminə və Cavabdeh loqolu plombuna məhz iddiaçı tərəfindən müdaxilə olunması faktı təsdiq olunmuş kimi qəbul edilə bilməz. Sayğaca müdaxilənin məhz iddiaçının təqsirli hərəktləri nəticəsində baş verməsi təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən iddia əsaslıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, sayğacın dəyişdirilməsi barədə akt tərtib edilərkən Sayğacın zavod və Cavabdeh loqolu plombunun üzərində olduğu göstərilmiş, buna baxmayaraq “Suölçən cihazların kalibrləmə laboratoriyası”nın rəyinə əsasən sayğacın hesablama mexanizmində və Cavabdeh loqolu plomba müdaxilə olunması faktı aşkar olunmuşdur. Sayğaca müdaxilənin iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsi təsdiq edilməmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1294/2021 saylı iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9361/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9361/2021
18.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver