Məhkəmə qərarları › İş №2(103)-9378/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9378/2021

11.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9378/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə MMC arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikiləcək binanın C blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 noyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olan MMC ilə Cavabdeh arasında 27.11.2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə Cavabdeh və Hikmət Yigitdöl arasında olan 07.06.2017-ci il tarixli barışıq sazişinə əsasən 286 kv.m, cavabdehin adına olan 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, mənzil əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin ləğv edilməsi müqabilində binanın tikintisi başa çatdıqdan sonra sonra C blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi razılaşdırılmışdır. Qeyd olunan müqavilənin 3.1-ci bəndində təhvil veriləcək qeyri-yaşayış sahəsinin dəyəri "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları kimi göstərilmiş, lakin cavabdeh barışıq razılaşmasının şərtlərinə əməl etməyərək ona verilmiş 286 kv.m, 270 kv.m və 214 kv.m qeyri-yaşayış sahələrinə dair maliyə arayışlarını qaytarmamışdır. Müqavilədən də göründüyü kimi cavabdeh müqavilə üzrə MMC-nə heç bir ödəniş etməmişdir və buna görə də hesab edirlər ki, müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, həmçinin cavabdehlə bağlanmış digər müqavilələrdən irəli gələn öhdəlikləri pərdələdiyindən etibarsız əqd kimi qiymətləndirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı MMC-nin nümayəndəsi onun ləğv olunaraq iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, cavabdehin istinad etdiyi maliyyə arayışlarının "xxxx" MTK tərəfindən imzalanmadığını nəzərə almadığını irəli sürmüşdür. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, "xxxx" MMC nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllədə) inşa olunan binanın sahibləri tərəfindən 2010-cu ildən etibarən aldadılmış, ona satılan daşınmaz əmlaklar təkrarən başqa şəxslərə də satıldığından şikayətləri əsasında Azərbaycan Respublikası Baş prokuroru yanınında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində ********* saylı cinayət işinin istintaqı aparılmış, "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl məhkəmə məsuliyyətinə verilmiş, X6 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, cinayət işinin istintaqı zamanı Hikmət Yigitdölün Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi çoxmənzilli binanın sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində zərərçəkmiş şəxslərin Qabil Əliyev tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, adıçəkilən MTK və MMC-nin auditlə müəyyən olunacaq debitor və kreditor borclarının H.Yigitdölün şəriki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi Qabil Əliyev tərəfindən qəbul edilməsi, auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasını özündə ehtiva edən 28 avqust 2018-ci il tarixli saziş bağlanılmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh MMC arasında üç qeyri-yaşayış sahəsinin əvəzinə bir qeyri-yaşayış sahəsinin verilməsinə dair hazırda mübahisələndirilən 27 noyabr 2018-ci il tarixli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, Cavabdehla Hikmət Yigitdöl arasında bağlanmış 07.06.2017-ci il tarixli razılaşmaya əsasən 286 kv.m, 28.09.2010-cu il tarixli müqavilə ilə 270 kv.m və 17.12.2012- ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələri ləğv edilir əvəzində "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa olunan çoxmənzilli binanın C blokunun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsi verilir. Həmçinin müqavilənin 3.2ci bəndinə əsasən, təhvil veriləcək ümumi sahənin dəyəri “X11” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənilmiş hesab edilmişdir. Belə olan halda iddia tələbinin əsaslı olmasından söhbət gedə bilməz, digər tərəfdən iddia tələbi müqavilənin etibarsız hesab olunması barədə olsa da, əqdin etibarsızlığının konkret əsasları göstərilməmişdir. Bundan başqa, iddiaçı MMC məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, "xxxx" MMC-nin direktoru X6 ilə Cavabdeh arasında 27.11.2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilədə Cavabdeh və Hikmət Yigitdöl arasında bağlanmış 07.06.2017-ci il tarixli barışıq razılaşmasına əsasən 286 kv.m, Cavabdeh adına 28.09.2010-cu il tarixli müqaviləyə əsasən 270 kv.m, mənzilin əldə edilməsi haqqında 17.12.2012-ci il tarixli müqaviləyə əsasən 214 kv.m qeyri-yaşayış sahələrinin əvəzində MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa etdiyi yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 400 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh veriləcəyi, təhvil veriləcək ümumi sahənin dəyərinin “X11” MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən tam ödənildiyi və “X11” MTK tərəfindən verilmiş maliyyə arayışlarının öz qüvvəsində qaldığı razılaşdırılmışdır. Sözügedən müqavilədən qeyd olunan maliyyə arayışlarının iş materiallarına əlavə edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A-1 blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 270 kv.metr qeyri-yaşayış sahəsinin pay dəyəri 270 000 manat, eyni ünvanda yerləşən binanın 4-cü mərtəbəsindəki 214 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri olan 214 000 manat və 286 kv.metr qeyriyaşayış sahəsinin dəyəri 270 000 manat "xxxx" MTK-ya tam ödənilmişdir. İş materiallarında olan 28 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanınında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaqına kömək məqsədilə təyin olunmuş auditor (mütəxəsis) X1, "xxxx" MTK-nın qanuni təmsilçisi və təsisçisi - Türkiyə vətəndaşı X2, "xxxx" MTK-nın digər təsisçiləri X3, X7 və "xxxx" MTKnın qanuni təmsilçisi H.S.Yigitdölün şəriki olan "xxxx" MMC-nin qanuni təmsilçisi və təsisçisi X6, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli sərəncamına əsasən H.S.Yigitdölün Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış və qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə onun qanuni təmsilçisi Qabil Əliyev tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi, adıçəkilən MTK və MMC-nin auditin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Qabil Əliyev tərəfindən qəbul edilməsi və auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması barədə razılığa gəlmişlər. Kollegiya hesab edir ki, iddiaçı MMC-nin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından görünür ki, mübahisələndirilən müqaviləyə bilavasitə MMC-nin direktoru Qabil Əliyev və Cavabdeh imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir; müqavilənin şərtlərinin tam və ya qismən icra edilməməsi iddiası isə müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1543/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar