Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9399/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi qarşı “əmlak ilə bağlı hərracın nəticələri haqqında 50/05 saylı 31 iyul 2019-cu il tarixli protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi və daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT ASC-nin hüquqların dövlət qeydiyyatı, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021ci il tarixli, 2(005)-2436/2021 nömrəli qərardadından Cavabdeh3 BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilinə dair 31 iyul 2019-cu il tarixli hərracın nəticələri haqqında «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC-nin hərracın yekunları barədə 50/50 saylı protokolunun, 31.07.2019-cu il tarixli hərracın yekunları barədə alqı-satqı müqaviləsinin ləğvi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək, mülkiyyətindəki mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsinə və iddiaçının mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılması, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilinin başqa şəxslərə özgəninkiləşdirilməməsinin cavabdehlərə, üçüncü şəxslərə, dövlət qurumlarına qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)- 2436/2021 nömrəli qərardadı ilə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, 1 saylı evin, 60 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh3 BOKT ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(005)-2436/2021 nömrəli qərardadından şikayət vermiş və qərardadın ləğv olunmasını xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işdə cavabdehin əmlakı özgəninkişləşdirəcəyinə işarə edən heç bir dəlil yoxdur. Əmlak üzərinə həbs qoyulması təşkilatın mənafeyinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin 05.08.2021-ci il tarixli qərardadında nəzərdə tutulan qadağanın tətbiq edilməməsi çıxarlacaq qətnamənin gələcəkdə icrasına heç bir maneə törətməyəcək. Digər tərəfdən, iddiaçı hazırda həmin mənzildə qeydiyyatdadır, orada yaşayır, onun icazəsi və razılığı olmadan mənzil özgəninkiləşdirilə bilməz. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(005)- 2436/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Baxılan iş üzrə iddiaçı mübahiəsli daşınmaz əmlak üzərində Cavabdeh3 BOKT Açıq Səhmdar Cəmiyyətinin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsini və iddiaçının mülkiyyətində olan mənzilə aid sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasını xahiş edir. İddianı təmin etmə tədbiri qismində əmlakın özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyrimümkün edə bilər. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021- ci il tarixli, 2(005)- 2436/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9399/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver