Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9403/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı, “şəhadətnamənin etibarsız hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)-2592/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 sahədə yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına verilmiş 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Cavabdeh1 adına verilmiş 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə, həmçinin cavabdehlərin əməllərində cinayətin tərkibinin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.09.2000-ci il tarixli, 916 saylı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin mülkiyyətinə 65.38 ha torpaq sahəsi verilmişdir. Həmin bələdiyyə tərəfindən iddiaçılara 12 may 2004-cü il və 30 dekabr 2006-cı il tarixlərdə hər birinə 112 saylı sahədən 600 kv.m olmaqla, ümumilikdə 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Lakin buna baxmayaraq, cavabdehlərin qanunsuz və saxta əməlləri nəticəsində iddiaçılar halal zəhmətləri ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsindən aldıqları və ünvan 5 sahədə yerləşən torpaq sahəsindən məhrum olmuşlar. 22.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş 10.05.2016-cı il tarixli reyestr 2V-69 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə dair notariat işini əldə etdikdən sonra iddiaçılara aydın olmuşdur ki, Cavabdeh1 atası Ağarza Əlipaşa oğluna Cavabdeh4 Başçısının 17.04.1992-ci il tarixli, 9/55 saylı qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi sahə 110 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ağarza Əlipaşa oğlu 13.11.2015-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh1 02.03.2016-cı il tarixdə Bakı şəhəri 16 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bundan sonra, cavabdehlərdən Bakı şəhəri 16 saylı Notariat Ofisi digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlayaraq mərhum Ağarza Əlipaşa oğlunun adına Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi sahə 110 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin, vərəsəlik işinin materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən bilərəkdən və yaxud bilməyərəkdən öz qulluq mövqeyindən sui-istifadə edərək Ağarza Əlipaşa oğlunun adına ünvan 5 sahədə yerləşən torpaq sahəsinə 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyest nömrəli, Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir və həmin çıxarış əsasında isə cavabdeh Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Beləliklə də, iddiaçılara Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən 12 may 2004-cü il tarixdə və 30 dekabr 2006-cı il tarixdə ayrılmış ümumilikdə 0,12 ha torpaq sahəsi cavabdehlər tərəfindən saxtakarlıq olunmaqla və bu saxtakarlığa qanuni don geyindirilməklə əllərindən alınmış bu da öz növbəsində Cavabdeh1 cinayət yolu ilə varlanmasına gətirib çıxarmışdır. Həmçinin, Bakı şəhəri Cavabdeh4 28.02.2020-ci il tarixli, 1/96 saylı məktubundan da açıq-aşkar görünür ki, Ağarza Əlipaşa oğlu Bakı şəhəri Cavabdeh4 Başçısının 17.04.1992-ci il tarixli, 9/55 saylı qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh təkrarən həmin qərardan istifadə edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən iddiaçılara ayrılmış torpaq sahəsini zəbt edərək özəlləşdirmişdir. Bundan əlavə, onların torpaq sahəsi cinayət yolu ilə ələ keçirildikdən sonra orada tikinti işlərinə başlanılmışdır və hazırda da həmin ərazidə qanunsuz tikinti işləri davam etdirilməkdədir. Göründüyü kimi, Cavabdeh1 digər cavabdehlərin köməkliyi ilə vəfat etmiş atası Ağarza Əlipaşa oğlunun miras əmlakına daxil olmayan əmlakı cinayət yolu ilə ələ keçirmişdir və məhz qeyd edilən xüsusatlarla əlaqədar məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalıdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh4, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi, X18, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)- 2592/2021 nömrəli qərardadı ilə, iddia tələbinin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı ünvan 5 sahədə yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına verilmiş 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın etibarsız hesab edilməsinə dair hissəsində iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1.ci maddəsinə əsasən xitam verilmiş, iddiaçılara həmin tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)- 2592/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qalan hissəsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Cavabdeh1 adına verilmiş 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin cavabdehlərin əməllərində cinayət tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad çıxarılması tələbinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin nəticəsində maraqlı və iddiaçılara qarşı qərəzli olmuş, ona görə də iddia tələbinin bir hissəsi üzrə icraata xitam vermiş, qalan hissədə isə iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin nümayəndəsi X13 məhkəməyə bildirmişdir ki, Bələdiyyənin 12 may 2004-cü il və 30 dekabr 2006-cı il tarixli sərəncamları ilə iddiaçıların hər birinə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ümumilikdə 0,12 ha olan torpaq sahəsinə dair rüsum və vergilər iddiaçılar tərəfindən ödənilmişdir. Lakin onlarda olan məlumata əsasən X27 Cavabdeh4 Başçısının 17 aprel 1992-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən əlavə torpaq sahəsi zəbt edərək həmin torpaq sahəsini özəlləşdirmişdir. Mübahisəli həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyəsinin 12 may 2004-cü il tarixli 10/30.07.2004-cü il tarixli sərəncamından görünür ki, İddiaçı2 145-000- 130 s nömrəli layihə tipli 600 kvadrat metr sahəsi olan şəxsi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyəsinin 30 dekabr 2006-cı il tarixli 825 nömrəli sərəncamından görünür ki, İddiaçı1 Yeni Balaxanı yaşayış massivində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 10 sentyabr 2009-cu il tarixli 088 saylı məktubunun surətindən görünür ki, Balaxanı Bələdiyyəsi Bakı şəhəri Cavabdeh4nə İddiaçı2 30.07.2004-cü il tarixli, 10 nömrəli sərəncam əsasında ona məxsus olan 600 kv.m torpaq sahəsində tikinti işləri aparmaq istədiyini və özünün buna etiraz etmədiyini bildirmiş, həmin məsələyə münasibət bildirməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin 22.07.2016-cı il tarixli 066 saylı məktubundan görünür ki, 12 may 2004-cü il tarixdə İddiaçı2 İnqilap qızına Balaxanı Bələdiyyəsi tərəfindən ayrılmış 600 kv.m torpaq sahəsi cizgidə nəzərdə tutulan faktiki sahə ilə üst-üstə düşür, torpağın birdəfəlik rüsumu və illik vergi vaxtlı-vaxtında ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin 22.07.2016-cı il tarixli 067 saylı məktubundan görünür ki, 30 dekabr 2006-cı il tarixdə İddiaçı1 Balaxanı Bələdiyyəsi tərəfindən ayrılmış 600 kv.m torpaq sahəsi cizgidə nəzərdə tutulan faktiki sahə ilə üst-üstə düşür, torpağın birdəfəlik rüsumu və illik vergi vaxtlıvaxtında ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh4 28 fevral 2020-ci il tarixli, 1/96 saylı məktubunun surətindən görünür ki, Balaxanı Bələdiyyəsindən aldıqları məlumata əsasən X27 Cavabdeh4 Başçısının 9/55 saylı, 17 aprel 1992-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. X27 həmin qərardan təkrar istifadə edərək başqa ərazidə torpaq sahəsi zəbt edərək həmin torpaq sahəni özəlləşdirmişdir. Mübahisəli həmin torpaq sahəsi Bakı şəhəri Cavabdeh4 Başçısının 9/55 saylı, 17 aprel 1992-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi deyil, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsi tərəfindən İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Bakı şəhəri Cavabdeh4 9/55 nömrəli, 17.04.1992-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, 110 saylı sahə Ağarza Əlipaşa oğluna ayrılmışdır. İş materiallarında olan 10 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 5 sahədə yerləşən ümumi sahəsi 0.114 kv.m olan torpaq sahəsi 08.11.2015-ci ildə vəfat etmiş Ağarza Əlipaşa oğlundan vərəsəsi Cavabdeh1 miras qalmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, 0.114 ha olan torpaq sahəsindən ibarət ünvan 5 sahə xüsusi mülkiyyət hüququ üzrə Ağarza Əlipaşa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 627 nömrəli reyestr kitabının 59347 nömrəli vərəqində 26.04.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 20 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 5 sahədə yeləşən 0.114 ha torpaq sahəsinin 0.074 ha hissəsini X1. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 5 sahənin 0.074 ha hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 26.08.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 15.07.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 ünvan 5 sahədə yeləşən 0.074 ha torpaq sahəsinin 0.03 ha hissəsini X2. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 5 sahənin 0.03 ha hissəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 06.08.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 may 2021-ci il tarixli arayışından görünür ki, ünvan 5 sahədə yeləşən 0.1140 ha torpaq sahəsi Bakı şəhəri Cavabdeh4 Başçısının 17.04.1992-ci il tarixli 9/55 nömrəli qərarına (qərarda 110 saylı sahə kimi qeyd edilib), Bakı şəhəri 16 saylı Notariat Kontorunun 02.03.2016-cı il tarixli 200 nömrəli vərəsəlik məktubuna, Cavabdeh4 Başçısının 17.10.2007-ci il tarixli 4374 nömrəli arxiv arayışına əsasən 26.04.2016-cı il tarixində ilkin olaraq Ağarza Əlipaşa oğlunun adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 10.05.2016-cı il tarixli, 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17.05.2016-cı il tarixdə vərəsə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 5 sahədə yeləşən 0.1140 ha torpaq sahəsinin 0.0740 ha hissəsi 20 avqust 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən Cavabdeh1 tərəfindən X8 adına özgəninkiləşdirilmiş və 26 avqust 2016-cı il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsinin yerdə qalan 0,0378 ha hissəsinə ünvan 3 ünvanı verilərək 23.11.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. ünvan 5 sahədə yeləşən 0.0740 ha torpaq sahəsinin 0.03 ha hissəsi 15.07.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X17 tərəfindən X10 adına özgəninkiləşdirilərək 06.08.2016-cı il tarixdə X10 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsinin 0,0440 ha hissəsi 15.07.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X17 tərəfindən X11 adına özgəninkiləşdirilərək ünvan 4 ünvanı verilərək 06.08.2016-cı il tarixdə X11 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. ünvan 3də yerləşən 0,0378 ha torpaq sahəsi 06.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X3 adına özgəninkiləşdirilmiş və 16.12.2016-cı il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. 15.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən X12 adına özgəninkiləşdirilərək 24.12.2019-cu il tarixdə X12 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Arayışdan həmçinin görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, 110 saylı sahədə yeləşən torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(102)-6647/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2016-cı il tarixli 112 saylı torpaq sahəsinə dair Çıxarış, Cavabdeh1 ilə X5 arasında ünvan 5 torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX 097036 seriya nömrəli Çıxarış, həmçinin Cavabdeh1 ilə X17 arasında ünvan 5 torpaq sahəsinə dair bağlanmış 20 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında verilmiş RX ******* seriya nömrəli Çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2019-cu il tarixli 2(103)- 3597/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(102)-6647/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, nə qədər ki, 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın öz hüquqi qüvvəsi vardır, yəni qanunvericiliyə əsasən məhkəmə qərarı əsasında ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, həmin Çıxarışa əsasən 16 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 12.05.2016-ci il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)-2592/2021 nömrəli qərardadı ilə ünvan 5 sahədə yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına verilmiş 26.04.2016-cı il qeydiyyat tarixli, Seriya RX № ******* saylı Çıxarışın etibarsız hesab edilməsinə dair hissəsində iş üzrə icraata məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1.ci maddəsinə əsasən xitam verilmiş, iddiaçılara həmin tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Göründüyü kimi, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına dövlət reyestrində aparılmış qeydiyyat və bununla bağlı verilmiş 26.04.2016-cı il tarixli Seriya RX № ******* saylı Çıxarış qüvvədədir, iddiaçılar həmin qeydi və Çıxarışı, habelə bu qeydin aparılmasına əsas olan hər hansı mülki-hüquqi əqdi mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi 26.04.2016-cı il qeydiyyat tarixli X6 adına qeydə alınmışdır və qanunun tələbinə görə, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədərki Ağarza Əlipaşa oğlunun hüquqlarının qeydiyyatı əsassız hesab edilməyib (inzibati icraat qaydasında), həmin hüquqların həqiqiliyi və tamamlığı prezumsiyası qüvvədə qalır. Belə olan halda isə reyestrdə aparılmış həmin qeyd əsasında miras qoyanaa məxsus miras əmlaka dair Cavabdeh1 adına verilmiş 12.05.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçının tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddia tələbinin 2 və 3-cü hissələri 1-ci hissənin təmin edilibedilməməsindən asılıdır. Lakin, iddianın 1-ci hissəsi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan və həmin tələbə inzibati icraat qaydasında baxılaraq həll edilməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)- 2592/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9403/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9403/2021
28.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver