Məhkəmə qərarları › İş №2(103)-9409/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9409/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9409/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-3264/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 4230,1 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4260,1 manat pulun tutularaq "Azəriqaz" İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 07 yanvar 2014-cü il tarixli 03/25 saylı müqavilə əsasında "Azəriqaz” İstehsalat Birliyi Cavabdeh məxsus fərdi yaşayış evini, təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz" İB-nin Bakı X2 Departamenti tərəfindən **********00220 nömrəli abonent kodu verilmiş, mənzilində G-4 markalı, 1202AQ**********2 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdehə məxsus fərdi yaşayış evində istifadə edilmiş 824,7 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. Lakin cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmış, 14 noyabr 2016-ci il tarixli ******* saylı akt əsasında 378,0 manat; 22 dekabr 2016-cı il tarixli ******* saylı akt əsasında 727,2 manat; 28 fevral 2017-ci il tarixli ******* saylı akt əsasında 972,0 manat; 27 mart 2017-ci il tarixli ******* saylı akt əsasında 218,0 manat; 25 oktyabr 2017-ci il tarixli ******* saylı akt əsasında 547,2 manat; 26 yanvar 2018-ci il tarixli ******* saylı akt əsasında 941,0 manat cəmi 3783,4 manat (3E proqramına keçırılmış borcdan xaric) dəymiş ziyan hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı, 16 may 2018 -ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 4260,10 manat məbləğində borc, ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 4290,10 manat tutulması qət edilmiş, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı, 16 may 2018ci il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı 16 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı, 16 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-3264/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 727,2 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 737,2 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 manatının İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu şikayətdə göstərilmişdir ki, cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər təqdim edilmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 07 yanvar 2014-cü il tarixli, 03/25 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanmışdır. Abonentin saldosundan və “gasrep” proqramın çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********00220 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) cəmi 4230,10 (3783,40 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 446,7 manat əvvəlki illərə görə hesablanmış borc) manat zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların (2016-cı ilin noyabr ayından – 2018-ci ilin fevral ayınadək) təsdiq edilmiş surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən cavabdehə 14.11.2016-cı il tarixli ******* saylı akt əsasında 3780 kub metr, 22.12.2016-cı il tarixli ******* saylı akt əsasında 3636 kub metr, 28.02.2017-ci il tarixli ******* saylı akt əsasında 4860 kub metr, 27.03.2017-ci il tarixli ******* saylı akt əsasında 1090 kub metr, 25.10.2017-ci il tarixli ******* saylı akt əsasında 2736 kub metr, 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 4705 kub metr zərər hesablanmışdır. İş materiallarında olan İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və hesablanmış ümumilikdə 3783,40 manat məbləğində borc cavabdehdən tələb edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı cavabdeh iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 22.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 727,2 manat borc tələbini qəbul etdiyini, digər aktların tərtibindən xəbəri olmadığını bildirərək, iddia tələbini yalnız həmin hissədə etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 2016-cı ildə təbii qazdan qeyri-qanuni istifadə etmiş və 22.12.2016-cı il tarixli, ******* saylı akt əsasında iddiaçı tərəfindən ona 727,2 manat məbləğində borc hesablanmışdır (cavabdehin özünün etirafına əsasən). Lakin iddiaçı cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur. Həmçinin uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi də həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Həmçinin əvvəlki illərə dair sənədi tapılmayan dövr üçün tələb edilən 446,70 manat zərərə aid hissədə də məhkəmə haqlı olaraq iddianın əsassız olması qənaətinə gəlmişdir, belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına əsas olan sənədlər də təqdim edilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3264/2021 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar