Məhkəmə qərarları › İş №2(103)-941/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-941/2021

04.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-941/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qȧrşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(011)-655/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1.400 manat məbləğində qalan cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Hazırda ailəsi ilə birlikdə Şəmkir rayonunda müvəqqəti məskunlaşmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən akt tərtib edilərək iddiaçıya 1.710 manat məbləğində cərimə hesablanmışdır. Aktın tərtib olunmasına səbəb sayğacdan kənar qeyri-qanuni qoşulmanın aşkar edilməsi olmuşdur. İddiaçı heç vaxt həmin xətt vasitəsilə təbii qazı istifadə etməmişdir. Bunu həmin dövrdə iddiaçının təbii qaz üçün ödədiyi kommunal ödənişlərdən də görmək olar. İddiaçı artıq ümumi cərimədən 310 manat ödəniş etmişdir. Bundan başqa bir müddət əvvəl köhnə sayğacların yenisi ilə əvəz olunması zamanı iddiaçının 300 manat borcu da qalmışdır. Tərəfindən həmin borc da ödənilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 1.710 manat məbləğində cərimənin ləğv edilməsi, iddiaçının ödədiyi 310 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ondan əsassız olaraq tələb olunan 1.710 manat cərimənin silinməsi və ödənilmiş 359 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(011)- 655/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı oğlunun **********00270 saylı abunə koduna hesablanmış 1.710 (bir min yeddi yüz on) manat məbləğində borcun silinməsi, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından əsassız yazılmış borcun ödənilməsi üçün tutulmuş 359 (üç yüz əlli doqquz) manat məbləğində pulun iddiaçıya geri qaytarılması, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat pulun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 655/2020 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qoşulma faktı aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı kənar qoşulma halı və qoşulmaya xas olan izlər aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.710 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Həmin aktların məzmunundan görünür ki, onlar cavabdeh təşkilatın səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş, abonent həmin aktı imzalamaqdan imtina etmişdir. Lakin iddiaçı həmin aktın onun iştirakı ilə tərtib edilməsini etiraf etməmişdir. Bundan başqa, qeyd edilən aktda abonentə 1 ədəd 28 kv-lıq «Kombi» və 1 ədəd sü qızdırıcısı cihazlarına görə dəymiş zərərin hesablanması göstərilmişdir. Lakin iddiaçının evində bu cihazların olmasına, həmçinin hesabatın hansı dövr üçün aparılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bütün bunlarla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni qoşulma halı öz təsdiqini tapmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçıya qaz xəttinə qanunsuz qoyşulma ilə bağlı 1710 manat ziyan məbləği hesablandıqdan sonra, onun balansına yüklədiyi məbləğlərin 50%-i həmin ziyanın ödənilməsinə yönəldilməklə balansdan silinmiş, bu məqsədlə iddiaçıdan cəmi 359 manat tutmalar aparılmışdır. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğaca onun tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(011)-655/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar