Məhkəmə qərarları › İş №2(103)-9410/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9410/2021

11.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9410/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğvi və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(003)- 2522/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, NDM 022520 nömrəli aktın ləğv edilməsi, ASC tərəfindən əsassız hesablanmış 1641.53 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi N.Rəsulov küçəsi 2 saylı ev onun mülkiyyətindədir. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini 2015-ci ilədək ödəmişdir. Belə ki, həmin ünvanda söküntü işləri getdiyi üçün yaşayış yoxdur. 19 may 2021-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsinə zəng edərək qeyd edilən ünvana köçüb yaşamaq istədiyi üçün elektrik enerjisinin bərpası dedikdən sonra cavab olaraq artıq həmin əraziyə baxmağı üçün başqa əməkdaşları göndərərəm cavabını bildirdi. Günortadan sonra ASC-nin əməkdaşları ona məxsus ünvana gələrək kənar qanunsuz xətt aşkarlanmasını iddia edərək 022520 nömrəli akt tərtib etmiş və ona 1641,53 manat cərimə hesablanmışdır. Hesab edir ki, akt qanunsuzdur, borc əsassız hesablanmış və silinməlidir. Buna səbəb isə onun işıq sayğacına kənar qanunsuz xəttdən istifadə etməməsidir. Belə ki, 15.01.2014-cü il tarixdə sayğacdan kənar işlədicilər olduğu üçün 203,58 manat cərimə yazılmışdır. Həmin vaxt qeyd edilən kənar qanunsuz xətt "xxxx" ASC-nin əməkdaşları tərəfindən kəsilmişdir. Kəsilmiş olan kabel işıq dirəyindən asılı qalmışdır. 19 may 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yenidən gələrək yenidən ona cərimə yazmışlar. 2015-ci ildən bəri həmin ünvanda yaşamır və həmin ünvan isə tamamilə boşdur. Buna sübut kimi abunə haqqında saldosundan da görünür ki, 05.01.2015-ci il tarixdən həmin ünvanda elektrik enerjisinin göstərici sıfır olmuşdur. 19 may 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları işıq dirəyindən sallanmış xəttin ləğvi üçün akt tərtib edərək ona bildirmişlər ki, heç bir cərimə yazılmayacaq, sadəcə olaraq həmin xəttə görə imza etməyin vacib olduğunu bildirdilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(003)-2522/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı tərtib edilmiş 19 may 2021-ci il tarixli NDM 022520 nömrəli aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış 1641.53 manat borcun silinməsi, "xxxx" ASC-dən 30 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdə **********60002 kodla qeydiyyata alınmış işıq xətti üzrə NDM 022520 saylı akt tərtib edilmiş, istehlakçının akt üzrə yazılmış borcu 1641.53 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğunu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac evin çöl divarında quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt hal şahidləri tərəfindən imzalanmamışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmaması və istehlakçının hüquqlarının pozulması barədə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2522/2021 saylı iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar