Məhkəmə qərarları › İş №2(103)-943/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-943/2023

19.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-943/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: elektrik enerjisinin təchizatı, elektrik enerjisindən istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ünvan 1 ünvanında **********A0000 abonent kodu ilə "xxxx" ASC-nin abonenti kimi qeydə alınmışdır.

2. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2022-ci il tarixli 221333 seriyalı protokola görə, abonentin mənzilində sayğac 270710 nömrəli akta əsasən dəyişdirilmişdir, saygacın giriş faza yuvası ərimişdir.

3. Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.2005-ci il tarixli BOEO saylı qeydiyyata əsasən Şəmsəd Hacıyevin xx.xx.2022-ci il tarixinə 510,15 manat borcu vardır.

4. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, ünvan 1 ünvanında elektrik saygacına baxış keçirilən zaman saygacın giriş fazasının saygacın girişindən əridiyi müəyyən olunmuşdur, mənzilə daxil olan cərəyan naqilini dövriyyədən ayırdıqdan sonra məlum olmuşdur ki, elektrik saygacı özüözlüyündə kilovat saat qeyd edir.

5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, **********A0000 nömrəli kod üzrə mənzilin elektirik enerji hesabı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2022-ci il tarixinə sərf olunan elektirik enerjisi sərfiyyatına görə yaranmış 512,15 manat məbləğində borcun mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektirik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 005821 nömrəli protokola əsasən çıxarılan A210707336 nömrəli elektirik hesabat sayğacının artıq sərfiyyat qeyd etməsi təsdiqini tapmamışdır.

6. “Saygacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” aktprotokola görə, saygacın faza xəttinin hər iki yuvası termiki təsir nəticəsində yanıb, xəta faizlərini yoxlamaq mümkün deyil, saygac istismara yararsızdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona yazılmış (hesablanmış) 512,15 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Yaşadığı mənzilə elektrik enerjisi 15 il əvvəl, xx.xx.2007-ci il tarixdə quraşdırılmış smart tipli sayğac vasitəsi təmin edilmiş, adına quraşdırılmış sayğac ona məxsus mənzilin hasarından kənarda, küçədə divarda yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı RETSİ nəzarətçi mühəndisi Cəlali Nicat sayğaca baxış keçirmiş və ona sayğacın giriş fazasının əridiyini bildirmiş, 353,51 manat borcunun olması barədə bildiriş vermişdir. Buna etiraz etmiş və "xxxx" ASC-nin çağırı mərkəzinə məlumat vermiş, ona Suraxanı rayonu Enerji Təchizatı və Satış İdarəsinə ərizə ilə müraciət etməsini bildirmişlər. RETSİ-nə ərizə ilə müraciət etmiş, bir neçə gün sonra sayğaca baxış keçirmək üçün RETSİ-nin nümayəndələri gəlmiş və akt tərtib etmişlər. Akta əsasən, sayğacın giriş fazasının əridiyi və mənzilə gedən naqil dövriyyədən ayrıldıqdan sonra sayğacın öz-özünə sərfiyyat yazdığı müəyyən edilmişdir. Beləliklə sayğacın yenisi ilə əvəz olunmasına qərar verilmiş və xx.xx.2022-ci il tarixdə sayğac üzrərində göstəricisi 52363 olan işlənmiş köhnə sayğacla əvəz olunmuşdur. Bir neçə gün sonra isə 353,51 manat borc artırılaraq 512,15 manat edilmişdir. Suraxanı RETSİ tərəfindən tərtib olunmuş akta və fotoşəkillərə əsasən sayğacın giriş hissəsinin əridiyinin bildirildiyi halda, laboratoriya rəyində saxtalaşdırılaraq sayğacın çıxış fazasının da əridildiyi bildirilmiş, eyni zamanda 15 ildir quraşdırılan sayğacın istismar müddətinin bitməsi haqqında heç bir məlumat qeyd edilməmişdir. Sayğaclar keyfiyyətindən asılı olmayaraq 3, 5 və 7 ildən bir dəyişdirilməlidir. Həm Suraxanı RETSİ-nin mühəndislərinin tərtib etdiyi aktdan, həm də laboratoriyanın tərtib etdiyi aktdan və fotoşəkildən də göründüyü kimi sayğacın möhürü qırılmamış və sayğaca kənardan müdaxilə edilməmişdir. Laboratoriya rəyini alan zaman xəta faizlərini yoxlamaq mümkün olmadığı, sayğacın istismara yararsız olduğu və borcun silinməsi üçün müştəri xidmətlərinə müraciət etməli olduğu bildirilmişdir. Burada onun debitor borc dövriyyəsinə baxılmış və həqiqətən də digər aylarda 15-20 manat dəyərində enerji istifadə etdiyini, sayğacın istismar müddətinin bitdiyini və onun heç bir təqsirinin olmadığını bildirmişlər. Abonentin debitor borc dövriyyəsi təhlil edildiyi zaman 2020-ci il üçün ortalama aylıq sərfiyyatın 20,01 manat, 2021-ci il üçün ortalama aylıq sərfiyyatın 17,90 manat, 2022-ci il üçün (son 6 ayda) ortalama aylıq sərfiyyatın 16,69 manat olduğu aydın görünür. Buradan da, 512.15 manat dəyərində enerji sərfiyyatının mənzildə son bir ayda istifadə olmasının qeyrimümkün olduğu aydın olur. 15 il bundan əvvəl quraşdırılmış sayğacın istismar müddətinin bitdiyi halda dəyişdirilməməsinin səbəbini soruşduqda cavab tapa bilməmiş, borcun silinməsi üçün əllərində rəy olmadığını və məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bir neçə gündən sonra mənzilə verilən elektrik enerjisi heç bir xəbərdarlıq edilmədən dayandırılmışdır. Suraxanı RTSİ nin nəzarətçi mühəndisi Nicat bəyə məhkəmənin qərarı olmadan ona qanunsuz yazılan 512,15 manat borca görə, həmçinin xəbərdarlıq edilmədən mənzilə elektrik enerjisinin dayandırılmasının qanunsuz olduğunu bildirmiş və elektrik enerjisinin bərpasını tələb etmişdir. Nicat bəy də mənzilə elektrik enerjisinin verilməsini müvəqqəti olaraq təmin etmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyini bildirmişdir.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməmiş, izahatında göstərmişdir ki, "xxxx" ASC-nin nümayəndələri mənzilə baxış keçirdikdə sayğacın giriş fazasının əridiyini müşahidə etmiş və bununla bağlı iddiaçıya məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə texniki problem olduğuna görə sayğac çıxarılmış, xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. İddiaçıdan tələb olunan borc sərfiyyat nəticəsində yaranmış borcdur.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********A0000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 510,15 (beş yüz on manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi, 30 (otuz) manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırılmışdır:

11.1. İddiaçı məxsus olan ünvan 3 ünvanında sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, saygacın giriş fazası saygacın girişindən əriyib, mənzilə daxil olan cərəyan naqilini dövriyyədən ayırdıqdan sonra məlum olmuşdur ki, elektrik saygacı özü-özlüyündə kVt saat qeyd edir. 11.2. İş materiallarına əlavə olunmuş saldodan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saygas göstəricisi 62365 kVt-saat olsa da, xx.xx.2022-ci il tarixdə 65192 kVt-saat olmuşdur. 11.3. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan elektrik sərfiyyatına görə dəyən ziyanı tələb edir. 11.4. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən baxış keçirilən zaman saygac dövriyyədən ayrıldığı zaman özü-özlüyündə kVt saat qeyd etdiyindən, həmçinin laboratoriya rəyinə əsasən saygac yararsız olduğundan iddia tələbi qismən təmin olunmalı və abonentdən tələb olunan 510.15 manat borc silinməlidir.

12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 443.1-ci, 448-ci, “İstehlakçıların hüquqularının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci və 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci, 8.2-ci, 8.4-cü, 8.7-ci bəndlərinə istinad etmişdir.

13. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddiaçıdan tələb olunan borcun sayğac əsasında hesablanmış borc olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" ASC nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun

16. Maddə 17. ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

17. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri- cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

18. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

19. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

20. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

29. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi akta əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

30. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(010)-4411/2022 saylı iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar