Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9461/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” 2(011)-862/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdehlərin əməkdaşları tərəfindən 30.04.2019-cu il tarixdə tərtib edilmiş “Təbii qazın uçotu və TQİQ-na riayət edilməsinin yoxlanılmasına dair” ******* nömrəli qanunsuz aktın ləğv edilməsi və **********00001 saylı abonent koduna əlavə və kənar xəttin qoşulması adı altında 8100 kubmetr qaza görə əsassız olaraq yazılmış 810 manat cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qaz istehlakçısı kimi iddiaçının yaşayış evi “Azəriqaz” İB ilə bağlanılmış qazın alqı-satqı müqaviləsinə əsasən 08.02.2013-cü ildən qazla təmin edilmişdir. Mövcud günə kimi borcu yaranmamışdır. Borcun yaranma ehtimalı belə olmamışdır. Çünki qazın istehlak edildiyi sayğac smart kart tipli olduğundan balansda pul olmadığı halda qazın işlədilməsi mümkün deyildir. Lakin iddiaçıya yaxın günlərdə məlum olmuşdur ki, onun qaz sayğacına akt tərtib edilərək 810 manat borc yazılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağ (Vişnyovka) 1210- 0001 ünvanı üzrə İddiaçı hesablanmış 810 (səkkiz yüz on) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 30.04.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş, nəticədə onun qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin 30.04.2019-cu il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən görünür ki, İddiaçı barəsində tərtib olunmuş 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 8100 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan abonentin saldosu vərəqindən görünür ki, İddiaçı 2019-cu il üzrə 810 manat cərimə yazılmışdır. İş materiallarında olan 08.05.2021-ci il tarixli 230 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağ (Vişnovka) 1210-0001 ünvanında İddiaçı “Azəriqaz” İB-nə məxsus qaz xəttinə qeyri-qanuni qoşulma izləri aşkar edilmişdir. Əsas qaz xəttinə əlavə qoşulma faktı 20 mm diametri boru vasitəsi ilə olmuş, üzərinə metal bolt qaynaq olunaraq bağlanmışdır. Qanunsuz qoşulma nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş ziyanın məbləğini müəyyən etmək üçün həmin dövrdə tədqiq olunan fərdi yaşayış evində qazla işləyən avadanlıqlara, qazın stabil təzyiqinə və hansı vaxt ərzində istifadəsinə dair məlumat olmadığından qanunsuz qoşulma nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh şikayətin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(011)-862/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9461/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9461/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver