Məhkəmə qərarları › İş №2(103)-9463/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9463/2021

08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9463/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5 katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021ci il tarixli, 2(011)-3313/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB-yə qarşı «qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(011)-3313/2021 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə 4, 211 saylı ev üzrə (Abonent kodu: **********37380) üzrə İddiaçı hesablanmış 404,50 manat məbləğində borc silinməsi, 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamədən cavabdehin nümayəndəsi kimi X4 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, hüquqi şəxsləri məhkəmədə müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri təmsil edir. Apellyasiya şikayətinə əlavə edilmiş, cavabdehin nümayəndəsi kimi apellyasiya şikayətini imzalayan X4 ilə Cavabdeh İB arasında bağlanmış 13.03.2020-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən (səh. 62) görünür ki, əmək müqaviləsi 13.03.2021-ci il tarixədək bir il müddətinə bağlanmışdır. Belə olan halda, X2 Cavabdeh İB-nin nümayəndəsi kimi 23.08.2021-ci il tarixdə apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021ci il tarixli, 2(011)-3313/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi kimi X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar