Məhkəmə qərarları › İş №2(103)-9472/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9472/2021

13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9472/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4840/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1846,80 manat məbləğində borcun və “G-4” qaz sayğacına görə 236 manatın silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi, ev 12A saylı evə dair Cavabdeh İB ilə iddiaçı arasında qaz alğısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində fərdi yaşayış sahəsinə smart kart tipli “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı quraşdırılan sayğaca kart vasitəsilə pul yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. İddiaçının Bakı regional qazın satışı departamentinə olan müraciətinin nəticəsində sayğaca müdaxilə olunduğu bildirilmişdir. Nəticədə iddiaçının abonent koduna itirilmiş qaz sərfiyyatına görə 1846,80 manat və “G-4” qaz sayğacının dəyərinə görə 236 manat borc yazılmışdır. İddiaçıya borcun səbəbinin yeni sayğac quraşdırılarkən çıxarılan sayğacın laboratoriya rəyinə əsasən çıxış plasmas borusunun deşilmiş olduğu bildirilmişdir. İddiaçı evində quraşdırılan sayğaca tərəfindən heç bir müdaxilə olunmadığını qeyd edir. Sayğac çöldə yerləşdiyinə görə bu məsuliyyəti özü yox, cavabdeh təşkilatın daşıdığını qeyd edir. İddiaçı Cavabdeh İB tərəfindən ona akt təqdim edildiyini qeyd edir. Həmçinin kart vasitəsilə həmişə problemsiz ödəniş etdiyini bildirir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4840/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********10000) üzrə İddiaçı hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində borcun silinməsi, ünvan 1 ünvanı üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğacdan kənar xətt vasitəsilə təbbi qazdan istifadə edərək qazı talamışdır. Barəsində akt tərtib edilərək, itirilmiş qaza görə hesabat aparılaraq 1846,80 manat borc hesablanmışdır. Bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, buda vacibdir), təsbitlənmiş (foto şəkillər, protokollar, aktlar və.s) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyan ödənilməsidir. Məhkəmə borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları, həmçinin aktı tərtib edən tərəfləri şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil. Bundan əlavə qətnamədə iki ziddiyyətli məqam qeyd edilmişdir. Belə ki, birinci səhifənin “müəyən etdi” bölməsindən sonra gələn ikinci abzasdə iddiaçının “G-4 markalı qaz sayğacının dəyərinə görə 236 manat borcun yazıldığı”qeyd edilmiş, daha sonrakı abzasda isə “qaz xəttinə kənar xəttlə qoşularaq təbii qazdan cəmi 7 (yeddi) gün istifadə etdiyi” cümlələri qeyd edilmişdir. Mülki ilə əlavə edilmiş abonent saldosundan məlum olur ki, iddiaçıya yazılmış dəymiş ziyan məbləği 1846,80 manat təşkil edir, saldonun heç bir yerində 236 manat borc haqqında qeyd yoxdur. Bundan əlavə iddiaçı ona 236 manat borc yazıldığı isbat edəcək heç bir əsas gətirməmişdir. 25 fevral 2019-cu il tarixli hesabatdan görünür ki, istehlakçının təqsiri üzündən 18468 m3 təbbi qaz israf olunmuşdur. 05.02.2019-cu il tarixli ******* saylı aktan isə müəyyən edilmişdir ki, iddiaçı sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə etmişdir. İddiçının iddia ərizəsində Cavabdeh İB tərəfindən yazılmış borcun guya sayğaca müdaxilə edilməsi faktına görə yazılması isə böhtan xarakterlidir və məhkəmənin bunu araşdırmadan öz qətnaməsinin “qət etdi” hissəsində sayğac dəyəri olaraq 235,88 manat borcun silinməsini tələb edilməsi əsassızdır və bu durum işə qeyri-obyektiv baxılmasının göstəricisidir. Bundan əlavə mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərə hakim tərəfindən ümumiyyətlə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yaxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4840/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin 25.02.2019-cu il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 05.02.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 18468 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 25.02.2019-cu il tarixli ******* saylı akta əsasən, sayğacdan kənar əlavə xətlə təbii qazdan istifadə olunur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış borc və qaz sayğacının dəyəri iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış, yəni sayğacın dəyəri olan 235,88 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təbii qazdan cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla 7 gün istifadə etdiyini nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi halda, ödəniləcək məbləğin 1846,80 manat məbləğində hesablanmasını ağlabatan deyildir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində qətnamədə ziddiyyətlərin olduğunu və iddia tələbinin əsassız olaraq təmin edildiyini bildirsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlini əsaslı hesab etmir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı 1846,80 qəpik borcun silinməsini xahiş etsə də, birinci instansiya məhkəməsi həmin tələbi qismən təmin etmiş, yəni iddiaçının özünü etiraf etdiyi 7 günlük sayğacdan kənar müdaxiləni nəzərə almaqla yaranmış borcdan 1800 manat silmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, sayğacdan kənar istifadənin 7 gün deyil, daha uzun müddətdə olduğunu və həmin istifadə nəticəsində cavabdehə əlavə 1800 manat zərərin dəyməsini sübut etmək vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının etirafını nəzərə alaraq iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4840/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4840/2021 saylı 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar