Məhkəmə qərarları › İş №2(103)-948/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-948/2025

15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-948/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4641/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixli akt R № 334897-dən görünür ki, istehlakçı İddiaçı yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan Təzə sahə ünvanında quraşdırılan enerji sərfiyyatını ölçən sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın gözlük hissəsinə maqnit quraşdırılmışdır və bu vasitə ilə sayğac dövriyyədən kənarlaşdırılmışdır. Xəttən axan yük amperaj vasitəsi ilə ölçülmüşdür. Tələb: sayğac yenisi ilə əvəz olunsun və laboratoriyaya rəyə verilsin.

2. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **********30001 abonent koduna 1208.74 manat borc hesablanmışdır.

3. istehlakçı İddiaçı yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan Təzə sahə ünvana **********30001 saylı abonent koduna tərtib edilmiş qəbzdə son ödənilən məbləğ kimi 300 manat (xx.xx.2024-cü il) qalıq borc 908.74,456 kvts sərfiyyat üçün məbləğ (EDV-li) 45.28 manat, ödəniləcək məbləğ 954.02 manat göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin R334897 nömrəli, xx.xx.2024-cü il tarixli aktının ləğv edilməsi, tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin tələbi ilə ödənilmiş 300 manatın ona qaytarılması və ya gələcək enerji sərfiyyatına görə ödəniləcək vəsaitlə əvəzlənməsi, cavabdehin xx.xx.2024-cü il tarixli qəbzlə onlara qalıq borc kimi qeyd etdiyi 954.02 manatın silinməsi, evə verilən elektrik enerjisini qanunsuz kəsməsinə görə ailəyə dəymiş mənəvi zərərə görə cavabdehdən 5.000 manat tutularaq ona verilməsi və vəkil xidmətinə görə ödədiyi 100 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birgə ünvan ünvanda yaşayır. Evə verilən elektrik enerjisinə görə sayğac qutusu küçə divarında giriş qapısının yanında quraşdırılmışdır. Həmin sayğac divarın üzərində yerləşdirilmiş dəmir qutunun içərisində olsa da, açıq şəkildədir və qapaqla örtülməmişdir. Ona görə ki, qapaq qıfılı əvvəldən zədəli və nasaz olub və bu vaxta qədər də elədir. 09 iyul 2024-cü il tarixdə, saat 07.08 radələrində cavabdehin əməkdaşları onlar evdə yatdıqları vaxtda iştirakları olmadan küçədə divarda quraşdırılmış sayğaca baxış keçirmiş, sayğacın enerji sərfiyyatı barədə qəbzi çıxarıb, daha sonra qapını döyərək onları çağırmış, Qoşqar adlı əməkdaş qəbzi verərək demişdir ki, onların sayğacının üzərində maqnit yerləşdirililərək sayğaca müdaxilə edilmişdir və Qoşqar həmin maqniti öz avtomobilindən götürərək gətirib həyat yoldaşına göstərmişdir ki, guya bu maqnit onların sayğacın gözlüyündə olub. Təbii ki, onlar bu məlumata etiraz etmişlər və bundan sonra Qoşqar və digər əməkdaş yoldaşına və oğluna bildirmişdir ki, bu işin 5.000 cəriməsi var, ona görə də saat 10.00-da idarəyə gəlib rəhbərliklə məsələni həll etsinlər. Oğlu Araz onlara demişdir ki, onlar nə cərimə ödəyəcəklər, nə də idarəyə getməyəcəklər ona görə ki, onlar sayğaca heç bir müdaxilə etməmişlər. Oğlu demişdir ki, ağlı başında olan heç kəs küçədə hamının, o cümlədən sayğaca nəzarət edən Qoşqarın istənilən vaxt görə və müəyyən edə biləcəyi yerdə quraşdırılan sayğaca müdaxilə etməz. Bu zaman Qoşqar demişdir ki, onda bu sayğac sökülərək laboratoriyaya gedəcək, ondan sonra müəyən olunacaq ki, onlar sayğaca müdaxilə etmiş ya yox. O, da bununla razılaşmış və demişlər ki, olsun, sayğacı söksünlər və müayinə üçün laboratoriyaya göndərsinlər. Saat l0-da Qoşqar yenidən oğlu Araza zəng etmiş və soruşmuşdur ki, onlar hansı qərara gəlmişlər. Oğlu isə deyib ki, heç bir qərara gəlməmişlər və sayğacın sökülərək müayinəyə getməsini tələb edirlər. Əvəzində Qoşqar oğluna demişdir ki, Xəzər RETS-in müdiri onu idarədə gözləyir ki, məsələni həll etsin, yəni gəlsinlər danışsınlar. Oğlu Araz idarəyə getməkdən imtina etdiyindən saat 10.30 radələrində Xəzər RETS-in 7 nəfər əməkdaşı 3 avtomobillə onların həyətinə gəlmiş və maqniti onların sayğacın gözlüyünə qoyaraq video çəkiliş etmişlər. Bundan sonra isə hazırda ləğvini tələb etdikləri R334897 nömrəli, 09 iyul 2024-cü il tarixli qanunsuz AKT tərtib etmişlər. Daha sonra gələnlərin adını bilmədikləri rəhbəri onlara demişdir ki, sayğac söküləcək, yenisi qoyulacaq və köhnə, yəni onların iddiasına görə müdaxilə edilən sayğac müayinə üçün laboratoriyaya göndəriləcək. Daha sonra evə demək olar ki, basqın edən “işıqçılar”dan biri evə gələn enerji xəttini reketcəsinə şalbandan kəsərək onları isti yay günlərində 2 gün işıqsız qoymuşlar. Bundan sonra oğlu Araz AR DİN-nin 102 qaynar xəttinə, "xxxx"ın 199 qaynar xəttinə və Xəzər rayon Polis İdarəsinə işıqçıların qanunsuz hərəkətləri barədə şikayətlər etmişdir. Lakin faydası olmadığından oğlu ertəsi günü Azərişıqın Baş ofsinə şikayətə getmişdir. Orada oğluna demişlər ki, sayğaca müdaxilə etdiklərindən 1208 manat cərimə edilmişlər və bu cərimə ödənilmədiyi təqdirdə enerji verilməsi bərpa edilməyəcək. Bundan sonra 1 gün də işıqsız qalmışlar, evdə soyuducuda nə qədər ərzaq məhsulu var idisə xarab olmuşdur. Temperaturun 37-38 dərəcə isti olduğu günlərdə kondisionersiz keçinə bilmədiklərindən, habelə evdə 3 yaşında körpə uşağa görə əlacsız qalıb həmin “cərimə” məbləğindən 300 manat ödəmişlər ki, enerjini bərpa etsinlər. Beləliklə onlar cavabdehin hesabına öz balansına guya enerji sərfiyyatına görə 300 manat ödəmişlər və bundan sonra işıqlarını vermişlər. Beləliklə, cavabdehin evlərində verilən enerjiyə görə küçədə divardan asılmış sayğaca tərəflərindən “müdaxilə” edilməsi ittihamı, buna görə onları heç bir əsas olmadan 1208 manat cərimə etməsi, onları 2 gün işıqsız qoyması və yaxud da qanuni əsaslar olmadan enerji xəttlərini şalbandan kəsməsi, işıqlarını bərpa etmək üçün onlara 300 manat zorla ödətdirməsi, iyulun sonuna qədər yerdə qalan “cərimə” məbləğini ödəməklə bağlı onları hədələməsi, iyul ayının sonunda yendən işıqlarını kəsməsi, daha sonra şikayətdən sonra işğı bərpa etməsi və hazırda 954,02 manat borc qoyması tamamilə qanunsuz və əsassız olmuşdur. Ona görə ki, əvvəla onlar tərəfdən heç kim sayğaca müdaxilə etməmişdir. Həmin sayğac küçə divarında qapısı olmayan dəmir qutuda olub və istənilən şəxs, o cümlədən işıqçı Qoşqar və başqası da ora müdaxilə edə bilərdi. İkincisi, 1208 manat necə hesablanıb? və yaxud mənbəyi bəlli deyildir. Üçüncüsü, 1208 manat “sayğaca müdaxiləyə” görə cərimə məbləğidirsə, cavabdehin cərimə tətbiq etmək səlahiyyəti olmamışdır. Belə ki, müvafiq qanunvericiliyə görə elektrik enerjisindən istiafdə qaydalarının pozuntusuna görə cərimə tətbiq etmək X1 Agentliyinin səlahiyyətindədir. Elektrik sayğacına müdaxiə etmək və hər hansı formada qəsdən zədələmək laboratoriya şəraitində təsdiqini tapa bilərdi. Belə bir müayinə isə olmamışdır. Müvafiq qanunvericliyə görə yaşayış evlərinin hasarının xarici tərəfində hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Əlbətdə ki, küçədə divarda heç bir qoruma ilə təchiz edilməyən sayğaca istənilən şəxs müdaxilə edə bilərdi. Müvafiq qanunvericliyə görə məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Cavabdeh "sayğaca” müdaxiləyə görə akt tərtib edərək qeyri-müəyyən məbləğ hesablamış və bu məbləği yalnız eneji sərfiyyatı üçün nəzərdə tutulmuş bildirişdə qeyd etmişdir. Müvafiq qanunvericliyə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Bu isə o deməkdir ki, onlar tərəfindən hətta sayğaca "müdaxilə” olunması təsdiqini tapsa idi belə, cavabdeh bu xətaya görə göstərilən qaydada onlardan pul tələb edə bilbməz. Cavabdeh yuxarıda qeyd edilən hərəkətləri ilə ərizədə göstərilən kobud pozuntularla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilimiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-1, 8.17-2, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh qeyd edilən tarixdə heç bir əsas olmadan onları sayğaca "müdaxilə etməkdə” ittiham etməklə, daha sonra akt tərtib edib 2 gün işıqlarını kəsərkən və üzərinə 1208 manat həcmində cərimə yaxud da ziyan məbləği yükləyərkən "Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-1, 8.17-2, 9.13.2, 9.13-1, 9.13-3-cü bəndlərinin tələblərinə riayət etməmiş, yaxud da onun hərəkətləri həmin bəndlərin tələblərinə cavab verməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4641/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Təzə sahə 33 ünvanına (abonent kodu **********30001) əsassız hesablanmış 908.74 manat borcun silinməsi, "xxxx" ASCdən ödənilmiş 100 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7)

7. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci maddələrinə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7-ci, 8.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin qismən-iddia tələbinin təmin olduğu hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə AR MPMin qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; xx.xx.2022-ci il tarixədək olan redaksiyada 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.

e) Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Cavabdeh tərəfindən qətnamə iddia tələbinin təmin edilən hissəsi mübahisələndirilərək onun tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə həmin hissələrdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır..

21. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, 954.02 manat məbləğində borcun əsasını aydınlaşdırarkən müəyyən etmişdir ki, akt əsasında yazılmış 1208.74 manat cərimədən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat ödənilmiş və nəticə olaraq enerjitəchizatı müəssisəsinin (cavabdeh) hesablamaları ilə ödənilməli cərimə 908.74 manat qalmışdır, qalan məbləğ 45.28 manat isə istehlak edilən enerjinin borcudur. 1208.74 manat enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləği olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşdüyündən, həmin akta görə 1208.74 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadmışdır. Sayğacın çöldə quraşdırılmaqla qutusunun açıq şəkildə saxlanması müəyyən edilmiş, onun işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşımalı olduğundan, bununla da məhkəmə kollegiyası hesab edir ki, borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən pozuntuya görə hesablanmış mövcud 908.74 manatın silinməsi, iddiaçı tərəfindən ödənilmiş 300 manatın onun özünə qaytarılması qənaətinə gəlməkdə birinci instansiya məhkməsi haqlı olmuşdur.

22. Nəticə etibarı ilə qeyd edilən akt üzrə hesablanmış elektrik enerjisinin dəyərinin ödənilməsini cavabdeh iddiaçıdan tələb edə bilməz. Qeyd edilənlər hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış və iddiaçı tərəfindən aparılmış ödənişdən sonra qalıq olaraq qalmış 908.74 manat məbləğində borcun silinməsini şərtləndirir.

23. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya əsassız hesablanmış borcun silinməsi nəticəsinə gəmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4641/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar