Məhkəmə qərarları › İş №2(103)-9487/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9487/2021

02.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9487/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh “4 X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh “4 X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “4 X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 411,18 manat ödənişləri üzrə ümumilikdə 1.550,06 manat məbləğində olan borcun “4 X2” MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə ümumilikdə 2.825 manat pul kompensasiyası kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 aprel 2020-ci il tarixdən “4 X2” MMC-də GİS mütəxəssisi vəzifəsində işə başlayaraq operator kimi müxtəlif layihələrdə GİS proqramları ilə işlər aparmış, 11 yanvar 2021-ci il tarixdə isə işdən öz təşəbbüsü ilə çıxmışdır. 2020-ci ilin sentyabr və oktyabr aylarında müvafiq iş günlərinin hamısını işə getsə də, noyabr ayının əvvəllərindən “4 X2” MMC-nin direktoru Abdullah Demirtaş “whatsapp” qrupunda maddi sıxıntılarla əlaqədar işə gəlməmələri barədə onlara məlumat vermişdir. Belə ki, müəssisənin yaşadığı maddi sıxıntılara görə işçilərə sentyabr və oktyabr aylarının əmək haqları ödənilməmiş, müəssisənin kommunal xidmətləri dayandırılmışdır. Əvvəl sabah gəlməyin deyilsə də, sonra bir həftə, daha sonra isə gələn həftə deyilərək bu müddət uzadılmışdır. Ancaq bununla bağlı heç bir rəsmi bildiriş olmamış və bu müddət ərzində onun əmək haqqı ödənilməmişdir. Sentyabr və oktyabr aylarının əmək haqqı ona ancaq işdən çıxdıqdan sonra, müvafiq olaraq 16 yanvar 2021-ci il və 22 fevral 2021-ci il tarixlərdə ödənilmiş, noyabr, dekabr və yanvar ayının ilk on gününün əmək haqqı və son haqqhesabın ödənilməyəcəyi bildirilmişdir. Əmək haqqının ödənilməməsi ilə bağlı 12 mart 2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etməsinə baxmayaraq, şikayətlə bağlı zəruri tədbir görülməmişdir. Əmək haqqının miqdarı əmək müqaviləsi bağlandığı vaxtdan sentyabr ayına qədər 350 manat, sentyabr ayının 4-dən etibarən isə 500 manat olmuşdur. Sentyabr və oktyabr aylarının əmək haqqı ona müvafiq olaraq 107 və 113 gün gecikdirilərək ödənilmişdir. Məhkəməyə müraciət etdiyi günə qədər noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı isə müvafiq olaraq 139, 108 və 98 gün gecikdirilmişdir. Ona noyabr, dekabr və yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 411,18 manat ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 1.550,06 manat təşkil edir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh ödənişin hər gecikdirilmiş günü üçün ona ümumilikdə 2.825 manat ödənc verməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “4 X2” MMC-dən 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayının ilk on bir gününün əmək haqqı kimi 1.138,88 (min yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 118,.20 (yüz on səkkiz manat iyirmi qəpik) manat pul vəsaitinin, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında 2.825 (iki min səkkiz yüz iyirmi beş) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdeh “4 X2” MMC-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manatın cavabdeh “4 X2” MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili X4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385 və 386-cı maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı özü də onun səhvinə görə müəssisənin ziyanla ili başa vurduğunu bilir, yəni iddiaçıya ödənilməli olan pulun gecikməsi müəssisənin səhvindən yox birbaşa iddiaçının səhvindən qaynaqlanır. İddiaçı ilə olan razılığa əsasən cavabdeh 10 fevral 2021-ci il tarixdək ödənişlərin böyük hissəsini etmiş, iddiaçıda bununla razılaşmışdır. Lakin sonradan iddiaçı yeni iş tapdığı üçün cavabdehdən tövsiyyə məktubu tələb etmiş, cavabdeh ona bunu verə bilməyəcəyini bildirmiş, nəticədə iddiaçı buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsaslanmışdır. Həmin maddədə göstərilmiş ödənc əmək mübahisəsi yaratmadığı hallarda tətbiq edilir, lakin qeyd edilmiş halda əmək mübahisəsi olduğuna görə bu maddə tətbiq edilə bilməzdi. Bundan əlavə işəgötürən təqsiri olmadığına görə bu maddə tətbiq edilə bilməzdi. İddia ərizəsində qeyd edilmiş 2020-ci ilin noyabr,dekabr və 2021-ci ilin yanvar ayının ilk 11 günlük müddəti işçi ümumiyyətlə işə gəlməmişdir. Həmin müddət ərzində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməsi qaydası razılaşdırıldığı vaxta təsadüf edir. Cavabdeh bu vaxt ərzində əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verə bilərdi, lakin işçinin ilk iş yeri olduğuna görə ona güzəşt edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili X4 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh müəssisənin 01 aprel 2021-ci il tarixli 022/20K saylı əmri ilə 01 aprel 2020-ci il tarixdən “4 X2” MMC-də GİS mütəxəssisi vəzifəsində işə başlamış, o, operator kimi müxtəlif layihələrdə GİS proqramları ilə işlər aparmış, onun aylıq əmək haqqı 350 manat təşkil etmiş, sentyabr ayından etibarən maaşı 500 manat olmuşdur. İddiaçı 11 yanvar 2021-ci il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxmış, ona noyabr, dekabr və yanvar ayının ilk on gününün əmək haqqı və son haqq-hesab ödənilməmişdir. İddiaçı 12 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmiş, Əmək Müfəttişliyi tərəfindən cavabdeh müəssisəyə iddiaçının 2020-ci ilin noyabr-dekabr ayları üçün nəzərdə tutulmuş əmək haqlarının və son haqq-hesabının bir ay ərzində ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmiş, daha sonra şirkətin direktoru Abdullah Demirtaş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 01 aprel 2021-ci il tarixli protokol tərtib olunmuş, o, inzibati cərimə edilmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “4 X2” MMC-nin İddiaçı ödənilməmiş əmək haqqının məbləği 1.139,86 manat, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 118.32 manat, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən kompensasiyanın məbləği 2.834,11 manat müəyyən edilmişdir.(İşvər. 113 - 120) Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin cavabdehdən ödənilməmiş əmək haqqı kimi 1.138,88 manat pul vəsaitinin, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi kimi 118,20 manat pul vəsaitinin və cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün bir faiz miqdarında 2.825 manat pul kompensasiyasının tutularaq iddiaçıya ödənilməsi hissədə təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.dir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Həmin Məcəllənin 142-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 aprel 2020ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda əmək funksiyalarını yerinə yetirmiş, cavabdeh isə müqaviləyə əsasən işçiyə icra etdiyi işin müqabilində müəyyən əmək haqqı ödənilməsi öhdəliyini icra etməmişdir. Belə ki, 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar ayının ilk on bir günü üçün iddiaçıya əmək haqqı və istifadə olunmamış əmək məzuniyyətinə görə pulun əvəzi ödənilməmişdir. Məhkəmə kollegiyası cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşov apelyasiya şikayətində 2020-ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayının ilk 11 günlük müddətində işçinin ümumiyyətlə işə gəlmədiyini, həmin müddət ərzində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməsi qaydasının razılaşdırıldığını, cavabdeh bu vaxt ərzində əmək müqaviləsinə işçinin ilk iş yeri olduğuna görə ona güzəşt edərək əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermədiyini göstərsə də, cavabdeh təşkilat tərəfindən həmin dəlilləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə edilməmiş, məhkəmə iclasında iştirak edərkən nümayəndəsi bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Bundan başqa cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdeh “4 X2” MMC-nin nümayəndəsi və vəkili Orxan Dadaşovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh “4 X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4091/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar