Məhkəmə qərarları › İş №2(103)-9490/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9490/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9490/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh 70.000 manat (yetmiş min) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada 01 iyun 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh faizsiz olaraq 70.000 (yetmiş min) manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsinin şərtinə əsasən borclu Cavabdeh İddiaçı 01 noyabr 2019-cu il tarixədək həmin pulu tamamilə və ya hissə-hissə ödəyərək tam şəkildə geri qaytaracağını öz öhdəsinə götürsə də, müqavilə üzrə yaranmış öhdəliyini icra etməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə ona şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz borcunu qaytarmaqdan boyun qaçırmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1159/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 01 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 70.000 (yetmiş min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 70.030 (yetmiş min otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1159/2021 saylı 06 may 2021-ci tarixli qətnaməsinin dəyişdirilərək, iddia olunan məbləğin 30.000 manat hissəsinin cavabdeh X2 İddiaçı xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına, işdə olan sübutlara, təqdim edilmiş səs yazılarına düzgün hüquqi qiymət verməmiş, işə baxarkən qərəzli münasibət nümayiş etdirməklə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Rayon məhkəməsi borc məbləğinin faktiki olaraq aid olduğu Vəfadar Həsənov adlı şəxsin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, İddiaçı ilə onun arasında notariat kontorunda kredit müqaviləsi bağlansa da, bu münasibət faktiki olaraq onunla Vəfadar Həsənov arasında olmuş, həmçinin ona verilmiş vəsait Vəfadar Həsənovun olmuşdur. Verilmiş pulun təyinatı isə Azərbaycan Respublikasına avtomobilin gətirilməsi olmuşdur. Avtomobil Azərbaycana gətirilmiş və Vəfadar adlı şəxsə 70.000 manatın 40.000 manat hissəsi ödənilmişdir. Vəfadar Həsənova kredit müqaviləsinin hissəvi ləğvini barədə dedikdə isə digər məbləğ də ödənildikdən sonra müqaviləni ləğv etdirəcəyini bildirmişdir. X5 borcumun 70.000 deyil, 30.000 manat olmasını, həmçinin İddiaçı Vəfadar Həsənovun adından çıxış etməsini təsdiq edən Vəfadar Həsənov tərəfindən bilavasitə ona WhatsApp vasitəsilə göndərilmiş səs yazıları sübut kimi təqdim edilmişdir. Məhkəmə iclasında Cavabdeh, habelə onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə olaraq göstərdi ki, onun Azərlə heç bir işgüzar münasibəti olmamış, ondan borc pul almamışdır. Azəri onun yaxın qohumu olan Vəfadar Həsənov adlı şəxs vasitəsilə tanımışıdır. Vəfadar Həsənov iş adamıdır və tez-tez onun vasitəsilə Almaniyadan bahalı avtomobillər alır. Sonuncu dəfə də Vəfadar Həsənovun oğluna X6 markalı avtomobil gətirmək üçün danışıqları olmuş, Vəfadar Həsənov beh olaraq 70.000 manat (35.000 Avro) pul vermiş, həmin pulu beh kimi Azərlə birlikdə Almaniyaya göndərmişlər. Həmin pulu verərkən Vəfadar Həsənovun istəyi ilə hazırkı borc müqaviləsi onunla İddiaçı arasında notarial qaydada bağlanmışdır. Həmin avtomobilin Bakıya gətirilməsi xərci ilə bağlı onunla Vəfadar Həsənov arasında narazılıq olmuş və münasibətləri soyumuşdur. O, Vəfadar Həsənovun oğlu üçün sifariş etdiyi avtomobili gətirib gömrükdən keçirərək Azərə təhvil vermiş və bu zaman 40.000 manat pul xərcləmişdir. O, həmin vaxt Azərə demişdir ki, bu barədə notarial qaydada bağlanmış borc müqaviləsində müvafiq qeyd aparılsın. Lakin İddiaçı bununla bağlı Vəfadarla danışmasını, yalnız onun razılığı olacağı təqdirdə belə qeyd ediləcəyini demişdir. Hazırda onun Vəfadara 30.000 manat borcu vardır, Azərə isə ümumiyyətlə borcu olmamışdır. Bunu onunla Vəfadar Həsənov arasında telefon danışığının audioyazısı da təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmin edilməməsini xahiş etdi, əlavə olaraq göstədi ki, İddiaçı uzun müddət Cavabdeh avtomobil ticarəti ilə məşğul olan şəxs kimi tanımış, aralarında işgüzar münasibət olmuşdur. O, inanaraq Cavabdeh 70.000 manat borc pul vermiş, lakin sonuncu həmin pulu hal-hazıradək qaytarmamışdır. Cavabdehin Vəfadar Həsənov barəsində dediklərini isə qəbul etmir və bildirir ki, onların arasında hətta hansısa avtomobil alqısatqısı ilə bağlı münasibətlər olsa da, bunun hazırkı borc məsələsinə heç bir aidiyyatı olmamışdır. Cavabdehin təqdim etdiyi səs yazısının kimə məxsus olması barədə məlumatı yoxdur. İş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.1-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hüsab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 01 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 70.000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən, İddiaçı (borcverən) Cavabdeh (borcalan) 70.000 manat məbləğində borc verməyi, borc alan isə borc məbləğini 01 noyabr 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Adıçəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Cavabdeh bir tərəfdən apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, odan İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin 70.000 manat deyil, 30.000 manat olmasını bildirir, digər tərəfindən isə İddiaçı ümumiyyətlə pul almadığını, onlar arasında borc müqaviləsinin əslində Azərin yaxın qohumu olan Vəfadar Həsənovla onun arasında avtomobil alqı-satqısı ilə əlaqədar ona beh kimi verilmiş pula görə bağlandığını bildimiş, bununla da həmin müqavilənin faktiki olaraq yalan əqd olmasını bildirmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cavabdeh şikayətinin bu dəlilini təsdiq edən audioyazını sübut qismində birinci instansiya məhkəməsində təqdim etmiş, lakin məhkəmə onu mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşar. Belə ki, MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə isə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Bundan başqa, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli Qərarında Məhkəmə qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən belə nəticəyə gəlmək olur ki, tərəflər arasında aparılan danışıqların və yazışmaların mülki mübahisə zamanı sübut qismində istifadə olunması üçün ilk növbədə bu danışıqlar əqdin tərəfləri arasında aparılan danışıqlar olmalı, mülki mübahisə həmin münasibət barəsində və birbaşa əlaqədar tərəflər arasında olmalıdır. Məhkəməyə iş üzrə sübut kimi təqdim edilmiş danışıq və yazışmalar qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyə uyğun əldə edildiyi halda, mötəbər sübut kimi qəbul edilə bilər. Yəni, sadalanan halların məcmusu olduqda, həmin danışıq və yazışmalar sübut kimi istifadə edilə bilər. Hazırkı iş üzrə cavabdeh tərəfindən sübut qismində təqdim edilən səs yazılarının kimlər arasında, hansı tarixdə aparılması müəyyən deyildir. Cavabdeh bu səs yazısının iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Vəfadar Həsənovla onun arasında aparıldığını bildirsə də, bu danışığın həqiqətən də Vəfadar Həsənovla aparılması, danışığın mövzusunun hazırkı mülki mübahisə ilə əlaqəli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki mübahisədə Vəfadar Həsənov mübahisənin birbaşa tərəfi deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1159/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar