Məhkəmə qərarları › İş №2(103)-95/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-95/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-95/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-95/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3627/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh və X5 10.800 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir .

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Uzun illərdir ki, o həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2010-cu il tarixdə iddiaçının oğlu X1 Gülnarə Səyyab qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı oğlu ailə qurduqdan sonra cavabdehlə birlikdə onun mülkiyyətində olan ünvana qeydiyyata düşməsinə razılıq vermişdir. Oğlu Famil və onun ailəsi həmin mənzildə yaşamışlar. İddiaçının oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra gəlinlərinin onlara qarşı münasibətləri kəskin pisləşmiş, cavabdehin iddiaçının mənzilində yaşaması mümkünsüz hal almışdır. Hazırda cavabdeh və qızı həmin mənzildə qeydiyyatda olsalar da, daimi olaraq həmin mənzildə yaşamırlar. İddiaçı hesab edir ki, cavabdeh və onun uşağı qeyd edilən mənzildən kompensasiya ödənilməklə çıxarılmalıdır. Belə ki, iddiaçının təklif etdiyi məbləğ 10.800 manatdır. Hesab edir ki, cavabdeh uşağı ilə birlikdə həmin məbləğə müəyyən müddət daxilində digər eyni şəraitli mənzildə yaşaması üçün kifayətdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(005)- 1845/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 10.800 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi, 22 saylı evin 1 saylı mənzilindən Cavabdeh və onun övladı X4 çıxarılmaları, İddiaçı tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh və onun övladı X4 Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi, 22 saylı evin 1 saylı mənzilindən çıxarılmaları eyni vaxtda icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddənin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4 maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən birgə yaşamasının qeyri-mümkün olmasını fikrinə gəlməsi, yalnız iddiaçının ifadələri ilə müəyyən edilmiş heç bir yazılı sübutla və şahid ifadələri ilə təsdiq edilməmişdir. Halbuki məhkəmə iddiaçının öz azyaşlı nəvəsini saxlamaq, onu alimentlə təmin etmək və evlə təmin edib saxlamaq hüququndan məhrum etmişdir. Onların AR Konstitusiyasının 33-cü maddəsi ilə müəyyən edilmiş hər kəsin mənzil toxunulmazlıq hüququnun olmasını nəzərə almadan, heç yerdə işləməyən ananı bir azyaşlı uşaqla az miqdarda kompensasiya verməklə, yaşamaq hüququndan məhrum etməklə, Bakı şəhərində mənzilin 1 kv.m orta qiymətinin 2000 manat olmasını nəzərə almamışdır. Eyni zamanda hazırki mübahisəli mənzili cavabdehin mərhum həyat yoldaşı tam təmir etdirmişdir və bazar qiyməti 130000 manatdır. Belə olan halda mülkiyyətçi ilə bərabər paya malik olan şəxsə azyaşlı uşaqla 10800 manat pul verib evdən çıxartmaq cavabdehin mənzildə yaşamaq hüququnun (konstitusyon hüququ) pozulmasıdır. Həmçinin cavabdehin mübahisəli mənzil üzrə istifadə hüququ yarandığından və onun bu hüququ itirmədiyindən iddiaçının etirafı və işdə olan sənədlərdən görünür ki, cavabdeh azyaşlı uşağı ilə birlikdə xx.xx.2010-cu ildən hal-hazıra kimi mübahisəli mənzildə yaşayır. Mənzilin mülkiyyətçisinin dəyişməsi, cavabdehlər mənzilə olan istifadə və yaşamaq hüququndan məhrum edilməklə nəticələnə bilməz. Cavabdeh mənzilin özəlləşdirilməsində bərabər hüquqa malik şəxs kimi razılıq vermişdir. Belə olan halda notariusda yazılı razılıq tələb olunmur. Bu hal mülkiyyət hüququ əldə edəndən sonrakı hallara şamil olunur. Məhkəmənin cavabdehin istifadə hüququnun DƏDRX-də qeydiyyata alınmamasını göstərməsi “Mənzillərin özəlləşdirilməsi haqqında” AR Qanunun 8-ci maddəsinə ziddir. Mənzilə tanınan hüquqları olan ailə üzvləri razılıq verir. Bu razılıq DƏDRX idarəsində qeydiyyata alınmışdır. Məhkəmənin cavabdehin istifadə hüququnun olmaması qərarına gəlməsi qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya baxışı zamanı iddiaçının vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

10. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

15. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

16. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

18. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

19. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

21. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Cavabdeh tərəfindən qətnamənin təmin edilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

32. Belə ki iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 22 saylı evin 41.37 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 2027 nömrəli reyestr kitabının 187399 nömrəli vərəqində xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır.

33. Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2022-ci il tarixdə qaraciyər çatışmamazlığından vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabnda xx.xx.2022-ci il tarixdə 208 nömrə ilə qeyd edilmişdir.

34. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 229 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən, Cavabdeh və X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

35. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu tələbi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.

36. Hazırki işin hallarına diqqət yetirdikdə də görmək olur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 22 saylı evin 41.37 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 1 saylı mənzilin xx.xx.2013-cü ildə rəsmi qeydə alınmaqla qanuni mülkiyyətçisidir və öz mülkiyyəti ilə bağlı qanunvericiliyin də göstərişləri nəzərə alınmaqla müstəqil formada sərəncam vermək hüququna malikdir.

37. Hərçənd ki, hazırki iş üzrə Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı mənzilin özəlləşdirilməsi ilə əlaqədar verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3891/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

38. Beləliklə, işin mübahisəsiz halıdır ki, hazırki iş üzrə İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmişdir.

39. Həmçinin, müəyyən olunur ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır.

40. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbinin istifadə hüququna xitam verilməsi hissəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

42. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

44. İşin hallarından da göründüyü kimi Cavabdeh əri X9 xx.xx.2022-ci il tarixdə qaraciyər çatışmazlığından vəfat etmiş və beləliklə, onların arasındakı nikaha Ailə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən xitam verilmişdir.

45. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmirlər. Odur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan hüquqa xitam verilməsi mümkün olmadığından və iddiaçının mülkiyyətçi olaraq öz əmlakından sərbəst şəkildə istifadə etməsi onun hüququ olduğundan hazırki iş üzrə iddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb etməyə haqlıdır.

46. Kollegiya həmçinin onu da qeyd edir ki, cavabdehin azyaşlı qızı X10 yetkinlik yaşına çatmamış olduğundan yaşayış yeri onun valideyninin yaşayış yeri ilə müəyyən edilməlidir və cavabdehin mənzildən çıxarılması bilavasitə onun övladının da eyni əsaslarla mənzildən çıxarılmasına dəlalət edir.

47. Məhkəmə kollegiyası cavabdehin təklif olunan kompensasiya məbləğinin onun və övladının yaşayış səviyəsinin təminatı üçün az olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

48. Kompensasiya institutu mahiyyəti ondan ibarətdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, sanki başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Burada önəmli olan nüans iddiaçının mülkiyyət hüququnu tam formada həyata keçirə bilməsi üçün məhz başqasının həmin mülkiyyət üzərindəki istifadə hüququnun mövcudluğu ilə yaranan maneənin aradan qaldırılması ilə bağlıdır. Yalnız bu hüququn mövcudluğu halında həmin hüquqa xitam verilməsinin hansı məbləğdə kompensasiya verməklə mümkün və ədalətli olması məsələsi müzakirə oluna bilər.

49. Hazırki iş üzrə isə yuxarıda da qeyd edildiyi kimi cavabdehin mübahisəli mənzil üzərində, ümumiyyətlə, istifadə hüququ olmamışdır və var olmayan bir hüququn xitamı ilə bağlı, ümumiyyətlə, hansısa kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır. Çünki qeyd edildiyi kimi, mülkiyyətçi bunu başqasının istifadə hüququ ilə yüklü olan mənzilini yüklülükdən azad etmək üçün edir və əgər belə bir yüklülük mövcud deyildirsə, mülkiyyətçinin hansısa kompensasiya məbləği müəyyən etmək, xüsusən cavabdehin bildirdiyi kimi bu məbləğin ədalətli olub-olmamasını araşdırmaq kimi bir öhdəliyi yoxdur.

50. İddiaçı isə hazırda belə bir öhdəliyinin olmamasına baxmayaraq özü könüllü formada keçmiş gəlini və nəvəsinin şəxsi əmlak mənafelərini nəzər alaraq onların istifadə hüququ olmayan mənzildən çıxarılmaları üçün kompensasiya ödəməyi təklif etmiş və həmin məbləği könüllü formada 10800 manat olaraq müəyyən etmişdir. Halbuki iddiaçı qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək heç bir ödəniş təklif etmədən də cavabdehlərin mənzildən çıxarılmasını tələb etməyə haqlı olardı.

51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin kompensasiya məbləğinin ədalətli olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, həmin kompensasiyanın ödənilməsi üçün, ümumiyyətlə, hansısa qanuni və hüquqi əsasın olmaması səbəbindən təmin edilə bilməz.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3627/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar